Məhkəmə qərarları › İş №2-1(103)-2151/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2151/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2151/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4 saylı evin 5a saylı mənzilinin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, 5 saylı mənzildə yaşayan İddiaçı həyətindəki 4 × 4,5 m ölçüdə yaşayış otağına fərdi yaşayış evi kimi mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 447 saylı Sərəncamına əsasən iddiaçı uzun illər istifadəsində olan ünvan 1 ünvanında yaşayır. İddiaçı həmin mənzilə sahibliyi həyata keçirir. Göstərilən mənzildə yaşamaqla bütün kommunal xərclərini ödəyir, vaxtlı-vaxtında həmin mənzildə təmir işlərini öz vəsaiti hesabına aparmışdır. Cavabdeh tərəfindən yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina olunmuşdur. Bununla da iddiaçının mənzilə dair sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. ünvan 1 ünvanı ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti arasında yaşayış sahəsinə dair münasibətlər 1999-cu ildən yaranmış və mənzil münasibətləri xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə ki, iddiaçı xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Belə olan halda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4 saylı evin 5a saylı mənzilinə mülkiyyət hüquqları yarandığından, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 10-cu maddələrinə əsasən iddiaçının hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdehin imtinası iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, hesab edir ki, iddia təmin edilərək, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4 saylı evin 5a saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-10924/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, 5 saylı mənzilin həyətindəki 18 kv.m. (4 × 4,5 m) ölçüdə yaşayış otağının yaşayış evi kimi İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10924/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə X6 tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmiş, X6 hazırki iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-1393/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 etiraz ərizəsində bildirmişdir ki, «Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi 4 saylı evin 5 saylı mənzili onun xüsusi mülkiyətindədir və bu barədə onun adına çıxarış vardır. Onun xüsusi mülkiyyətinin qarşısında iddiaçı tərəfimdən 4x4,5 kv.m. ölçüdə ev tikmişdir. Ona görə də o, mülkiyyətində olan mənzilin qarşısında olan iddiaçıya məxsus tikilinin özəlləşdirilməsinə razı deyil». İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4 saylı evin 5A saylı mənzildə pasport qeydiyyatındadır və həmin mənzil 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və iddiaçı ilə həmin evə dair kirayə müqaviləsi bağlanmışdır. Həmin mənzil dövlətin balansındadır. İddiaçının mənzilinin üçüncü şəxs X2 aiddiyyəti yoxdur, onun mənzili ayrı, iddiaçının mənzili ayrıdır. Digər arayışdan görünür ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. Bu sənədlərdən də görünür ki, onların mənzilləri ayrı-ayrıdır. Onun mənzilinin X3 heç bir aidiyyəti yoxdur. Məhkəmə qərardadda qeyd edir ki, ona məxsus 1 otaqlı tikilinin yardımçı sahələri (ayrıca mətbəx, sanitar qovşağı) yoxdur. Tikilinin pəncərəsinin qarşısı S.Həsənova tərəfindən divarla hörülmüşdür. Bu səbəbdən də tikilyə günəş şüası düşmür, 1 otaqlı tikili S.Həsənovaya məxsus mənzilin eyvanına bitişikdir. Məhkəmə müəyyən edir ki, qeyd edilən sahədə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi (yaşayış otağından ayrıca istifadə edilməsi) üçün şərait mövcud deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, onun S.Həsənova arasında mübahisə mövcuddur və həmin mübahisə mülki xarakterlidir. Məhkəmə qeyd edir ki, həmin yaşayış otağının sərəncamı onun adınadır, lakin həmin otaq faktiki olaraq S.Həsənovaya məxsus mənzilə bitişikdir. Halbuki məhkəmə onun mənzilinə yerli baxış keçirmiş və mənzillərin bitişik olmaması aşkar olunmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün mənzildən və həmin yaşayış otağından istifadə qaydaları müəyyənləşdirilmədiyi təqdirdə hüququn qeydiyyatı mümkün deyildir. Belə olan halda məhkəmə iddianı mümkün hesab etməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə tam səhvdir, əsassızdır, əsaslandırılmamışdır və qanunvericiliyə istinad edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadında qeyd olunur: Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 4, mənzil 5 və köməkçi tikiliyə müayinə keçirilməsi zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus 1 otaqlı tikilinin (iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması tələb olunan sahə) yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələri (ayrıca sanitar qovşağı, mətbəx) yoxdur. Tikilinin pəncərəsinin qarşısı X2 məxsus həyət tərəfdən divarla hörülmüşdür. Bu səbəbdən tikiliyə günəş şüası düşmür. 1 otaqlı tikili üçüncü şəxs X2 məxsus mənzilin eyvanına bitişikdir. Həmin eyvan faktiki olaraq mətbəx kimi istifadə olunur. Məhkəmə müəyyən edir ki, qeyd edilən sahədə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi (yaşayış otağından ayrıca istifadə edilməsi) üçün şərait mövcud deyil. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən yaşayış otağından və yardımçı sahələrdən istifadə ilə bağlı İddiaçı və üçüncü şəxs X8 arasında mübahisə mövcuddur və həmin mübahisə mülki xarakterlidir. Belə ki, həmin yaşayış otağına dair sərəncam İddiaçı adınadır, lakin həmin otaq həm də faktiki olaraq X4 məxsus mənzilə bitişikdir. Odur ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün mənzildən və həmin yaşayış otağından istifadə qaydaları müəyyənləşdirilmədiyi təqdirdə, hüququn qeydiyyatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasına baxmayaraq, iddianın mümkün sayılmaması üçün konkret əsas göstərilməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamışdır. Belə ki, qeyd olunan yaşayış otağına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sərəncam və digər sənədlərin daşınmaş əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edib-etməməsi hallarına hüquqi qiymət verilməmişdir. Bundan başqa, mülkiyyət hüquqlarının qeydiyyata alınması xahiş edilən yaşayış otağının nə zaman tikilməsi, tikinti normalarının tələblərinə cavab verib-verməməsi, yaşayış otağının tikilməsi ilə əlaqədar layihə sənədlərinin və digər sənədlərin mövcud olub-olmaması məsələləri, eləcə də fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin tikilinin müvafiq tələblərə cavab veribverməməsi kimi məsələlər araşdırılaraq onlara qiymət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qərardadda qeyd olunan əsasla iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar