Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2150/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə cavabdehin nümayəndəsi Abbaslı Əhməd əmməd oğlunun və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib olunması tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı şəhəri ərazi idarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 saylı baş plana əsasən “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına uyğun olaraq şərti bölgü sxeminin tərtib olunması və həmin üzvlərin siyahısına uyğun gələn bağ sahəsinə dair İddiaçı adına çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1986-1995-ci illər ərzində “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” X1 işləyib. 20 may 1988-ci il tarixində Nazirlər Sovetinin 102 nömrəli qərarı ilə daimi istifadə üçün Bakı şəhər Türkan qəsəbəsi ərazisində “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” Bağçılıq Yoldaşlığı bağ sahəsi ayrılmış və hər bir üzvünə 1200,0 kv.m. olaraq bölünmüşdür. 18 avqust 1989-cu il tarixli 16 saylı protokola əsasən ona, Türkan qəsəbəsində 3 nömrəli 1200.0 kv.m. bağ sahəsi ayrılmış, həmin ildən etibarən və bundan sonra həmin torpaq sahəsinə nəzarət etmiş, bütün xərclərini çəkmiş, vergisini dövlətə ödəmişdir.Onunla bağlanmış müqavilədə, prokollarda və Dövlət Arxivinin Bakı filialından təqdim olunan arayışlarda ona məxsus bu torpaq sahəsi tam təsbit olunmuşdur. O, həmin torpaq sahəsini öz adına özəlləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin sonuncu göstərilən bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyini, bundan əlavə, “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün olmadığını əsas gətirərək ona imtina cavabı vermişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında imtinasında göstərilən əsaslarla iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 saylı plana əsasən “Qafqazenerjiquraşdırma” trestinin (“Zarya”) bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına uyğun olaraq şərti bölgü sxeminin tərtib olunması və həmin üzvlərin siyahısına uyğun gələn bağ sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyini, bundan əlavə, “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Məhkəmə qanunsuzu olaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı isə bağ sahəsi ona ayrılarkən dörd yerdən mərzlənməklə ona təhvil verildiyi və həmin vaxtdan da o, bağa sahiblik etdiyini və torpaq vergisini ödədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “3” saylı bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən isə göstərilən bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyini, “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün olmadığını əsas gətirərək iddianı qəbul etmir. Lakin iş materialları ilə cavabdehin qeyd olunan dəlillərinin əsassız olduğu və qanunvericiliklə müəyyən edilən mübahisəli bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün bütün əsasların mövcud olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun qeyd olunan tələbindən görünür ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı kifayət edir ki, iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququ qeydə alınsın. İş materiallarına əsasən isə aşağıdakılar müəyyən olunur: Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarı ilə 45 üzvdən ibarət “Qafqazenerjiquraşdırma” trestinə Əzizbəyov (hazırda Xəzər) rayonu, Türkan qəsəbəsində Türkan üzümçülük sovxozunun keçmiş ərazisində torpaq sahəsi ayrılmışdır. İddiaçının adına “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin üzvlük kitabçası (baş plana əsasən 3 saylı sahədə) tərtib olunmuşdur. Məhkəmə sorğusuna əsasən alınmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “Qafqazenerjiquraşdırma” trestinin arxiv qovluğuna əsasən iddiaçı həmin bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin Siyahısında iddiaçının adı 36-cı sırada təsbit olunmuşdur (Həmin qovluq materiallarında sözügedən bağçılıq yoldaşlıq birliyinə dair bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir). Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilən X2 bildirmişdir ki, “3 saylı baş plan torpağın nömrəsi deyil, vaxtilə bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmış ümumi sahənin nömrəsidir, bağların üzvlər arasında təsdiqlənmiş bölgü sxemi yoxdur, vaxtilə həmin trestdə bir yerdə işləyiblər, o, İddiaçı torpaq sahəsinə iddialı deyil, aralarında mübahisə yoxdur, İddiaçı da onun kimi bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvüdür, ona da həmin sahədə torpaq ayrılmışdır. Onun adı həmin siyahıya 5-cı sırada göstərilmiş X3 əvəzinə salınmış. Ona aid üzvlük kitabçasında “düzəlişə inanılsın” qeydi edilməklə müvafiq düzəliş edilmişdir. İş materiallarının 9-cu vərəqində olan “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlığının 16 nömrəli 18 avqust 1989-cu il tarixli protokolundan, sonradan, latın qrafikası ilə çap edilərək "xxxx" ASC-nin sədri R.Ə.Niftəliyev tərəfindən imzalınıb ASCnin dairəvi möhürü ilə təsdiq olunmuş çıxarışın surətində isə qeyd olunur ki, həmin protokola əsasən 20 may 1988-ci il tarixində Nazirlər Sovetinin 102 №-li qərarı ilə daimi istifadə üçün Bakı şəhəri Turkan ərazisində həmin Trestin “Zarya” bağçılıq-yoldaşlığının hər bir üzvünə, o cümlədən, iddiaçıya 1200 kv.m olmaqla bölünmüşdür. Göründüyü kimi, 1200 kv m sahəyə malik mübahisəli bağ sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Qanunun qeyd edilən 8.0.7-ci maddəsində nəzərdə tutulan əsasları təsdiq edən sənədlər mövcuddur. Ümumiyyətlə, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərə (əsaslara) malik olması da mübahisələndirilmir. Konkret halda, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilir ki, bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir və “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən dəlilləri qeydiyyatdan imtina üçün əsas ola bilməz. Çünki, qeyd edilən halları hərtərəfli araşıdırıb, bütün uyğunsuzluqları aradan qaldırmaq və bağ sahəsinin iddiaçının adına rəsmiələşdirmək cavabdehin inzibati icraat haqqında hüquq normaları və Nizamnaməsi ilə üzərinə düşən öhdəliyidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanuknun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Göründüyü kimi, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, bağ istifadəçilərinin mülkiyyəti kimi rəsmiləşdirmək Nizamnamə ilə cavabdeh orqanın üzərinə düşən vəzifəsidir. Beləliklə də qeyd olunanlarla sübuta yetirilir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsaslar mövcud olduğu halda, cavabdeh orqan qanunvericiliyin qeyd olunan göstərişlərindən irəli gələn öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, iddiaçının qanunla qorunan hüquqların pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2150/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2150/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver