Məhkəmə qərarları › İş №2-1(103)-2152/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2152/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2152/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14111/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanmış xx.xx.1967-ci il tarixli, 15135 nömrəli uzunmüddətli icarə müqaviləsi ilə iddiaçının babası Pircan Qurbanqulu oğluna ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar həcmində 80 saylı torpaq sahəsinə dair Pircan Qurbanqulu oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanılmış xx.xx.1967-ci il tarixli, 15135 nömrəli uzunmüddətli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar həcmində olan 80 saylı torpaq sahəsi babası Pircan Qurbanqulu oğluna uzunmüddətli icarəyə verilmişdir. Pircan Qurbanqulu oğlu xx.xx.1970-ci il tarixdə vəfat etmişdir və bundan sonra bağ sahəsinə atası və ardınca özü tərəfindən faktiki sahiblik və istifadə edilmişdir. Torpaq sahəsi mərhum Pircan Qurbanqulu oğlunun mülkiyyətində olmadığı üçün Bakı şəhəri 17 saylı notariat tərəfindən varis olaraq miras əmlaka vərəsəlik haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Faktiki sahiblik və istifadə etdiyi miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müqavilə ilə babasının qanuni istifadəsinə verilmiş torpaq sahəsinə dair müvafiq plan və ölçünün tərtib olunması, torpaq sahəsinə mülkiyyət hüququnun babası Pircan Qurbanqulu oğlunun adına dövlət qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişə əsasən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi, eləcə də babasının müqavilədəki ata adı ilə ölüm şəhadətnaməsindəki ata adının uyğunsuzluq təşkil etməsi səbəbilə babasının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Lakin Bakı şəhəri Sabunçu İcra Hakimiyyəti Kürdəxanı Qəsəbə nümayəndəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 08 sentyabr 2022-ci il tarixli 91 saylı məktubundan da görünür ki, babası olan və xx.xx.1970-ci il tarixdə vəfat etmiş (ölüm şəhadətnaməsi AZ-İİ 260127) Pircan Qurbanqulu oğlu ilə xx.xx.1967-ci il tarixli 15135 saylı icarə müqaviləsindəki Pircan Qurban oğlu eyni şəxsdir. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-3252/2023 saylı qətnaməsi ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanmış xx.xx.1967-ci il tarixli, 15135 saylı "bağ sahələrinin, tikililərin uzunmüddətli icarəyə verilməsi haqqında" müqavilənin xx.xx.1970-ci il tarixdə vəfat etmiş babası Pircan Qurbanqulu oğluna məxsus olması hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilmişdir. Cavabdehin imtina barədə bildirişi qanunsuz və əsassızdır və bu səbəbdən babasının torpaq sahəsinə dair mülkiyyət hüququnun cavabdeh tərəfindən qeydiyyata alınması və buna müvafiq dövlət reyestrindən çıxarışın verilməsi təmin edilməlidir. "Torpaq islahatı haqqında" Qanunun 9 və 10-cu maddələrinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikası Prezidentinin "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" 22 may 2017-ci il tarixli, 2186 nömrəli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi qərara alınmışdır. Babası, atası və özü 1967-ci ildən bəri 55 ildən artıq müddətə Bakı Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanmış icarə müqaviləsi əsasında torpaq sahəsinə qanuni sahiblik etdiyi üçün torpaq sahəsi onların istifadəsində olduğu ölçüdə - 0.25 hektar həcmində, üzərindəki tikililər, ağaclar və digər obyektlərlə birgə əvəzsiz qaydada iddiaçının babasının mülkiyyəti olaraq qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Babası torpaq sahəsinə Bakı şəhər Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanılmış xx.xx.1967-ci il tarixli, 15135 nömrəli icarə müqaviləsinə əsasən sahiblik etdiyi üçün torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənədlərə malikdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qapalı dairədə altı halını dəqiq şəkildə müəyyən edir. Cavabdeh inzibati orqandır və inzibati hüququn qanunçuluq prinsipinə, "İnzibati icraat haqqında" Qanunun 11-ci, Azərbaycan Respublikası Konstitusiyasının 71.10-cu maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərə bilərlər. Yəni, inzibati orqan olan cavabdeh yalnız "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edə bilər ki, işin faktiki əsaslarında belə bir hal mövcud deyil və cavabdehin imtina bildirişində də bu hallardan hər hansı biri qeyd olunaraq əsaslandırılmamışdır. Cavabdeh imtina bildirişində torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi səbəbini qeyd etsə də, həmin uyğunsuzluğa dair hər hansı əsaslandırma və ya sübut təqdim etməmişdir. Eyni zamanda, torpaq sahəsinin hər hansı şəxsin adına dövlət qeydiyyatına alındığına dair məlumat da təqdim etməmişdir. Bu halda, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bakı şəhər Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanmış xx.xx.1967-ci il tarixli, 15135 saylı "bağ sahələrinin, tikililərin uzunmüddətli icarəyə verilməsi haqqında" Müqavilə ilə ölüm haqqında şəhadətnamədə ata adı fərqli qeyd olunan hüquq sahibi olan babasının eyniliyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə nümayəndəliyinin 91 saylı 08 sentyabr 2022-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 3252/2023 saylı qətnaməsi ilə həmin müqavilənin xx.xx.1970-ci il tarixdə vəfat etmiş babası Pircan Qurbanqulu oğluna məxsus olması hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi üçün torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən edilməli, onların planı və ölçüsünün tərtib edilməlidir. Hal-hazırda torpaq sahəsindən hər hansı məhdudiyyət olmadan faktiki istifadə etsə də, daşınmaz əmlak üzərində tam hüququ mülkiyyətçi olmaq, torpaq sahəsi üzərində sərəncam verə bilmək üçün miras əmlak olan torpaq sahəsi üzrə vərəsəlik haqqında şəhadətnamə almalıdır. Bunun üçün isə torpaq sahəsinə dair plan və ölçünün tərtib olunması, hüquqların hüquq sahibi olan babasının adına dövlət qeydiyyatına alınması və buna müvafiq çıxarışın verilməsi zəruridir. Cavabdeh tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının maddi hüquq normaları və hüquqmüəyyənedici sənədlərin mövcud olmasına baxmayaraq dövlət qeydiyyatına alınmasından imtina edilməsi və dövlət reyestrindən müvafiq çıxarışın verilməməsi qanunla ona verilmiş hüquqlarında faktiki istifadə etməsini ləngidir və bir mülkiyyətçi kimi qanuni müstəvidə edə biləcəyi hərəkətlərdən əsassız olaraq məhrum edir. Son olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 80 saylı, 0,25 hektar bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum Pircan Qurbanqulu oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, ddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********28 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Həmçinin göstərilən ərazidə hasarlamaların sxematik xəritəyə uyğun aparılmaması səbəbi ilə torpaq sahəsinin hansısa bağ nömrəsinə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14111/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin iddiaçının mərhum atasına ayrıldığı iddia olunsa da, torpaq sahəsinin təhkim göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Həmçinin göstərilən ərazidə hasarlamaların sxematik xəritəyə uyğun aparılmaması səbəbi ilə torpaq sahəsinin hansısa bağ nömrəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi-vəkili tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı Bakı şəhər Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanmış xx.xx.1967-ci il tarixli, 15135 nömrəli uzunmüddətli icarə müqaviləsi ilə babası Pircan Qurbanqulu oğluna ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar həcmində 80 saylı torpaq sahəsininr Pircan Qurbanqulu oğluna məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 91 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, D.Vasif küçəsi ev 68 qeydiyyatda olan İddiaçı xx.xx.1970-ci ildə vəfat etmiş babası mərhum Pircan Qurbanqulu oğlu xx.xx.1967-ci il tarixdə 15135 saylı müqavilədə qeyd olunan Pircan Qurban oğlu ilə ölüm haqqında şəhadətnamədə yazılmış mərhum Pircan Qurbanqulu oğlu (ölüm haqqında şəhadətnamə AZ-İİ 260127) eynidir - AZ-İİ seriyalı 260126 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 260127 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Pircan Qurbanqulu oğlu xx.xx.1970-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 260109 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi P.Ə.Mirzəyevə ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********28 saylı xx.xx.2022-ci il tarixli bildirişdə bildirilmişdir ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Eləcə də tərəfindən təqdim edilən 15133 saylı, xx.xx.1967-ci il tarixli icarə müqaviləsində hüquq sahibinin ata adı “Qurban” kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. - V-ЖГ seriyalı 365636 saylı xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – X1; anası – X3). - Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin X8 və Pircan Qurban oğlu arasında bağlanılmış “Bağ sahələrinin, tikililərinin uzunmüddətli icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli müqavilədən görünür ki, Ləhiş qəsəbəsindən 0,25 ha sahəsi olan 80 nömrəli bağ sahəsi həmin müqaviləyə əlavə edilən və tərəflərin imzaladıqları inventarizasiya kartoçkasına uyğun olaraq trest Pircan Qurban oğluna icarəyə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti X8nə dair məlumat vərəqindən görünür ki, Ləhiş rayonunda yerləşən bağın istifadəçisi Pircan Qurban oğlu, ümumi sahəsi 0,25 hadır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3252/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsi X8 ilə bağlanılmış xx.xx.1967-ci il tarixli, 15135 saylı "bağ sahələrinin, tikililərin uzunmüddətli icarəyə verilməsi haqqında” müqavilənin xx.xx.1970-ci il tarixdə vəfat etmiş Pircan Qurbanqulu oğluna məxsus olması faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi P.Ə.Mirzəyevə ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı müraciətinə **********28 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd edilən iradlar tam aradan qaldırılmamışdır. Belə ki, torpaq sahəsinin faktiki vəziyyəti bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 486 saylı xx.xx.2022ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1970-cu il tarixdə vəfat etmiş babası Pircan Qurbanqulu oğlundan qalmış miras əmlaka (ünvan ünvanda yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Miras əmlak üzərində miras qoyan Pircan Qurbanqulu oğlunun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivində yerləşən 80 saylı bağın torpaq sahəsinin hüquqmüəyyənedici sənəd və faktiki olaraq 2500,0 kv.m-dir. Göstərilən sahənin 3 tərəfi mişar daşı ilə hasar, bir tərəfi isə şərtidir. Qayalıqdır. Darvazası yoxdur. Sahədə tikili yoxdur. Bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Göstərilən sahənin koordinatları əlavə edilmişdir. Sorğu vərəqəsi əlavə olunmuşdur. Ləhiş bağ massivində yerləşən 80 saylı bağın torpaq sahəsinin koordinatları:

1. X = 413438,8660 ; Y = 4491303,9736; Z = 0,0000;

2. X = 413457,7380; Y = 4491351,4982; Z = 0,0000;

3. X = 413503,1640; Y = 4491333,3960; Z = 0,0000;

4. X = 413484,2350; Y = 4491285,7290; Z = 0,0000.

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 80 saylı bağ sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlərin; bağların bölgüsünə dair sxematik xəritədən çıxarışın; həmin bağ sahəsi ilə bağlı digər şəxslərin müraciətinin mövcud olub-olmaması, eləcə də hər hansı şəxsin adına qeydiyyatdan keçib-keçməməsi olduğu halda həmin şəxs barədə məlumatın, imtinada qeyd olunan bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə faktiki bağ sahəsi arasındakı uyğunsuzluğun əsaslandırılması, yerləşdiyi faktiki yerin sxematik xəritədə hansı hissəyə və ya hansı bağın (bağların) ərazisinə uyğun gəlməsi; bağ sahəsinin yerləşdiyi yer göstərilməklə ərazinin situasiya planının və ortofotosunun, həmçinin müayinə aktının təqdim edilməsi” barədə sorğusuna cavab olaraq 3-21-3-30/2-43081/2023 **********81 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatında torpaq sahəsinin qeydiyyatı və digər fiziki şəxsin müraciəti barədə məlumat yoxdur. Həmçinin ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Qeyd olunan ərazinin dəqiq hansı bağ nömrəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə müraciətdə qeyd olunan sənədlərin surəti təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyasının qənaəti belədir ki, sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının mərhum babasının iradəsindən asılı hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndində nəzərdə tutulduğu kimi vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Həmçinin, Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin digər bağ sahəsinə uyğunluğu (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi)” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarı). Ümumi hasar daxilində yerləşmə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, sözügedən hal iddianın təmin edilməməsinə əsas verə bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum Pircan Qurbanqulu oğluna məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14111/2022 saylı, xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar