Məhkəmə qərarları › İş №2-1(103)-2152/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2152/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2152/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-611/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikasinin 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci bəndinə uyğun olaraq qanunla iddiaçıya düşən kompensasiyanın, bütun növ təminatlar, o cümlədən 3 aylıq mənzil kirayəsi haqqı nəzərə alınmaqla verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-ci ilin iyul ayının 6-da 45 gün müddətinə cari ilin növbəti məzuniyyətinə buraxılmışdır. Məzuniyyətdən qayıdandan sonra, 13 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinin əmri rəhbər tutularaq 2016-cı ildə 20 avqust Hərbi hissə komandiri tərəfindən polkovnik- leytenant rütbəsi ilə 25 illik xidmətdən sonra ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən iddiaçı yalnız cari ilin növbəti məzuniyətindən istifadə etmiş, təminat növləri ilə təmin olunmuş, maddi yardım almışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci bəndinə əsasən Silahlı Qüvvələrdə 20(iyirmi) və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilməli idi. Həmin Əsasnamənin tələbləri pozularaq qanunla müəyyən olunmuş məzuniyyət əsassız olaraq ona verilməmiş və məzuniyyətdən istifadə etmədiyi üçün digər güzəştlərdən məhrum edilmiş, eləcə də kompensasiya almamışdır. Bu barədə müxtəlif vaxtlarda, yəni xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində kompensasiyanın ödənilməsi üçün Xidmətə müraciət etmişdir. Ona elektron məktubla 2 dəfə bildirilmişdir ki, hüquqları olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Müraciətləri araşdırılmadan ona standart cavab yazılmışdır. Məzuniyyət müddəti pensiya hesablanmasında da nəzərə alınmamış, pensiyası nəzərdə tutulduğundan 2 faiz az hesablanmışdır. Əgər onun hüquqlarının yuxarıda qeyd olunan Əsasnamə ilə konkret olaraq müəyyən edilmişdirsə, Xidmətdən alınmış cavabı tam əsassız hesab edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən 45 gün istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Bakı İnzibati Məhkəməsi iddiaçının ehtiyyata buraxılarkən istifadə etdiyi 45 gün növbəti məzuniyyətini nəzərə almadan qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2016-cı il tarixli 213 nömrəli arayışına əsasən İddiaçı 01.08 1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək müdavim, xx.xx.1994-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası SQ-də zabit kimi xidmət etmişdir. Azərbaycan Respublikası DSX rəisi SQK-nın 1374ş/h saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən “HXH” ARQ-nun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılmışdır - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X2 Dəstəsi rəisinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli, 0233 nömrəli əmrindən çıxarışda göstərilmişdir: “«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası qanununun 41.0 9 maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin rəisi - X3 sərəncamında olan polkovnik-leytenant X1 xx.xx.2016-cı il tarixdən Hava X2 dəstəsində, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın. Polkovnik-leytenant İddiaçı şəxsi işi saxlanılması və hərbi qeydiyyata götürülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Binəqədi rayon idarəsinə göndərilsin. Polkovnik-leytenant İddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixdək vəzifə və rütbə maaşının 1.5 misli həcmində (75%) birdəfəlik pul mükafat almağa layiqdir. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixə xidmət illəri: Təqvimi: 23 il, 00 ay, 20 gün; Güzəştli: 11 il, 09 ay, 18 gün; Cəmi: 36 il, 10 ay, 08 gün”. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “ iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (23 il 20 gün) təqvim ili xidmət etməsi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası əsassızdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Hazırkı iddia tələbinin məzmnundan göründüyü kimi iddiaçı Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ona ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (23 il 20 gün) təqvim ili xidmət etməsi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etməməsi iş materiallarından müəyyən edildiyindən iddia tələbi əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının 2016-cı ilin növbəti məzuniyyətindən 45 gün istifadə etməsi və birinci instansiya məhkəməsinin bu halı nəzərə almaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hər bir hərbi qulluqçuya təqvim ili ərzində növbəti məzuniyyət verilir. Eyni zamanda Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara isə hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilmiş iddiaçının istifadə etdiyi 45 gün hərbi qulluqçulara hər təqvim ili verilməsi nəzərdə tutulan növbəti məzuniyyətə aid olmuş, iddiaçının kompensasiya verilməsini tələb etdiyi istifadə edilməyən 3 aylıq məzuniyyət isə yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətinin bu dəlili əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar