Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-215/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, 02.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştlərlə pensiya təyin edilməsi və əmək pensiyasının əmək haqqı ilə hesablanmaqla 07 sentyabr 2009-cu il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı 26.01.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanması, cavabdeh inzibati orqana müraciət tarixindən geriyə 3 il müddətinə hesablanmaqla fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, 02.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, 02.06.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası və xarici dildə tərtib edilmiş 3 ədəd sənəd təqdim etmişdir. Xarici dildə qeyd edilmiş sənədlər iddiaçı tərəfindən Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilmədən təqdim edildiyindən onlar sübut qismində qəbul edilə bilməzlər. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçalarına baxdıqda iddiaçının qeyd etdiyi 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi Qazaxıstan SSR X3 Özen şəhərində Neft-Qaz İdarəsinin nəzdnində olan yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifəsində işləməsi barədə qeydlərin əmək kitabçasında olmaması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən sənədi təqdim etməmişdir. Həmçinin yuxarıda qeyd olunduğu kimi, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi işdə işləməsi onun təqdim etdiyi əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək hər-hansı bir sübutu təqdim etməmişdir. Həmçinin qeyd olunmuşdur ki, “Vətəndaşlara pensiya təminatı haqqında” Qanuna əsasın şəxsə 55 yaş 06 aydan pensiya təmin etmək məqsədi ilə şəxsin həm güzəşti pensiya hüququ verən həm yaşı, həm ümumi stajı, həm də güzəştli pensiya hüququ verən peşədə işləmə müddəti eyni müddətə təsadüf etməlidir. Yəni, iddiaçı 55 yaş 06 aydan pensiya almaqdan ötrü onun həmin yaşı 1998-ci ilin avqust ayına kimi olmalı idi. İddiaçının isə həmin yaşı 07 sentyabr 2009-cu ildə tamam olmuşdur, həmin müddət isə X4 Qanuna əsasən pensiya yaşı 57 olmalı idi, həmçinin həmin dövr güvədən düşmüş X1 haqqında Qanunda (güvədən düşdüyü gün) da yaş artıq 57 qeyd edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, 02.06.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, 02.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarına əlavə edilmiş: - AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Qazaxstan Respublikası X3 Özen şəhərinin Neft-Qaz İdarəsinin 13 mart 2002-ci il tarixli, M-161,1 nömrəli arayışında İddiaçı həmin müəssisədə 1984-cü ildən 1988-ci ilə qədər işləyərək aldığı əmək haqqı barədə cədvəl əksini tapmışdır. - Qazaxstan Respublikası X3 Özen şəhərinin Neft-Qaz İdarəsinin 26 fevral 2002-ci il tarixli, 3 nömrəli arayışından görünür ki, İddiaçı 05 avqust 1976-cı il tarixdən 18 avqust 1989-cu il tarixədək Yeraltı quyuların təmiri sexində operator vəzifəsində çalışmışdır. - Qazaxıstan Respublikası X3 Özen şəhərinin Neft-Qaz İdarəsinin 12 yanvar 2019-ci il tarixli, 112 nömrəli “xüsusi ağır əmək şəraitinə dair güzəştli pensiya təyininə imkan verən” arayışından görünür ki, İddiaçı 18 mart 1977-ci ildən 05 fevral 1980-ci ilədək Yeraltı quyuların təmiri sexində 4-cü dərəcəli operator vəzifəsində, 05 fevral 1980-cı il tarixdən 24 avqust 1989-cu il tarixədək Yeraltı quyuların təmiri sexində 5-ci dərəcəli operator vəzifəsində çalışmışdır. İddiaçı işlədiyi vəzifələr SSSR Nazirlər Kabinetinin 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 33-cü bölmə üzrə 2130200a15866 və 2130200a-15870 kod altında qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı ünvanladığı 24.09.2019-cu il tarixli № **********8 saylı imtina məktubundan görünür ki, iddiaçıya 57 yaşının tamam olduğu 07.03.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. - İddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 06.04.2011-ci il tarixli № 275 saylı qərarına əsasən İddiaçı 07.03.2011-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə 138,66 manat pensiya təyin edilmişdir. - iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01.03.1972-ci ildən 15.07.1972-ci ilə kimi (4 ay 15 gün) Naxçıvan MSSR-nin Ordubad rayonunda Parağaçay dağ mədənində 2-ci dərəcəli nümunə götürən vəzifəsində işləmiş, 10.04.1973-cü ildən 20.07.1973-cü ilədək (3 ay 11 gün) X2 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, 02.08.1973-cü ildən 29.04.1974-cü ilədək (8 ay 28 gün) Qazaxstan SSR X3 Özen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator vəzifəsində işləmiş, 14.05.1974cü ildən 27.06.1976-cı ilədək (2 il 1 ay 14 gün) hərbi xidmətdə olmuş, 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi (13 il 14 gün) Qazaxstan SSR X3 Uzen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifələrində işləmiş, 19.02.1990-cı ildə Bakı şəhəri “Aztsvet” Avtomobil nəqliyyatı müəssisində yükboşaltma məntəqəsinə fəhlə vəzifəsinə işə qəbul olmuş, 24.09.2010-cu il tarixinə kimi həmin müəssisədə işləmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “X4” Qanunun 9.1, 9.8, 10.2, 23.2, 27-ci maddələrini, “X1 haqqında" Qanunun 13, 67-ci maddəsini, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı», Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«X4» Azərbaycan Respublikası Qanununun 3.1, 3.2-ci bəndlərini, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "X4" Qanunun 10.2, 27-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009cu il tarixindən əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və ilkin müraciət tarixindən (30.07.2019) geriyə 3 il üzrə yəni, 30.07.2016-cı il tarixindən fərq məbləğinin hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “X4” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X4” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X4” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “X1 haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər ıl 6 ay artırılmışdır. “X4” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «X1 haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı 01.03.1972-ci ildən 15.07.1972-ci ilə kimi (4 ay 15 gün) Naxçıvan MSSR-nin Ordubad rayonunda Parağaçay dağ mədənində 2-ci dərəcəli nümunə götürən vəzifəsində işləmiş, 10.04.1973cü ildən 20.07.1973-cü ilədək (3 ay 11 gün) X2 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, 02.08.1973-cü ildən 29.04.1974-cü ilədək (8 ay 28 gün) Qazaxstan SSR X3 Özen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator vəzifəsində işləmiş, 14.05.1974-cü ildən 27.06.1976-cı ilədək (2 il 1 ay 14 gün) hərbi xidmətdə olmuş, 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi (13 il 14 gün) Qazaxstan SSR X3 Özen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə 3-cü dərəcəli operator daha sonra 5-ci dərəcəli operator vəzifələrində işləmiş, 19.02.1990-cı ildə Bakı şəhəri “Aztsvet” Avtomobil nəqliyyatı müəssisində yükboşaltma məntəqəsinə fəhlə vəzifəsinə işə qəbul olmuş, 24.09.2010-cu il tarixinə kimi həmin müəssisədə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»-da iddiaçının istinad etdiyi vəzifələrin (peşələrin) adları aşağıdakı kimi təsbit olunmuşdur: - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator (2130200a-15866). Göründüyü kimi iddiaçının 02.08.1973-cü ildən 29.04.1974-cü ilədək (8 ay 28 gün) və 05.08.1976-cı ildən 18.08.1989-cu ilə kimi (13 il 14 gün) Qazaxıstan SSR X3 Özen şəhərində Neft-Qaz İdarəsinin nəzdində olan Yeraltı quyularının təmiri sexində quyuların yeraltı istismara hazırlanması üzrə operator işlədiyi vəzifələri güzəştli staja daxil edilir. Qeyd edilən vəzifələrdə iddiaçının ümumi güzəştli stajı 12 il 6 aydan (13 il 9 ay 12 gün) çoxdur. Apellyasiya şikayətinin güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən sənədin təqdim edilməməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həm əmək kitabçasında mövcud olan qeydlərdən, həm də Qazaxıstan Respublikası X3 Özen şəhərində Neft-Qaz idarəsinin güzəştli arayışından görünür ki, iddiaçının 18 mart 1977-ci ildən 05 fevral 1980ci ilədək və 05 fevral 1980-ci ildən 24 avqust 1989-cu ilədək işlədiyi vəzifələr SSSR Nazirlər Kabinetinin 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə müvafiq kod altında göstərilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda da öz əksini tapmışdır. Beləliklə, iddiaçının 1998-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçının 55 yaşı 6 ayı 07 sentyabr 2009-cu ildə tamam olduğunda, iddiaçının pensiya hüququ 2009-cü ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə pensiya əmək haqqı əsasında hesablanmalıdır. Belə ki, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "X4" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27cı maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “X4” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “X4” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904- İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə 01.01.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. İş üzrə müəyyən edilir ki, iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi 01.01.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 07 sentyabr 2009-cu il tarixdən 55 yaş yarımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, hesablama əmək haqqı nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, «X4» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Baxılan iş üzrə iddiaçı hazırki tələblə ilk dəfə 30 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «X4» Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 30.07.2016-ci il tarixdən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməlidir. Eləcə də, iddiaçı 07.03.2011-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından fərq məbləği hesablanan zamanı bu hal nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-215/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-215/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver