Məhkəmə qərarları › İş №2-1(103)-2149/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2149/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2149/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 26.10.2000-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 26.10.2000-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3885/2021 saylı 19 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ***-*******-3219 saylı 01.05.2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı 28.02.1972-ci ildən 17.09.1973-cü ilədək Azərbaycan Respublikası daxili işlər orqanlarında işləmişdir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" törəmə ASC-nin 01/40 saylı 31.05.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı həmin zavodda işləmiş və müəssisənin arxiv fondunun materiallarında (əmr kitablarında) onun haqqında aşağıdakı qeydlər edilmişdir: 1. 16.06.1974-cü ildə Maliyyə-satış şöbəsində 04 dərəcə ilə nişanlayıcı peşəsinə işə qəbul edilib (əmr № 129/k 16.05.1974-cü il). 2. 06.06.1975-ci ildə Əmək Qanunla Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet ordusu sıralarına çağırışla əlaqədar işdən azad edilib (əmr № 155/k 04.06.1975-ci il). 3. 25.04.1977-ci ildə Maliyyə-satış şöbəsində 02 dərəcə ilə rəngsaz peşəsinə işə qəbul edilib (əmr № 65/k 25.04.1977-ci il). 2. 01.05.1977-ci il Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin “Q” bəndinə əsasən işdən azad edilib (əmr № 111/k 27.06.1977-ci il). Kirov rayon Hərbi komissarlığı tərəfindən verilmiş HZ seriyalı ******* saylı 13.10.1986-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 06.06.1975-ci il tarixdən 1977-ci il tarixədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. Bakı Rabitə Elektrotexnikumu tərəfindən verilmiş DT-İ seriyalı 752843 saylı 05.07.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1977-ci ildə həmin texnikuma daxil olmuş və 1981-ci ildə həmin texnikumu bitirmişdir. Azərbaycan Respublikası Milli X6 X8 X11 071/61-11 saylı 20 may 2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 30.07.1981-ci il tarixli 196 saylı əmrlə 01 avqust 1981ci ildən mühəndis vəzifəsinə qəbul olunmuş, 03.06.1982-ci il tarixli 99 №li əmrlə 03 iyun 1982-ci ildən digər vəzifəyə keçirilməsi ilə əlaqədar işdən azad olunmuş, 08.06.1982-ci il tarixli 250 №li əmrlə 04.06.1982-ci il tarixdən 22-ci şöbəyə ikinci dərəcəli elektrikquraşdırıcısı vəzifəsinə təyin olunmuş, 05.11.1982-ci il tarixli 518 №li əmrlə digər vəzifəyə keçirilməsi ilə əlaqədar 05.11.1982-ci ildən işdən azad olunmuş; 11.11.1982-ci il tarixli 216 №li əmrlə 05.11.1982-ci ildən quraşdırıcı vəzifəsinə təyin olunmuş və 24.09.1986-cı il tarixli 166 №li əmrə əsasən işdən azad olunmuşdur. 071/61-11 saylı 20 may 2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1981ci ildən 1986-ci ilədək əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nərimanov rayon Mühafizə İdarəsinin 244-28 saylı 14.06.2019-cu il tarixli arayışdan görünür ki, Hafizov X4 rayon Daxili İşlər şöbəsinin nəzdində mühafizə şöbəsində 16 iyun 1977-ci il tarixli 355 saylı ş/h üzrə əmrlə gözətçi vəzifəsinə qəbul edilmiş, 01 yanvar 1978-ci il tarixli 788 saylı ş/h üzrə əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 11.01.1982-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 19.08.1981-ci il tarixdə Azərbaycan Dövlət Flarmoniyasına elektrik işıqlandırıcısı vəzifəsinə qəbul edilmiş, 11.01.1982-ci ildə işdən azad edilmişdir (4 ay 22 gün). 01.03.1982-ci ildə Səməd Vurğun adına X12 “səhnə montajçısı” vəzifəsinə təyin edilmiş, 28.07.1982-ci ildə işdən azad edilmişdir (4 ay 27 gün); 01.05.1983-cü ildə 1 nömrəli İnternat məktəbinə fəhlə vəzifəsinə qəbul edilmiş, 16.01.1984-cü ildə işdən azad edilmişdir (8 ay 15 gün). 20.02.1984-cü ildə “Xəzər” Kinoteatrına rəssam-dekorçu vəzifəsinə qəbul edilmiş, 01.02.1986-ci ildə “Qələbə” Kinoteatrına rəssam tərtibatçı vəzifəsinə keçirilmiş, 02.03.1987-ci ildə “Pioner” Kinoteatrına rəssam vəzifəsinə qəbul edilmiş, 16.11.1987-ci ildə tutduğu vəzifədən azad edilmişdir (3 il 8 ay 26 gün). 01.01.1988-ci ildə “S.M.Kirov” adına Mədəniyyət Evinə rəssam-tərtibatçı vəzifəsinə qəbul edilmiş, 05.08.1988-ci ildə tutduğu vəzifədən azad edilmişdir (7 ay 4 gün); 27.08.1988-ci ildə “S.M.Kirov” adına Mədəniyyət Evinə rəssam tərtibatçı vəzifəsinə qəbul edilmiş, 03.10.1989-cu ildə işdən azad edilmişdir (1 il 1 ay 6 gün); 10.11.1989-cu ildə “Zaman-2” kiçik müəssisəsinə direktor vəzifəsinə təyin edilmiş, 01.01.1995-ci ildə tutduğu vəzifədən azad edilmişdir (5 il 1 ay 21 gün). 02.09.2007-ci ildə “Azər-TİT” məhdud məsuliyyətli cəmiyyətinə direktor vəzifəsinə təyin edilmiş, 05.10.2017ci il tarixdə işdən azad edilmişdir. 03.05.2019-cu il tarixdə "xxxx" İş Mərkəzi MMC-də Sabunçu rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. Pensiya altsitemindən çıxarışdan görünür ki, İddiaçı pensiya hüququnun 12.10.2021-ci il tarixdə yaranacağına baxmayaraq, o, 26.04.2020-ci il tarixdə yaşa görə pensiyaya çıxmışdır. İddiaçı ona pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********5 saylı 19.12.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 16 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (16 il 9 ay) sığorta kapitalı 12416.78 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 26.10.2000-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə doğulmuş, müxtəlif vəzifələrdə çalışmışdır. Əmək pensiyası almaq üçün müəyyən olunmuş yaş həddinə çatdıqdan sonra cavabdehə müraciət etdikdə, əsassız səbəblərdən ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən əmək stajı düzgün hesablamadan, təhsil aldığı müddəti, hərbi xidmətdə olduğu müddəti və bəzi iş stajları nəzərə alınmadan, əmək pensiyası almaq üçün ondan xüsusi hesaba əlavə olaraq 16.383,22 manat ödəmək tələb olunmuşdur ki, ona əmək pensiyası təyin olunsun. Təqdim olunmuş sübutlardan görünür ki, onun ümumilikdə 25 ildən artrıq əmək stajı vardır. Cavabdeh isə ona əmək pensiyası təyin etməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun “Azərbaycan Dövlət Filarmoniyası”nda işə daxil olduğu 19.08.1981-ci il tarixədək iş stajının olmadığı göstərilmişdir. Bu səbəbdən İddiaçı 1972-ci il tarixdən işlədiyini iddia etdiyi müddətlər sosial sığorta stajına daxil edilməmişdir. Bundan əlavə əmək kitabçasında işdən çıxarılma əmri göstərilmədiyi halda 02.03.1987-ci il tarixdə işə daxil olduğu qeyd olunmuşdur. Həmçinin İddiaçı 02.09.2007-ci il tarixdə "xxxx" MMC-də direktor vəzifəsinə təyin edilmiş, lakin həmin dövrlərdə, yəni 02.09.2007-ci il tarixdən 09.10.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Əmək kitabçasına əsasən iddiaçının 16 il 9 ay iş stajı, həmçinin 2 il hərbi xidmət dövrü və 4 il əyani aldığı müddət sosial sığorta stajına daxil edilsə də belə yaranan sığorta stajı 22 il 9 ay olduğundan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün yaşa görə əmək pensiyası təyin edilməmişdir. 22 il 9 ay sığorta stajına uyğun sığorta kapitalı 19165.97 azn təşkil edir. Həmçinin, Nazirliyin “X1 Sistemi”nin (MEİS) “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən İddiaçı 603.68 azn pensiya kapitalı mövcuddur. Ümumilikdə pensiya kapitalı 19796.65 AZN olmaqla tələb olunan 28.800 AZN sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200) AZN az olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3885/2021 saylı 19 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən iş tam araşdırılmadan qərar qəbul edilmiş və maddi hüquq normaları pozulmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək , iddiaçının pensiyaya çıxması üçün onun pensiya kapitalının kifayət qədər olmamasını, 2006-ci ildən əvvəlki dövrlə üzrə aparılmış ödənişlərin sistemdə görünmədiyini, iddiaçının pensiya hüququnun 20.04.2020-ci il tarixdən yarandığını bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 19.12.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 27.01.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi, “ona 26.10.2000-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun sığorta stajının və pensiya kapitalının olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi onun iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı təmin edərkən ona istinad etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında və arxiv arayışında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci mddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Hazırki işdə iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğu üçün yaşa görə pensiya hüququ 26.04.2020-ci ildən yaranır (bu tarix cavabdehin təqdim etdiyi Pensiya təyinatı Alt Sistemindən çıxarışda da qeyd olunmuşdur). İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədi, əmək kitabçasını və arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 06.06.1975-ci il tarixdən 1977-ci il tarixədək (1 il 10 ay 19 gün) hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Eyni zamanda iddiaçıya məxsus aldığı təhsil ilə bağlı verilmiş diplomdan görünür ki, İddiaçı 1977-ci ildə texnikuma daxil olmuş və 1981-ci ildə (təxminən 4 il) həmin texnikumu bitirmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Belə olan halda iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə təhsil müəssisəsindəki təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin və hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının və pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 11.01.1982-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə 19.08.1981-ci ildə başlamış və yuxarıda qeyd olunan müxtəlif peşələrdə işləmişdir. İddiaçının əmək kitabçasındakı məlumatlara əsasən ümumi stajı 19.08.1981-ci ildən 01.01.1995-ci ilə qədər işlədiyi müddət nəzərə alınmaqla cəmi 12 il 1 ay 1 gün təşkil edir. İddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən onun 28.02.1972-ci il tarixdən 17.09.1973-cü il tarixədək 1 il 6 ay 18 gün, 16.06.1974-cü il tarixdən 06.06.1975-ci il tarixədək 11 ay 20 gün, 25.04.1977-ci il tarixdən 01.05.1977-ci il tarixədək 5 gün, 16.06.1977-ci il tarixdən 01.01.1978-ci il tarixədək 6 ay 15 gün, 01.08.1981-ci il tarixdən 03.06.1982-ci il tarixədək 10 ay 2 gün, 04.06.1982-ci il tarixdən 05.11.1982-ci il tarixədək 5 ay, 05.11.1982-ci il tarixdən 24.09.1986-cı il tarixədək 3 il 10 ay 19 gün stajı vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, iddiaçının təqdim etdiyi əmək kitabçası və arxiv arayışları iş stajını təsdiq edən sənədlər kimi qəbul edilə bilər. Belə olan halda iş üzrə müəyyən olunur ki, iddiaçının arxiv arayışları təqdim etdiyi əmək fəaliyyəti ilə məşğul olduğu dövrün bir hissəsi, yəni 01.08.1981-ci ildən 24.09.1986cı il tarixədək (5 il 1 ay 21 gün) olan dövr iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərin bir hissəsi- 19.08.1981-ci ildən 24.09.1986-cı il tarixədək olan dövrlə üst-üstə düşür. Həmçinin iddiaçının arxiv arayışına əsasən işlədiyi 16.06.1977-ci il tarixdən 01.01.1978-ci il tarixədək olan dövr onun texnikumda təhsil aldığı 1977-1981-ci illərlə üstüstə düşür. Həmin stajlardan hər ikisinin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə zidd olduğundan Kollegiya hesab edir ki, onlardan yalnız biri nəzərə alına bilər. Lakin işə birinci instansiya qaydasında baxan məhkəmə hər iki- üst-üstə düşən dövrləri ayrı-ayrılıqda nəzərə alaraq iddiaçının 25 ildən artıq ümumi stajının olduğu qənaətinə gəlmişdir. Bununla bağlı qeyd olunur ki, iddiaçının arxiv arayışlarına əsasən işlədiyi 16.06.1977-ci il tarixdən 01.01.1978-ci il tarixədək və 01.08.1981-ci ildən 24.09.1986-cı ilədək işlədiyi dövrlər çıxılmaqla, 06.06.1975-ci ildən 1977-ci ilədək hərbi xidmət dövrü (1 il 10 ay 19 gün), 1977-1981-ci illər (4 il) təhsil aldığı dövr, 28.02.1972-ci ildən 17.09.1973-cü ilədək (1 il 6 ay 19 gün), 16.06.1974-cü ildən 06.06.1975-ci ilədək (11 ay 20 gün), 25.04.1977-ci ildən 01.05.1977-ci ilədək (5 gün), əmək kitabçasına əsasən 19.08.1981-ci ildən 01.01.1995-ci ilə qədər (12 il 1 ay 1 gün) olan müddətlər nəzərə alınmaqla ümumi stajı 20 il 6 ay 4 gün təşkil edir ki, bu da tələb olunan 25 ildən azdır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənilmir. Digər şərtə- fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə gəldikdə isə apellyasiya baxışı zamanı bu şərtin də ödənilmədiyi aydın olur. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan və pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28800 manat olmalı olduğu halda, 19796,65 manat təşkil edir ki, bu da ona yaşa görə pensiya təyin olunması üçün kifayət etmir. Odur ki, iddiaçıya yaşa görə pensiya təyin olunması barədə tələb əsassız olub rədd edilməlidir. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb nəzərə alınmamış və nəticədə maddi hüquq normalarının pozulması ilə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir. Halbuki İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3885/2021 saylı 19 may 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3885/2021 saylı 19 may 2021-ci il tarixli qərarı qərarı ləğv edilsin. İddi təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar