Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-215/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə hərbi xidmətdən sonra S.M.Kirov adına maşınqayırma zavodunda başlamışdır, 1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur, 1987-ci ilə oranı bitirərək hüquqşünas peşəsinə yiyələndikdən sonra xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə şöbəsi”nə böyük inspektor vəzifəsinə təyin edilmişdir. Bundan sonra əmək fəaliyyətini həmin idarədə davam etdirmişdir, Komitənin müxtəlif şöbələrində rəis müavini və rəis vəzifələrində əmək fəaliyyətini davam etdirərək, 19.04.214-cü il tarixdə pensiya çıxmaq hüququnun yaranması ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında əsasnamə”nin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir və ona 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təminat xərcliyinin 59 faizi məbləğindən hesablanmaqla 643,27 manat pensiya təyin olunmuşdur. Pensiyaya çıxarkən 23 il 10 ay 10 gün əmək stajının 10 ay 10 günü nəzərə alınmamışdır. Pensiya hüquqlarının pozulduğu üçün cavabdeh təşkilata müraciət edərək, pensiyaya əlavənin əmək stajının 10 ay 10 gününə uyğun olaraq əmək pensiyasına 3 faiz əlavənin hesablanaraq pensiya məbləğinə əlavə edilməsini xahiş etmişdir. Cavabdeh təşkilata yuxarıda qeyd olunan məsələ ilə əlaqədar xx.xx.2021-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir, lakin müraciəti ilə əlaqədar iddiaçıya heç bir cavab verilməmişdir. Cavabdeh təşkilata xx.xx.2021-ci il tarixdə müraciətinə cavab verilməsi xahişi ilə təkrarən xx.xx.2021-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir, lakin ona heç bir cavab verilməmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə cavab verilməməsi onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Ona görə də, iddiaçı hesab edir ki, qeyd olunan məsələ məhkəmə qaydasında həll olunmalıdır. İddiaçıya pensiya təyin edilərkən pensiya məbləğinə əlavənin hesablanmamasını onunla izah etmişlər ki, 2014-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində 20 ildən artıq hər il üçün təminat xərcliyin 3% miqdarında əlavələrin hesablanması nəzərdə tutulmuşdur. Ona görə də il tamam olmadığı üçün iş stajının 10 ay 10 günü nəzərə alınmamışdır. Vətəndaşların haqlı irad və şikayətlərindən sonra Milli Məclis 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən dəyişiklik edərək, maddəyə il tamam olmadıqda isə natamam illərdəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. İddiaçının pensiya hüququ 2017-cü ildən yarandığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə, Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən onun vəziyyətini yüngülləşdirən qanun kimi geriyə qüvvəsi vardır və onun münasibətdə tətbiq edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə göndərərək bildirmişdir ki, onun iddia tələbi üzrə iş məhkəmənin icraatında olduğu zaman cavabdeh tərəfindən onun müraciəti ilə bağlı məktub göndərilmişdir. İddiaçı 20 ildən yuxarı hər il üçün təminat xərcliyinin 2%-dən hesablanmasını və pensiya məbləğinin 59%-dən 57,66%-ə endirilməsini əsassız və qanunsuz hesab edir. Belə ki, 2014-cü ildən iddiaçı pensiyaya çıxanda “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinin tələbinə görə 20 ildən yuxarı hər il üçün təminat məbləğinin 3%-i miqdarında əlavə hesablanırdı. İddiaçının gömrük orqanlarında 23 il 10 ay 10 gün xidmət illərinə görə təminat xərcliyinin 59% (20 il üçün 50% və hər ilə görə 3x3=9%) pensiya məbləği hesablanmışdır. Göründüyü kimi pensiya məbləği hesablanarkən 10 ay 10 gün stajı nəzərə alınmamışdır. Ona göndərilmiş məktubda isə göstərilir ki, nəzərə alınmamış 10 ay 10 gün stajı da hesablanaraq pensiya məbləği 59%dən 57,66%-ə enmişdir. Cavabdeh tərəf bunu onunla əsaslandırmağa çalışır ki, 2017-ci ildə “Əmək pensiyalar haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilən dəyişikliyə görə əlavələr 3%-dən 2%-ə endirilmişdir. Bunu Prezidentin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanı ilə təsdiq edilmiş “Əlavələrin yenidən hesablanması haqqında” Qaydalara istinad etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Lakin cavabdeh tərəf unudur ki, əlavələrin 3%-dən 2%-ə endirilməsi Qanunun müvafiq maddəsində edilən dəyişiliklərdən sonra pensiyaya çıxan şəxslərə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və Mülki Məcəllənin 7-ci maddəsinə əsasən hansı hallarda qanunun geriyə qüvvəsi olduğu göstərilmişdir. İddiaçının pensiya hüququ 2014-cü ildə yarandığı üçün 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində edilən dəyişikliyə görə əlavələrin 3%-dən 2%-ə endirilməsi ona şamil edilə bilməz. 20 ildən yuxarı xidmət illəri ilə bağlı hər il üçün əlavələrin 3%-dən 2%-ə endirilərək hesablanması Mərkəzi Filialın ona qarşı törətdiyi qanun pozuntusudur. Qeyd edilənləri nəzərə alaraq 2014-cü ilin aprel ayında pensiyaya çıxarkən hesablanmayan 10 ay 10 gün əmək stajı da nəzərə alınaraq belə hesablanmalıdır. 20 il xidmət illərinə görə 50% və hər xidmət ili üçün 3%, yəni 50%+3%+3%+3%+3%=62%. İddiaçı yuxarıda qeyd olunanlara əsasən, cavabdeh tərəfindən 20 ildən yuxarı xidmət illərinə görə əlavələrin təminat xərcliyinin 3%- dən 2%-ə endirilməsi nəticəsində pensiya məbləğinin 59%-dən 57,66%-ə endirməklə hesablanması əsassız və qanunsuz hesab edilməsi; 2014-cü ilin aprel ayında əmək pensiyasına çıxarkən hesablanmamış 10 ay 10 gün əmək stajının Qanuna uyğun olaraq mütənasib hesablanaraq pensiya məbləğinin təminat xərcliyinin 62%-i (50%+12%) miqdarında müəyyən edilməsi; hesablanmamış 10 ay 10 gün staja görə əlavələr iddiaçı pensiyaya çıxarkən işlədiyi vəzifəyə hal-hazırda bərabər hesab edilən vəzifə tutan fəaliyyətdə olan əməkdaşın təminat xərcliyindən hesablanması; əlavələrin hesablanması iddiaçı pesiyaya çıxdığı 2014-cü ilin aprel ayından hesablanması cavabdehə həvalə edilməsi; hüquqlarının pozulmasına görə cavabdehin məsul vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə təqdim edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının eyni tələbi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qərarı ilə qərara gəlinmişdir ki, iddiaçının pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tamam olmadıqda isə natamam iş stajı aylarının mütənasib olaraq hesablanmaqla), yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faizi məbləğində əlavə hesablansın. Cavabdehin hazırki tələbi də məhz budur. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2021ci il tarixli, 2-1(103)-561/2021 saylı qərarı ilə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərarda deyilir: “İddiaçının pensiyasının təminat xərcliyinin 59 faizi məbləğində müəyyən edilməsi ilə əsaslandırılan cavabdehin 03 iyul 2019-cu il tarixli, **********0 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır”. Göründüyü kimi, iddiaçının pensiyasının onun təminat xərcliyinin 59 faizindən hesablanması məsələsinə məhkəmə tərəfindən birmənalı olaraq münasibət bildirilmişdir. Ali Məhkəmənin 2-1(102)-1065/21 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə qalmışdır. Buna görə də, cavabdeh hesab edir ki, eyni tərəflər arasında eyni tələbə dair iş üzrə qərar artıq mövcud olduğundan, hazırki işə baxıla bilməz. Bundan əlavə, iddia mahiyyətcə də əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2014-cü il tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına uyğun olaraq pensiya təyin edilmişdir. Həmin redaksiyaya əsasən, hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, 20 ildən yuxarı hərbi xidmətinin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla pensiya ödənilirdi. Buna müvafiq olaraq, iddiaçının 23 il 10 ay 10 gün xidmət ilinə görə ona təminat xərcliyinin 59 (50+3+3+3) faizi məbləğində pensiya təyin edilmişdir. Qeyd olunan maddəyə “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri sonradan (dəyişiklik xx.xx.2017-ci il tarixindən qüvvəyə minmişdir) əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi” sözləri ilə əvəz edilmişdir. Bu dəyişikliklərin tətbiq edilməsi iddiaçının vəziyyətini ağırlaşdıra biləcəyindən ona münasibətdə tətbiq edilməmişdir. Belə ki, iddiaçının əmək pensiyası 20.14.1-ci maddənin əvvəlki redaksiyasına əsasən hesablandıqda – 59 faiz, hazırki redaksiyasına əsasən hesablandıqda – 57 faiz edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Hacıbəyova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, şikayət olunan qərardadı əsaslandırmaq üçün qərardadda qeyd olunur ki, guya, məhkəmə tərəfindən müəyyən olundu ki, o, eyni tələb üzrə daha öncə məhkəməyə müraciət etmişdir. Daha sonra qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(103)-561/2021 nömrəli qərarı ilə təmin edilməmiş “15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyaya hesablanması" tələbi ilə hal-hazırkı iddia tələbi “nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi" eyni tələbdir. Onun əvvəlki iddia ərizəsinə və bu iddia ərizəsi ilə əlaqədar qəbul edilmiş məhkəmə aktlarına diqqət yetirilsə, məhkəmənin qərardadda qeyd etdiyi guya onun eyni tələb üzrə daha öncə məhkəməyə müraciət etməsinə dair göstərilənlərin tamamilə əsassız və yanlış olduğu aydın görünər. Belə ki, onun əvvəlki iddia tələbi dövlət qulluqçusu kimi 20 ildən artıq Gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının aylıq təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, o, pensiyaya çıxdıqdan sonra onun rütbəsində olan və işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun olaraq, əlavələrin pensiyasına hesablanması, pensiya kapitalının hər il indeksləşdirilməsi ilə əlaqədar artım məbləğinin hesablanması və 12 iyul 2014-cü il tarixdən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanıb bir dəfəyə ona ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə idi. Lakin məhkəmə tərəfindən tələb kimi irəli sürmədiyi hərbi qulluqçu kimi 10 ay 10 gün əmək stajının hesablanaraq pensiya məbləğinə əlavə edilməsi barədə qərar qəbul etmişdir (onun iddia tələbi isə dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması barədə idi). Cavabdehin vəkili tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətində də hərbi qulluqçu kimi 10 ay 10 gün əmək stajının hesablanaraq pensiya məbləğinə əlavə edilməsi barədə qərar qəbul etməklə məhkəmənin iddia tələbindən kənara çıxdığını, yəni onun belə bir iddia tələbinin olmadığı halda iddianın qeyd olunan hissədə qismən təmin edildiyini qeyd edərək, göstərmişdir ki, iddiaçının tələb etdiyi dövlət qulluqçusu kimi 3 faizlə məhkəmənin təmin etdiyi hərbi qulluqçu kimi 3 faiz tamamilə başqa-başqa şeylərdir. Bakı Apellyasiya Məhkəməsi 2-1(103)-1166/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(112)-194/2020 saylı xx.xx.2020-ci il tarixli qərarını qüvvədə saxlasa da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(102)-2016/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarını iddia tələbindən kənara çıxdığı üçün ləğv etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1065/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2- 1(103)561/2021 nömrəli qərarını dəyişdirmədən saxlayarkən eyni əsasa-birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasına istinad etmişdir. Bütün qeyd olunanlar təkzibolunmaz şəkildə göstərir ki, məhkəmənin şikayət olunan qərardadı əsaslandırmaq üçün göstərdiyi guya “onun eyni tələb üzrə daha öncə məhkəməyə müraciət etməsi” barədə fikri tamamilə yanlışdır və həqiqəti əks etdirməməklə bərabər onun əmək stajının tam hesablanmamasına xidmət edir. Cavabdehin onun pensiyasının təminat xərcliyinin 59%-dən 57,66%-ə endirməsi ilə bağlı ölkə başçısının 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin hesablanması” Qaydasının 2.5 bəndinə istinad etməsinə Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx-1230/3 saylı məktubu ilə münasibət bildirmişdir. Hesab edir ki, məhkəmənin iddia tələbindən kənara çıxaraq etdiyi səhv onun hər hansı bir qanuni hüququnun müdafiə edilməsinə mane ola bilməz. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı eyni tələb üzrə məhkəməyə daha öncə müraciət etmişdir. Belə ki Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)- 561/2021 nömrəli qərarı ilə təmin edilməmiş -“15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması “ tələbi ilə hal-hazırkı iddia tələbi -“ nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi” -eyni tələbdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Həsənov Əliməmməd Əliağa oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və 12 iyul 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan qərarla iddia tələbi qismən təmin edilərək, İddiaçı Əliağa oğluna pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi iddiaçının pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifə üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi hissəsində əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2- 1(103)-1166/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2016/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı dövlət qulluğu vəzifəsində işlədiyi illər nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsi hərbi qulluqçu kimi pensiyanın yenidən hesablanması vəzifəsini cavabdehə həvalə etmiş, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Apellyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, iddia tələbi ilə bağlı İPM-in 13-cü maddəsinin müddəalarına uyğun qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 561/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq, iddianı qismən təmin etmişdir. Belə ki, iddia ərizəsi və apellyasiya şikayətindən məlum olduğu kimi, iddia faktiki cəhətdən əmək pensiyasının dövlət qulluqçularının pensiya güzəştləri nəzərə alınmaqla yenidən hesablanması ilə əsaslandırılmış, məhkəmə isə tələbə hərbi qulluqla bağlı pensiya qanunvericiliyinin normalarını tətbiq edərək, hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1065/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-561/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının ilk öncə məhkəməyə müraciəti dövlət qulluğu vəzifəsində işlədiyi illər nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. İddiaçının hazırki tələbi isə hərbi qulluqçu kimi əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi qeyd olunan tələblərin eyni olmasını əsas gətirərək hazırkı tələbi mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Bu səbəbdən də apelyasiya şikayəti əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-215/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-215/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver