Məhkəmə qərarları › İş №2-1(103)-2147/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2147/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2147/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın və protokolun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2- 1(112)-4673/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 08.09.2020-ci il tarixli **********1 saylı qərar və həmin qərar əsasında tərtib edilmiş **********1 saylı 27 noyabr 2020-ci il tarixli protokolun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək İddiaçı iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadının ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya göstərilən məbləğdə vergi borcunun dövlət büdcəsinə ödənilməsinə dair bildirişin gəlməsindən ümumiyyətlə məlumatsız olmuşdur. Bildirişin varlığı barədə işin araşdırılması zamanı ona məlum olmuşdur. Hətta, bildirişin varlığından 01.02.2021-ci il tarixdə ölkə ərazisini tərk edərkən hava limanında ona vergi borcunun olması səbəbiylə ölkə ərazisini tərk etmə məhdudiyyəti qoyularkən xəbardar olmuş və iddia tələbi ilə 26.02.2021-ci il tarixdə, yəni ona məlum olduğu vaxtdan 25 gün sonra məhkəməyə müraciət etmişdir. Beləliklə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirilməsi şərti cavabdehin iddia etdiyinin əksinə qorunmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehon nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan; - Vergi borcunun ödənilməsinə dair 21.07.2020-ci il tarixli **********5 saylı Bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı 21.07.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 367.849,08 manat, o cümlədən vergilər üzrə 280.830,46 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 87.018,62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. - Bakı şəhəri LGBİ-nin 08.09.2020-ci il tarixli **********1 saylı qərarı ilə İddiaçı məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. Bakı şəhəri LGBİ-nin 03.11.2020-ci il tarixli **********569300 saylı qərarı ilə 08.09.2020-ci il tarixli **********1 saylı qərarına dəyişikliklər edilməsi qərara alınmışdır. - Bakı şəhəri LGBİ-nin 27 noyabr 2020-ci il tarixli **********1 saylı protokolu ilə 08.09.2020-ci il tarixli **********1 saylı qərara əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə Alı Mustafayev küçəsində yerləşən ünvanda əmlakların siyahıya alınması həyata keçirilmişdir. İddiaçı məxsus 405.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. İddiaçı protoklu imzalamaqdan imtina etmişdir. - Bakı şəhəri LGBİ-nin Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında 27.11.2020-ci il tarixli aktından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr., 3018-ci məhəllə Ali Mustafayev küçəsində yerləşən yaşayış binasında əmlakın siyahıya alınması barədə aktı qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona məlum olunduğu müddətdən 5 (beş) ay 23 (iyirmi üç) gün, protokolun təqdim məlum olduğu müddətdən isə 3 (üç) ay 4 (dörd) gün keçdikdən sonra, yəni 01.03.2021-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarında olan 27.11.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, 08.09.2020-ci il tarixli, **********1 nömrəli qərarın icrası məqsədilə İddiaçı ilə ona məxsus ********** nömrəsi ilə əlaqə saxlanılmışdır. Lakin iddiaçı əmlakın siyahıya alınması prosesində iştirak etməkdən, protokol, siyahı və siyahıya alınmış əmlakın məsul saxlamaya təhvil verilməsinə dair aktı imzalamaqdan imtina etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı qərarın və protokolun mövcud olmasından ən azı 27.11.2020-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı 26.02.2021-ci il tarixdə iddia ərizəsini sürətli poçt xidmətinə təqdim etmişdir. Baxılan mübahisələndirmə haqqında iddiaya dair ərizə inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəmə təqdim olunmadığından iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar