Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2150/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə cəlb edilməklə) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-1282/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X2 göstərilməklə) ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9225/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-1282/2023 saylı qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərardad əsassız olduğundan tam ləğv olunmalıdır. İddia ərizəsi (may 2022) məhkəmə icraatına daxil olduğu gündən 9 ay keçəndən sonra səlahiyyət və aidiyyətlə bağlı iddianın mümkünlüyü barədə qərardadın qəbul edilməsi artıq həmin qərardadın ləğvi üçün əsasdır, çünki icraatın əvvəlindən olduğu kimi, iddiaçı da cavabdeh də eyni olub və yuxarıda qeyd olunan müddət ərzində məhkəmə aktının qəbul edilməməsi artıq həmin məsələlərlə bağlı şübhələrin olduğunu göstərir. Hətta xx.xx.2022-ci il tarixli qərardadla üçüncü şəxs qismində X1 cəlb edilməsi bir daha bunu sübut edir ki, inzibati işə mahiyyəti üzrə baxılmalı idi. Hazırkı mübahisədə aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisə yoxdur. Bu məsələlərlə bağlı mübahisə o halda ola bilərdi ki, məsələn iddia olunsaydı ki, çıxarışın verilməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən deyil digər inzibati orqan tərəfindən verilsin. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iki inzibati orqan arasında mübahisə olduğundan iş məhkəmə qaydasında baxıla bilməz. Lakin iddiada qeyd olunan məsələlər inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə aid olmayıb. Hətta, belə qənaətə gələrək məhkəmə, aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə aid olan, normaları da düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1728 №-li Fərmanının 1-ci bəndində göstərilmişdir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.” Məhkəmə isə həmin səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına aid etmişdir. Məhkəmə qərardadında bir-birinə zidd olan məqamlar da onu təsdiq edir ki, hazırkı işdə olan mübahisə səlahiyyət və aidiyyətlə bağlı olmamışdır. Qeyd etmək lazımdır ki, Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil və təbii ki, iddia ərizəsində həmin çıxarışın hansı orqan tərəfindən verilməsi məsələsinə toxunmurdu. Mübahisə predmeti ondan ibarətdir ki, cavabdeh tərəfindən verilmiş 16 noyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 131 nömrəli sərəncamı ləğv olunduğundan bunun hüquqi nəticəsi olaraq, ona əsaslanan, mübahisə predmeti olan çıxarış da, təbii ki, ləğv olunmalıdır. Belə ki, inzibati iş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubunda Bakı şəhəri, Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli sərəncamlarının ləğv olunduğu qeyd edilmiş, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən yaşayış sahələrinə aid vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 yanvar 2022-ci il tarixli imtina məktubunda qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notariat qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış və iddia tələbi qanunsuz və əsassız olaraq mümkünsüz hesab edilmişdir. İş üzrə cavabdeh olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs də 19 yanvar 2022-ci il tarixli imtinası səlahiyyət və aidiyyət məsələrlə bağlı olmayıb (yuxarıda qeyd olunan mətndən bunu görmək olar). Cavabdeh özü də məhkəmədə aidiyyət məsələrinə toxunmayıb. Məhkəmə qərardadında iddianın dəyişdirilməsi barədə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci İl tarixli 11/5179 nömrəli ərizəsini qeyd etməmişdir. Halbuki, həmin ərizə ilə “çıxarışın ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi” tələbi azalaraq, “çıxarışın ləğv edilməsi” olmuşdur. Məhkəmə isə bunları nəzərə almadan, hətta istinad etdiyi normaları da düzgün tətbiq etməyərək, işə mahiyyəti üzrə baxmadan qərar qəbul etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmalarına baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanına əsasən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı instansiyaya şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılmış və müəyyən edilmişdir ki, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər (12 mart 2019-cu il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 427) ilə yeni məzmunda 7-ci hissə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin inzibati orqan olmaları müəyyən edilmişdir (ixtisaslaşdırılmış hüquqi şəxslər). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na görə həm iddiaçı, həm də cavabdeh inzibati orqandır. İddiaçı inzibati orqan cavabdeh inzibati orqanın səlahiyyəti ilə bağlı mübahisə açmışdır. Bəhs olunan normalara görə belə mübahisə inzibati məhkəmə icraatının predmeti ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-1282/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2150/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2150/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver