Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2152/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis idarəsinə və 4 saylı Bakı Cavabdeh2nə qarşı “iddiaçıya qoyulan qadağanın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)- 1557/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı X1 cavabdehlər Bakı Şəhər Baş Polis İdarəsinə və 4 saylı Cavabdeh2nə qarşı «iddiaçının ölkə hüdudlarından kənara getməsinə qoyulmuş qadağanın götürülməsi və ona ümumvətəndaş pasportunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)-1557/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1967/2021 saylı, 24.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia həmin cavabdehə münasibətdə mümkün sayılmamalıdır. Eyni zamanda qeyd olunmuşdur ki, İPM-də “prosessual həmiştirakçılıq”la bağlı 30-cu maddə nəzərdə tutulsa da, həmin müddəa hazırkı işin halları üzrə deyil, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxsin cavabdeh olduğu, habelə mübahisə predmetini eyni növdən olan uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi halların olduğu inzibati münasibətlər üzrə tətbiq edilə bilər. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı işin halları üzrə iki cavabdehə birlikdə iddia qaldırılması İPM-lə nəzərdə tutulmuş prosessual prinsiplərə ziddir. Ona görə də hazırkı işdə bir-biri ilə bağlı olsa da, həmin iki cavabdehə qarşı yönələn tələblərə bir iddiada baxıla bilməz. İnzibati məhkəmə icraatında yalnız eyni cavabdehə qarşı tələblərin bir iddiada birləşdirilməsi yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddia tələbi 2 hissədən ibarətdir:
1. İddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi;
2. İddiaçıya ümumvətəndaş pasportunun verilməsi. Məhkəmənin qərardadında iddianın iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi hissəsinə münasibətdə iddianı mümkün hesab edilməməsi əsaslandırılsa da iddianın iddiaçıya ümumvətəndaş pasportunun verilməsi hissəsinə münasibət göstərilməmişdir. Belə ki, iddianın iddiaçıya ümumvətəndaş pasportunun verilməsi hissəsi digər hissədən ayrılaraq həmin hissəyə baxıla bilər. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməlidir ki, iddiaçı hazırki işdə nümayəndəsi (vəkili) vasitəsi ilə təmsil olunsa da, 1-ci instansiya məhkəməsi bu halı nəzərə almadan özü Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində göstərilmiş vəzifəsini yerinə yetirməli və iddiaçıya yardım etməli idi. Belə ki, qeyd dilən maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin materiallarından aydın olur ki, 1-ci instansiya məhkəməsi bir neçə cavabdehə qarşı iddianın yolverilməzliyi haqqında iddiaçıya hər hansı formada xəbərdarlıq etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)-1557/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis idarəsinə və 4 saylı Bakı Cavabdeh2nə qarşı “iddiaçıya qoyulan qadağanın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Sədrlik edən: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov