Məhkəmə qərarları › İş №2-1(103)-2146/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2146/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2146/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10-a dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10 üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi (istismara qəbul aktı) İdarəyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddinan rədd olunmasına dair yeni qərar cıxarılmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, sözügedən ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının istismara qəbul edilməsinə dair məlumat Komitədə yoxdur. Eyni zamanda bildirilmişdir ki, müvafiq yaşayış binasının istismara hazır olması barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən müsbət rəy Komitəyə təqdim edilmədiyindən sözügedən yaşayış binası “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanın icrası çərçivəsində istismara qəbul edilməmişdir. - ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının tikintisinə və istismarına dair sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazi tikinti-planlaşdırma mərkəzi tərəfindən "xxxx" MTK-ya məxsus yaşayış binasının tikintisinə dair Mərkəzin arxivində olan sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Qeyd edilən sənədlərə əsasən müəyyən olunur ki: Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinə dair xx.xx.2015-ci il tarixli № 088 xüsusi nişan verilmişdir. Həmin sənəddən görünür ki: - Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 945 saylı məhəllədə yaşayış binasının /18 mərtəbəli (+texmərtəbə) 2 girişli (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirəmi mərtəbəsi yeraltı avtodayanacaq və texniki sahə) tikintisinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 sentyabr 2003-cü il tarixli, 466 saylı sərəncam (bənd 5), 13 fevral 2015-ci il tarixli, 51 saylı və 14 yanvar 2015-ci il tarixli 13 saylı sərəncamlar verilmişdir; - Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Memarlı və Şəhərsalma Baş İdarəsinin 20 oktyabr 2014-cü il tarixli 18/04-427 saylı məktubu ilə razılaşdırılmışdır. - Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza İdarəsinin 09 dekabr 2014-cü il tarixli, 25/240-03054 saylı məktubu və 8 dekabr 2014-cü il tarixli, 19273 saylı rəyi ilə tikinti layihəsi üzrə müsbət rəy verilmişdir. İşdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 945 saylı məhəllədə yaşayış binasının layihə sənədləri təsdiq olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən bildirilmişdir ki, Nərimanov rayonu X10 küçəsi, 945-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 466 nömrəli 18 sentyabr 2003-cü il tarixli Sərəncamı ilə “X7” MMCyə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icarə əsasında torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində “X8” MMC tərəfindən 3 girişli 8 mərtəbəli binalar Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl inşa edilmiş və bu səbəbdən onların tikintisinə dövlət nəzarəti tərəfimizdən həyata keçirilməmişdir. Qeyd olunan binalar istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona məxsus olan mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “... iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X13 Məhkəməsinin presedent hüququna uyğundur. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.” “Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.” Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən müvafiq mənzillərin yerləşdiyi yaşayış binasının istismara qəbul aktı olmaması səbəbindən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz olmasına dair cavabdehin apelyasiya şikayətinin dəlillərinin əsaslı hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: - 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilən qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan Sənədlərin Siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı; obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. 01 yanvar 2013-cü il tarixədək qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Qanunun: - 1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ-hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. - 12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. - 17-ci maddəsinə görə şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə hüquqi və fiziki şəxslərin vəzifələridir. - 19-cu maddəsinə görə şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. - 25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “”Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 30 avqust 1999-cu il tarixli 187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, Respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq tikinti-xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyələrinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1-3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin, Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X4 Görülməsi və X5 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitargigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. 2013-cü il yanvarın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. - 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. - 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Sadalanan normaların təhlilindən müəyyən olunur ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Hazırki halda iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binası olmaqla binanın istismara qəbul aktı (istismara icazəsi) yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarda qeyd edilənlərə əsasən məhkəmə kollegiyasnın qənaəti ondan ibarətdir ki, cavabdeh inzibati orqan mənzilin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismara qəbul aktını tələb etməkdə haqlı olmaqla iddiaçı tərəfındən cavabdeh inzibati orqana müvafiq mənzilə dair yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinası qanunvericiliyin müddəalarına uyğun olub, qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar