Məhkəmə qərarları › İş №2-1(103)-2148/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2148/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2148/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin 2- 1(112)-6044/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçıların piket keçirilməsinə icazə verilməsinə dair inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçılar cavabdehə xx.xx.2021-ci il tarixli məktubla müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulmuş və "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 1-5-ci və digər müvafiq maddələri ilə verilmiş hüquqlardan istifadə edərək 11 yanvar 2022-ci il tarixdə saat 12:00-dan başlamaqla 13:00-dək "Uşaqların səhhəti dövlət nəzarətinə alınsın", "Hər bir uşağa 500 manat müavinət verilsin" şüarları ilə Bakı şəhəri "Nizami" metrostansiyası yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında, 50 nəfərin iştirakının gözlənildiyi piket keçiriləməsinə icazə verilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan sonuncu 7 yanvar 2022-ci il tarixli cavab məktubu ilə onların planlaşdırdığı piketin keçirilməsini məqsədəuyğun hesab etməmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmaqla, təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia tələbinin mümkünsüz hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə qanuni əsaslar olmadan işə mahiyyəti üzrə baxılmasından imtina etmiş, iddiaçıların məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. Məhkəmənin, cavabdeh inzibati orqanın toplantı keçirilməsinə icazə verilməsindən imtina olunması, müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatın mübahisə predmeti ola bilməz qənaətinə gəlməsi səhv nəticədir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi halda işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə riayət olunmaqla, yazılış formasına və s. riayət olunmaqla) daxilində, müvaiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlarını da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda məhkəmə icraatı mümkündür. Əks təqdirdə, İPM-in 35.3-cü maddəsinin tələbinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçı tərəfindən qaldırılan iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin iddiaçılara ünvanladığı 07 yanvar 2022-ci il tarixli iddiaçıların müraciətin ünvanladığı cavab məktubunda imtinanın əsası kimi qeyd olunmuşdur ki, “...koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş və bu müddət 1 mart 2022-ci il tarixinədək uzadılmışdır. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azerbaycan Respublikası Nazirlər Kabinetinin 336 nömrəli, 12 sentyabr 2020-ci il tarixli Qərarına əsasən respublika ərazisində xüsusi karantin rejimi müddətində bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılmışdır. Toplantı keçirilməsi haqqında müraciətinizə cavab olaraq bildirilir ki, müraciətiniz «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinin və 7-ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanları, eyni zamanda mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, Respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq, 11 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik...” Göründüyü kimi, iddiaçıların “toplantı keçirilməsi barədə” müraciəti ilə bağlı müraciətinə cavabdehin münasibəti ondan ibarət olmuşdur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin müddəti 1 mart 2022-ci il tarixinədək uzadıldığı qeyd olunaraq iddiaçıların diqqətinə çatdırılmışdır ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" 336 nömrəli, 12 sentyabr 2020-ci il tarixli Qərarına əsasən respublika ərazisində xüsusi karantin rejimi müddətində bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılmışdır. Belə olan halda, yəni, xüsusi karantin rejiminin 1 mart 2022-ci il tarixinə qədər uzadıldığı müddət ərzində Nazirlər Kabinetinin sözügedən Qərarına əsasən bütün kütləvi tədbirlərin keçirilməsi dayandırıldığı halda, iddiaçıların cavabdehə ünvanladığı müraciətinin inzibati icraatının mümkünlüyündən söhbət gedə bilməz. Çünki, sözügedən Qərarın qəbul edilməsi zərurəti də məhz, ondan irəli gəlmişdir ki, ölkə ərazisində pandemiyanın yayılmasının qarşısı alınsın, ölkə vətəndaşlarının sağlamılığının qorunması təmin olunsun. Cavabdeh də məhz, ərizəçilərə Nazirlər Kabinnetinin sözügedən Qərarına müvafiq olaraq, 50 nəfərin iştirakının gözlənildiyi piketin keçirilməsinə icazənin verilməsinin mümkünsüz olduğunu ərizəçilərin nəzərəinə çatdırılmışdır. Odur ki, iddiaçılar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin həyata keçirilməsinin dayandırıldığını bildiyi və ya bilməli olduğu halda, cavabdeh orqana Bakı şəhəri "Nizami" metrostansiyası yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında 11 yanvar 2022-ci il tarixdə, 50 nəfərin iştirakı ilə piket keçirilməsinə icazə verilməsi barədə müraciətinin inzibati icraatının mümkünlüyü istisna olunur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıların hazırkı iddia tələbi, İPM-in 35-ci maddəsinin qeyd olunan tələbi baxımından əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan iddiaçıların apellyasiya şikayətinin həmin qərardadın qanunazidd və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar