Məhkəmə qərarları › İş №2-1(103)-2146/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2146/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2146/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2146/2023 (Açar sözlər: “əlilliyin təyinat tarixinin dəyişdirilməsi”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. AA seriyalı 435264 №li məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Qaradağ rayonunda məskunlaşmışdır.

3. İş materiallarında olan TSEK müayinələrinin nəticələrindən müəyyən olunur ki, iddiaçıya: - Bakı 4 saylı şəhər poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir; - Bakı 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişiklik nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir; - Bakı 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsidə qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - Şuşa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında “İxtisaslaşdırılmış stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. - Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və 20 yanvar 2022-ci il tarixdən “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2, İ20-İ25,.... ” səbəbi ilə müddətsiz İİ dərəcə əlillik dərəcəsi təyin olunmuşdur..

4. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq Agentlik tərəfindən verilmiş: - xx.xx.2022-ci il tarixli **********5 №li cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti 39 nömrəli Şəhər xəstəxanasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbdən müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edlmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nətiəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Ona dair yeni təyinat tarixi ilə əlilliyin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyil. - xx.xx.2022-ci il tarixli **********2 №li cavab məktubunda göstərilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinə Agentlikdə baxılmışdır. Ona xx.xx.2022-ci il tarixindən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir.

5. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Agentliyin imtinasının əsassız hesab edilərək, ona xx.xx.2022-ci il tarixdən təyin olunmuş əlilliyin dəyişdirilərək əlilliyin müəyyən olunması tarixinin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Agentliyin imtinasının əsassız hesab edilərək, xx.xx.2022-ci il tarixdən dəyişdirilərək xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Agentliyin imtinasının əsassız hesab edilərək, ona xx.xx.2022-ci il tarixdən təyin olunmuş əlilliyin dəyişdirilərək əlilliyin müəyyən olunması tarixinin xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2-ci qrup əlil kimi pensiya alırdı. Əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyinə görə ona pensiya verilməsi xx.xx.2021- ci il tarixdən dayandırılmışdır. Əlillik vəziyyətinin yenidən qiymətləndirildikdən sonra xx.xx.2022-ci il tarixdən əlilliyi müəyyən edilmiş və ömürlük 2-ci qrup əlil hesab olunmuşdur. 2022-ci ilin fevral ayından 2-ci qrup əlil kimi ömürlük pensiya almağa başlamışdır. Lakin xx.xx.2021-c il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddətə görə ona pensiya verilməyib. Ona pensiya ödənilməyən müddətin, yəni 8 ayın pensiyasının verilməsini dəfələrlə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh imtinasını “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə istinad edilməklə, əlilliyinin 6 ay müddətində təkrar qiymətləndirilməməsini əsas götürərək buraxılmış müddətə görə ona pensiya verilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, əlillik müddəti bitdikdən dərhal sonra Forma 088 almaq üçün ərazi tibb müəssisəsinə dəfələrlə müraciət etmişdir. Həmin tibb müəssisəsi Qaradağ rayonu ərazisində yerləşirdi, hər dəfə əlillik müddətinin bərpa edilməsi üçün müraciət etdikdə müxtəlif bəhanələrlə ona sənəd verməkdən imtina etmişlər. Bəhanələrini gah ürək həkiminin səbəblərdən olmamaları ilə əsaslandırmışlar. Şuşa rayon poliklinikasının kardioloq həkimi xx.xx.2021-ci il tarixdə Forma 088-i Mərkəzi HƏEK-ya göndərmişdir. Həmin Forma 088-ə cavab olaraq 08 iyun 2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması bildirilmişdir. 2021-ci ilin may ayında Şuşa poliklinikasının həkim komissiyası ləğv edilmişdir. Bundan sonra o, Lökbatanda olan 19 saylı poliklinikaya göndərilmişdir. Orada ürək həkimi məzuniyyətdə olduğuna görə Forma 088-i sistemə vurmamışlar. Sonra 1 №li Dost Mərkəzində həkim komissiyasından keçmişdir. Orada ona 1 (bir) ay müddətində əlilliyi barədə sənədin gələcəyi bildirilmiş, lakin 2 gün sonra yenə imtina gəlmişdir. Mərkəzi HƏEK-da müayinədən keçmişdir. Bundan sonra kordioloji xəstəxanada müalicə almışdır.

9. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 4 saylı şəhər poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri=>İ20- Stenikardiyası (döş inağı)=İ20.8-Stenokardiyanın digər formaları; Dianozun mətni: UİX: Stabil gərginlik stenokardiyası İİİfs, İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xyi İİİ mərhələ. Şəkərli diabet İİ tip orta ağırlıqda. ÜÇ İİİ fs; Meyar: 2.2. İkinci dərəcə əlillik =>2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri=> İ20-İ25- Ürəyin işemik xəstəlikləri=>İ20-Stenokardiya (döş inağı)=İ20.8-Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX: stabil gərginlik stenokardiyası İİİ fs. İnfarktdan sonrakı kardioskleroz (2008) Hipertoniya xəstəliyi İİİ mərhələ. Şəkərli diabet İİ tip orta ağır forma. Xr kalkulyoz xolesistit. ÜÇ İİ fs; Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişiklik nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri=> İ20-İ25-Ürəyin işemik xəstəlikləri=>İ20-Stenokardiya (döş inağı)=İ20.8- Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX: stabil gərginlik stenokardiyası İİİ fs. İnfarktdan sonrakı kardioskleroz (2008) Hipertoniya xəstəliyi İİİ mərhələ. Şəkərli diabet İİ tip orta ağır forma. Xr kalkulyoz xolesistit. ÜÇ İİ fs; Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: İX Sinif – Qan dövranı sistemi xətəlikləri=>120-125- Ürəyin işemik xəstəlikləri=>120 – Stenorkadiya (döş inağı) => 120.8 –Stenokardiyanı digər formaları; Diaqnozun mətni: UİX: Stabil gərginlik stenokardiyası İİİ fs. İnfarktdan sonrakı kardioskleroz (2008) Hipertoniya xyi İİİ mərh. Şəkərli iabe İİ tip orta ağır forma. Xr karkulyoz xolesitit; Meyar: 2.2 İkinci dərəcə əlillik=>2.2.1 Ürək qapaqlarının qüsurları və ya mokardda baş vermiş dəyişikliklər nəticəsidə qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şuşa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri=>20-125-Ürəyin işemik xəstəlikləri=>120-Stenokardiya (döş inağı)=>120.0- Qeyri-Stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stail stenokardiya Şiddətlənən stenokardiya, İİİ FS); Mərkəzə göndərilmənin /imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Son illərdə xəstənin stasionar müalicəsi yoxdur. İxtisaslaşdırılmış stasionar müalicəyə ehtiyacı var.” səbəbi ilə imtina verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik; “X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri=>120-125 – Ürəyin işemik xəstəlikləri=>125- Ürəyin xroniki işemik xəstəliyi =>125.1 – Ürəyin aterosklerotik xəstəliyi; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin xroniki işemik xəstəliyi. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəlik (-yi), Arterial Hipertenziya İİİ dərəcə, çox yüksək risk ilə Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, Posfinfarkt kardioskleroz (xx.xx.2008) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası İİİ F.S; Meyar: 2.2 İkinci dərəcə əlillik =>2.2.1 ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2, İ20-İ25,.... səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.”” İddiaçı əlillik müddəti 10 aprel 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 20 yanvar 2022-ci il tarixdən, yəni təxminən 9 ay sonra təyin edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur.

10. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı xx.xx.2022-ci il tarixdən təyin olunmuş ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlilliyin tarixinin dəyişdirilərək xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə şəxsin (hazırki halda iddiaçının) əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırki halda xx.xx.2021-ci) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi.

14. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə göndərilmiş göndəriş əsasında “İxtisaslaşdırılmış stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra isə xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılaraq eyni diaqnozla 20 yanvar 2022-ci il tarixdən İİ dərəcə əlillik dərəcəsi təyin olunmuş və bununla da iddiaçı xx.xx.2021-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sosial təminat almaq hüququ pozulmuşdur.

15. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 4 saylı şəhər poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri=>İ20-Stenikardiyası (döş inağı)=İ20.8-Stenokardiyanın digər formaları; Dianozun mətni: UİX: Stabil gərginlik stenokardiyası İİİfs, İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xyi İİİ mərhələ. Şəkərli diabet İİ tip orta ağırlıqda. ÜÇ İİİ fs; Meyar: 2.2. İkinci dərəcə əlillik =>2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri=> İ20-İ25- Ürəyin işemik xəstəlikləri=>İ20-Stenokardiya (döş inağı)=İ20.8-Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX: stabil gərginlik stenokardiyası İİİ fs. İnfarktdan sonrakı kardioskleroz (2008) Hipertoniya xəstəliyi İİİ mərhələ. Şəkərli diabet İİ tip orta ağır forma. Xr kalkulyoz xolesistit. ÜÇ İİ fs; Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişiklik nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri=> İ20-İ25-Ürəyin işemik xəstəlikləri=>İ20-Stenokardiya (döş inağı)=İ20.8- Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX: stabil gərginlik stenokardiyası İİİ fs. İnfarktdan sonrakı kardioskleroz (2008) Hipertoniya xəstəliyi İİİ mərhələ. Şəkərli diabet İİ tip orta ağır forma. Xr kalkulyoz xolesistit. ÜÇ İİ fs; Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. İddiaçı, İddiaçı əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2023, saylı 13 may 2022-ci il tarixli qərarı ləğv edilməlidir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı (mülahizə) etiraz daxil olmamışdır. c) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

21. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iclas barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz

23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:

11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin:

1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın:

2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. – 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (Əlilliyin təyin olunmasından imtina olunduğu və əlilliyin bərpa olunduğu xx.xx.2021-ci ilxx.xx.2022-ci il dövründə qüvvədə olmuşdur): 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir 2.2-ci bəndinə göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın:

1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir.

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1 İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, məcburetmə haqqında hazırkı iddianın qaldırılması üçün onun subyektiv hüququ olmuş, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir.

33. İddianın əsaslılığına gəldikdə isə işin hallarından müəyyən olunur ki, iddiaçıya elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsidə qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin olunmuş, həmin müddətin bitməsi ilə əlaqədar Şuşa rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli göndəriş əsasında “İxtisaslaşdırılmış stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

34. Hazırkı işin hallarından o da müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını ilk öncə mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və 20 yanvar 2022-ci il tarixdən “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13- İ13.2, İ20- İ25,.... ” səbəbi ilə ona müddətsiz İİ dərəcə əlillik dərəcəsi təyin olunmuşdur, hansı ki, istinad olunan qanunvericiliyin tələbləri baxımından şəxsin (hazırki halda iddiaçının) əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırki halda xx.xx.2021-ci) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi.

35. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur.

36. Məhkəmə Kollegiyası qeyd qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır.

37. Qanunvericiliyin tələbinə əsasən şəxsin sonradan xx.xx.2022-ci il tarixli göndəriş əsasında təkrar baxılaraq eyni diaqnozla 20 yanvar 2022-ci il tarixdən İİ dərəcə əlillik dərəcəsi təyin olunaraq iddiaçının xx.xx.2021-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sosial təminat almaq hüququ pozulmuşdur.

38. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

39. Cavabdeh inzibati orqanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə istinadən iddiaçıya əlilliyin yeni təyinatının tarixi ilə əlilliyin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyi üçün müraciətinin təmin olunmasının mümkün olmaması barədə dəlilinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qanunun qeyd olunan maddəsi 02 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar göndəriş həmin Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl yəni xx.xx.2021-ci il tarixdə göndərilmişdir.

40. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

41. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

42. Belə olan halda məhkəmənin qənaətinə görə xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin redaksiyası iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin Qanunun tələbləri hazırki halda ona tətbiq oluna bilməz.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçının tələbini əsaslandırdığı sübutları təkzib etmək üçün yetərli deyildir.

44. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiası əsaslıdır, odur ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

45. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar