Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2145/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fazıl Ullahın cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2145/2023 (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3194/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1995-ci ildə Pakistan İslam Respublikasının Xayber-Paxtunxva vilayəti, Lover Dir şəhəri, Toormang kəndində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır;
2. İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir;
3. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli İQ-21/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir;
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Fazıl Ullah cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 sentyabr 2022-ci il tarixli DMX İQ-21/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qansunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı 13 iyun 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Pakistan vətəndaşı və Khyber Pakhtunkhwa vilayətinin Mardan şəhərinin sakinidir. Etnik mənsubiyyətinə görə Puştdur. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. Ərizəçi 28 yaşlı kişi cinsinə aid Pakistan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Pəncabidi. Ərizəçi evlidir. O sünni təriqətinin üzvüdür. Ərizəçi X8 tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Ərizəçinin sözlərinə görə o, uzun müddətdir Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. O, 2022-cu ildən Pakistanı tərk etmişdir. 13 iyun 2022-ci il ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki. təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 12 sentyabr 2022-ci ildə DMX İQ-21/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil.
6. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı 13 iyun 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 46-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı X4 vilayətinin Lower Dir şəhəri yaxınlığında Toormang kəndində anadan olduğunu, milliyyətcə puştun, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Lower Dir şəhər orta məktəbində 10 il, Peşavar şəhərində Quaid-Azam Degree kollecində 3 il oxuduğunu, X7-də 4 il mühəndislik ixtisası üzrə natamam təhsil aldığını, müxtəlif kurslara getdiyini qeyd etmişdir. O, 2013-2021-ci illər ərzində Peşavar və Quetta şəhərlərində müxtəlif radiostansiyalarda işlədiyini, maarifləndirici proqramlarda aparıcılıq etdiyini bildirmişdir. X11 adlı qadınla 17 iyul 2021 -ci il tarixdə rəsmi nikah bağladığını, nikahlarının məhkəmə qaydasında qeydə alındığını, özünün və arvadının qohumlarının bu evliliyə narazı olduqlarını, onu hədələdiklərini, bundan əlavə ictimai fəaliyyətlə məşğul olmasının ailə üzvləri və tayfası tərəfindən yaxşı qarşılanmadığını və bu səbəbdən də onu təqib etdiklərini bildirərək xx.xx.2022-ci il tarixdə ölkəni tərk edərək, əvvəl Dubaya, sonra isə xx.xx.2022-ci il tarixdə Azərbaycana gəldiyini qeyd etmişdir. Azərbaycanda olduğu müddətdə iki dəfə müvəqqəti yaşama icazəsi almaq üçün müraciət etdiyini, burada öz işini qurmaq istədiyini, lakin müraciətinin rədd edildiyini bildirmişdir. O, Azərbaycana gəldikdən sonra tanımadığı 2 şəxsin onları hosteldən çıxararaq başqa bir yerə apardıqlarını, 4 gün orada girov saxladıqdan sonra Pakistan Səfirliyinin köməkliyi ilə azad buraxıldıqlarını qeyd etmişdir. Müsahibə zamanı Fazl Üllah onun ictimai fəaliyyətlə məşğul olmasının ailəsi və icma üzvləri tərəfindən yaxşı qarşılanmadığını və bu səbəbdən də onu təqib etdiklərini bildirsə də, konkret olaraq necə təqib olunmasını izah edə bilməmiş, təqiblə bağlı əsaslı dəlillər gətirməmiş, ümumi ifadələrlə kifayətlənmişdir. Digər tərəfdən o, özünün Pakistanda təqib olunmasının ikinci səbəbi kimi Nazish Saddique ilə məhkəmə yolu ilə evlənməsini qeyd etsə də, ərizəçinin izahatından məlum olmuşdur ki, məhz bu evlilikdən sonra ona və arvadına qarşı təhdidlər artmış, o və arvadı Pakistanı tərk edib Azərbaycana gəlmişlər. İddiaçı ifadələrindən aydın olur ki, özünün qeyd etdiyi kimi ictimai fəaliyyətinə görə ona qarşı əsaslı təhdidlər mövcud olmasına baxmayaraq o, uzun müddət (2013-2022) Pakistanda qalıb işləmiş, məhz evliliyi səbəbindən həm özünün, həm də arvadının ailə üzvləri tərəfindən ona qarşı təhdidlərin başlaması onu və arvadını ölkələrini tərk etməyə məcbur etmişdir. Buradan isə belə bir nəticəyə gəlmək olur ki, İddiaçı təqib olunmasının əsas səbəbi onun ictimai fəaliyyəti ilə deyil, sırf məişət məsələsi-valideynlərinin icazəsi olmadan evliliyi ilə bağlıdır. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır.Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir.
7. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3194/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır.
11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
12. 24. Birinci instansiya məhkəməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 419 saylı Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-3194/2023 nömrəli qərarının ləğv edilməsi, cavabdeh Dövlət Miqrasiya Xidmətinin 12 sentyabr 2022-ci ildə DMX İQ-21/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı Fazil Ullah-a qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DMX-nın qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nın qərarında aşağıdakı fundamental səhvlərə yol verilib. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin dini etiqadına görə uzun müddət Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnərək təqib edilməsi və həmin vaxtdan X8 (dini radikallar) tərəfindən tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxması, eləcə də ictimai fəaliyyətlə məşğul olmasına görə təqib edilməsi və riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. İş üzrə mühüm fakt ərizəçinin dini etiqadı ilə bağlı Pakistanda hakimiyyət dairələri tərəfindən dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxması və ictimai fəlaiyyətlə məşğul olmasına görə onun təqib edilməsidir. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlarıdır. Ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. DMX iddia üçün əsas ola bilən aşağıdakı elementləri təhlil etməyib. Pakistana qayıdacağı təqdirdə ərizəçinin həyat və sağlamlığından məhrum olması risk altındadır. Beləliklə,Pakistana qayıdacağı təqdirdə ərizəçi və ailə üzvlərinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən Pakistan höküməti və X6.X9, Pakistanda ən radikal siyasi partiyadır. Ərizəçi əvvəllər həm hakimiyyət nümuayəndələri tərəfindən, Azərbaycan Respublikasına gələnədək həm də ən radikal siyasi partiya olan X9 tərəfindən təqib edilib. Eləcə də, mənşə ölkəsi barədə bəlli olan faktlara əsasən dini zəmində törədilən cinayətlər mövcuddur. Həm də sonu ölümlə nəticələnən faktlar kifayət qədərdir. Pakistanın rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir, buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. İddiaçı dini mənsubiyyətinə (sünni) və ictimai fəaliyyətlə məşğul olmasına görə əsaslı təqiblərə məruz qalan və buna görə də vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilməyən şəxsdir. Göstərilənlərə əsasən ərizəçiyə qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. DMX ərizəçinin qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də DMX-nın qərarı əsaslandırılmayıb. Birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırıb.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı Fazıl Ullah və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: . 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. . 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
20. Qaçqın statusunun verilməsi haqqında məsələlər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: -1-ci maddəsinə əsasən qaçqın–Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; -10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; -10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; -13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
21. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: -preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir; -1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; -7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır;. Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23.Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1)..
26. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).
27. Belə ki, hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur:
28. İddiaçı xx.xx.1995-ci ildə Pakistan İslam Respublikasının XayberPaxtunxva vilayəti, Lover Dir şəhəri, Toormang kəndində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır.
29. İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və
30. xx.xx.2022-ci il tarixli İQ-21/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
31. İddiaçı hesab edir ki, Xidmət tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur.
32. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından Xidmət tərəfindən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanı verilməsinə əsas kimi aşağıdakılar qeyd olunmuşdur: İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir.
33. Məhkəmə Kollegiyası tərəfi dinləyərək, iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübutun Xidmətə təqdim olunması müəyyən olunmur.
34. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
35. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdeh inzibati orqan tərəfindən ona verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdeh inzibati orqanın İddiaçı qaçqın statusu verilməsindən imtina edərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur:
37. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməməsi ilə qanuna zidd olan və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara yol verilməmiş, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsaslar müəyyən edilməmişdir.
39. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətində yuxarıda hüquqi qiymət verilən hallardan əlavə qeyd etmişdir ki, iddiaçının izahatları mötəbər hesab edilir.İddiaçıda təqibə məruz qalmasını yaradan qorxu hissinin aradan qalxmasına əsas verən hal yoxdur. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, ərizəçi Pakistana qayıdacağı təqdirdə ona və ailə üzvlərinə ziyan vurula bilər.
40. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulduğundan və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmadığından həmin dəllillər inzibati orqanın qərarının ləğv edilməsi və Fazıl Ullaha qaçqın statusu verilməsi yetərli deyildir.
41. Azərbaycanın Respubikasının qoşulduğu BMT-nin “Qaçqınların statusu” haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən “qaçqın” dedikdə 1951-ci il yanvarın 1- dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir.
42. 1967-ci il Protokolunun İ maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər.Həmin maddənin 2-ci bəndinə əsasən “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur.
43. Konvensiyanın 42-ci maddəsinə əsasən, əgər ərizəçi mənşəcə mənsub olduğu ölkədə davamlı qalmasının tərifdə göstərilən səbəblərə görə dözülməz olduğunu, yaxud geri qayıdacağı halda həmin səbəbdən ağlabatan dəlillərin köməyi ilə sübut edə bilirsə, onun ehtiyatları tam əsaslı sayılır.....
44. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 11)
45. “İnandırıcılıq kefyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüs mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir:1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq. (Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33-cü səhifələr)....
46. Məhkəmə Kollegiyası nəzərə alır ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir
47. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 sentyabr 2022-ci il tarixli DMX İQ-21/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qansunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı 13 iyun 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsinə iddia təmin edilməməlidir.
48. Beləlikə, də Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-3194/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-3194/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.