Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2148/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin onun 24.10.2020-ci il tarixli ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin onun 24.10.2020-ci il tarixli ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3206/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. EZ seriyalı ******* saylı 15.09.2020-ci il tarixli hərbi biletdən görünür ki, o, 05.08.1984-cü il tarixdə hərbi hissəyə göndərilmiş və 22.07.2020-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 42.0.2-ci maddəsinə və 164-cü maddəsinə əsasən hərbi xidmətdən (xəstəliyə görə) istefaya buraxılmış, bu zaman ona hərbi geyim forması daşımaq hüququ verilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 036 t saylı 22 iyun 2010-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0187 t saylı 25 iyun 2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmuşdur. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2015 saylı 15 may 2015-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun haqqında həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilməsi qərara alınmışdır. Bakı Hərbi Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 15 may 2015-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun üzərindən götürülməsi qərara alınmışdır. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında AR Prezidentinin 569 saylı 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi ilə bağlı ərizə ilə 24.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nzirliyinə müraciət etmiş, Maliyyə Nazirliyinin 11/05-195-5427 saylı 06 noyabr 2020-ci il tarixli məktubu ilə müraciəti araşdırılmaq üçün AR Müdafiə Nazirliyinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı müraciətinin cavabdeh orqan tərəfindən baxılmamasından narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, 20.08.1993-cü ildən 22.07.2020-ci il tarixədək 27 təqvim ili Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. Lakin hərbi xidmət dövründə yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. Mənzillə təmin olunma hüququnu ona Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanı verir. Bu Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi xahişi ilə 24.10.2020-ci il tarixdə cavabdehə və 3-cü şəxsə ərizə ilə müraciət etmişdir. 3-cü şəxs (AR Maliyyə Nazirliyi) müraciətini cavablandırsa da, AR Müdafiə Nazirliyi hazırki vaxtadək ərizəni cavablandırmamış və cavablandırılmamasının səbəbləri barədə ona heç bir məlumat verməmişdir. Onun mənzil növbəsinə götürülməsi ilə bağlı kifayət qədər əsaslar mövcuddur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alınarsa iddiaçını bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun deyildir. Səbəb də odur ki, iddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 15.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3206/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. İddiaçının xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması onun xidmətinin qüsürsüz olmadığına dəlalət edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı 24.10.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən həmin müraciətə münasibətdə hər hansı hərəkətin edilməsi müəyyən olunmur. Ona görə də iddiaçı cavabdeh inzibati orqanın hərəkətsizliyindən 14.12.2020-ci il tarixdə məhkəməyə müraciət etməkdə prosessual cəhətdən haqlı olmuşdur. X1 Məcəllənin 8.1.3-ci maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu baxımdan da iddiaçının iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “cavabdehin onun 24.10.2020-ci il tarixli ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçının 25 təqvim ilindən çox xidmət etməsi işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisə iddiaçının məhz “qüsursuz” xidmətinin olması ilə bağlı yaranmışdır ki, buna əsas olaraq da cavabdeh tərəf iddiaçının xidmət dövründə məhkumluğunun olmasını göstərir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Bakı Hərbi Məhkəməsinin 15 may 2015-ci il tarixli 1(093)-7/2015 saylı hökmü ilə İddiaçı təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, bu cəzasının 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilməsi hökm edilmiş, lakin sonradan 11 iyul 2016-cı il tarixli məhkəmə qərarı ilə 15 may 2015-ci il tarixli hökmlə təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi məhkumluğun onun üzərindən götürülməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Əvvəla, Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 036 t saylı 22 iyun 2010-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə, həmçinin Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0187 t saylı 25 iyun 2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmuşdur. Adından və təltif edilmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur. Hazırki işdə iddiaçının məhkumluğu onun yuxarıda adı çəkilən təltiflərindən sonra yaransa da, Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, bundan sonra iddiaçı nəinki hərbi xidmətini davam etdirmiş, hətta ona 22.07.2020-ci ildə həqiqi hərbi xidmətdən istefaya buraxılarkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 42.0.2-ci maddəsinə və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxs kimi hərbi geyim forması daşımaq hüququ da verilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Göründüyü kimi, qanunverici ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququnu 20 il və artıq qüsursuz xidmət etmiş hərbi qulluqçulara vermişdir. Bununla bağlı Kollegiya hesab edir ki, iddiaçı yuxarıda adı çəkilən təltiflərdən başqa, məhkumluğunun olmasına (sonradan götürülmüşdür) baxmayaraq 22.07.2020-ci ildə həqiqi hərbi xidmətdən istefaya buraxılarkən ona hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxs kimi hərbi geyim forması daşımaq hüququ da verildiyi üçün sonuncu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanda qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid şəxs hesab olunur və buna görə də həmin Fərman iddiaçıya da şamil edilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, hərbi qulluqçunun hərbi xidmət dövründə məhkum edilməsi, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən öz xidmətini davam etdirməsi, hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün şərtləşdirilmiş “qüsursuz xidmət” anlayışına təsir etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul edilmir və həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın isə rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3206/2021 saylı 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2148/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2148/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver