Məhkəmə qərarları › İş №2-1(103)-2148/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2148/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2148/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı ("xxxx" QSC-nin üçüncü şəxs qismində cəlb edildiyi) “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş idarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə borcuna görə qiyməti 6000 manat olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 24364,93 manat borcuna görə 6.000 manat dəyərində əmlakı – 2011-ci il buraxılış ili olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin dövlət büdcəsinə 6.000 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı (hakim A.Hüseynov) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 2- 1(112)-548/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında Baş İdarənin iddia tələbinin təmin edilməməsini DİN-nin Baş X4 İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna istinad etməklə “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh adına qeydiyyatda olmaqla, ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Səbail filialında girovda olması ilə əsaslandırmağa çalışmışdır. Bundan başqa, iddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesabına – dövlət büdcəsinə 24364,93 manat borcunun alınmasına dair 29 mart 2020-ci il tarixli Sərəncam göndərilmişdir. Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamların icrası təmin edilmədiyi üçün həmin sərəncamlar hələ də öz qüvvəsini saxlamaqdadır. Vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. Cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 6000 manat ödənilməmiş borcunun qalması Bakı İnzibati Məhkəməsinin qərarında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 6000 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 6000 manat məbləğində 2011-ci il buraxılış olan “VAZ 21154“ markalı (boz metallik rəngli, XTA211540B5057874 kuzov nömrəli) **-ND-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 6000 manat məbləğində siyahıya alınmş avtonəqliyyat vasitəsinin satılması hesabına ödənilməsini məqsədəmüvafiq hesab etməmiş və qeyd olunan borc məbləğinin dövlət büdcəsinə ödənilməməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi müdafiə marağı mövcud deyildir. Belə ki, iddiaçı hüquqi marağına və çatmaq istədiyi məqsədə VM-nin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur. Cavabdeh məxsus avtonəqliyyat vasitəsini məsul saxlamaya götürməkdən, eyni zamanda “Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə Aktı imzalamaqdan imtina etmişdir. Bununla da siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətindən yayınmağa cəhd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Tərəflər arasında yaranmış münasibət publik xarakterli olduğuna, iddiaçının inzibati orqan olaraq İnzibati icraat haqqında Qanunun tələblərindən çıxış edərək inzibati icraat aparması nəzərə alınaraq hazıki işə inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. -89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Lakin, işin araşdırılmış hallarından görünür ki, iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsiləri girov predmetidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli məktuba və ona əlavə edilmiş çıxarışa əsasən “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh adına qeydiyyatda olmaqla, ipoteka müqaviləsi əsasında "xxxx" ASCnin Səbail filialında girovdadır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC ilə "xxxx" ASC arasında problemli aktivlərin satın alınması barədə xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əlavə olaraq Cavabdeh ilə bağlanmış xx.xx.2012-ci il tarixli 1340 nömrəli kredit və ipoteka müqavilələrinə dair sənədlərin təhvil-təsliminə dair S- AVK-1608 nömrəli akt tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud iş üzrə siyahıya alınmış əmlakların girov predmeti olması səbəbilə onların vergi orqanının iddiası üzrə satışının həyata keçirilməsi və ya hər hansı formada özgəninkiləşdirilməsi qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.

273. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 284.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir götürə bilər. 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, girov predmeti yalnız girov saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçı tərəfindən aparılmış inzibati icraat zamanı belə bir razılığın alındığı müəyyən edilmir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2-1(112)- 548/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-548/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Nigar Nəbizadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar