Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2145/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinovdan və X15 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2707/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 503-13-46/2-m-36463 saylı imtinasının əsassız hesab edilərək X1, X3, X2 və X9 onlara orderlə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 119, mənzil 27-dən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdirlər. Bakı İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, X5, X11, X6 və X13 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil order əsasında iddiaçılara məxsusdur. 3-cü şəxslər bu günədək qeydiyyatdan çıxmamışlar. Həmin şəxslərin qeydiyyatlarının əsassız olmasını dəfələrlə bildirsələr də, heç bir tədbir görülməmişdir. İddiaçılar hazırkı tələb ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən iddiaçıların müraciətlərindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2707/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların evə məxsus orderi vardır. Onlar həmin bu orderə istinad edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını bildirirlər. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsi, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini, 1-ci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş digər üçüncü şəxslər və cavabdeh məhkəmə iclasına gəlməmişlər, onların iştirakı olmadan baxılmağını xahiş etmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslər və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2707/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hazırda mübahisəli mənzilə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün onların qanun çərçivəsində hüquqlarının müdafiəsinə yol verilə bilməz. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçılar və cavabdehlər arasında qohumluq əlaqələri mövcuddur. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş məhkəmə qətnaməsindən də görünür ki, hazırkı iş üzrə iddiaçıların üçüncü şəxslərin mübahisəli mənzilə dair “yaşayış sahəsindən köçürülməklə qeydiyyatdan çıxarılmaları” barədə iddiaları təmin edilməmişdir. Əvvəllər mülki qaydada eyni mübahisəyə baxılmış və qəbul edilmişyekun qərar qanuni qüvvədədir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1269 saylı, 31 mart 2015-ci il tarixli Qərarından görünür ki, Binəqədi rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 vvə qeyrilərinin cavabdeh Məmmədova Gülağa Gülbala oğluna və qeyrilərinə qarşı orderlə qeydiyyatda olduğu ünvana köçürülmə barədə ilkin iddia tələbi qismən təmin edilərək ilkin iddiaçılar İddiaçı1 Güllbala qızının, onun azyaşlı oğlu X21, İddiaçı2 və onun azyaşlı uşaqları X14 və X7 Bakı şəhəri, 9 mikrorayon, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 27 saylı mənzilinə köçürülmələri qət edilmiş, X4 və qeyrisinin İddiaçı1 və qeyrisinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)6108/2024 saylı, 30 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1269 saylı, 31 mart 2015-ci il tarixli Qərarı ilə cavabdeh X4 və Məmmədova Xeyrənsə Gülağa qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 6108/2024 saylı, 30 oktyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3795/16 saylı, 05 sentybar 2016-cı il tarixli Qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Məmmədova Xeyrənsə Gülağa qızma, X12, X10 və Məmmədova (Yahyayeva) Pakizər Ağabala qızma qarşı "cavabdehlərin yaşayış sahəsindən köçürülməklə qeydiyyatdan çıxarılmaları və əmlakların qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MKnın 04 fevral 2016-cı il tarixli qətnaməsi ilə (İş № 2(103)-765/2016) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3795/16 saylı, 05 sentybar 2016-cı il tarixli Qərarına əsasən İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)765/2016 saylı, 04 fevral 2016cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, məhkəmə araşdırması zamanı qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçıların mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olması sübuta yetirilməmişdir. Əksinə məhkəmə qətnamələri ilə sözügedən şəxslərin mübahisəli mənzildən bərabər istifadə etmək ixtiyarları yarandığı, etibarlı ailə münasibətlərində olan ailə üzvlərinin bu mənzildən bərabər şəkildə istifadə hüquqları mövcud olduğu qeyd edilmişdir. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmış, iddiaya mahiyyəti üzrə baxmayaraq, iddianı mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2707/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2707/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İkram Şirinov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2145/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2145/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver