Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2153/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Hüseyn Aida Əli qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının vəkili Hümbətov camal Əli oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4927/2021 saylı iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4927/2021 saylı 07 may 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqlan haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyariarı"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” İlə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. İddiaçının sənədlərin nəzər salsaq, müddətsiz əlilliklə bağlı hər hansı “Forma 88" olmadığı aşkar edilmişdir. Müddətsiz əlillik üçün tibb müəssisəsi tərəfindən göndəriş göndərilməsi məqsədə müvafiqdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən qüvvəd saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya 2006-cı il 08 fevral tarixindən ikinci dərəcə əlillik təyin edilmişdir İş materiallarında olan arayışlardan görünür ki, həmin əlillik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edildiyi günədək, yəni 2015-ci il 30 dekabr tarixədək hər dəfə bir il müddətinə artırılmışdır. Həmin tarixdən sonra isə adıçəkilən Əsasnamənin şərtlərinə uyğun olaraq iddiaçının ikinci əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılmışdır. İddiaçının ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi iiə bağlı cavabdeh orqana müraciətinə 01,03.2021-ci il tarixli 24'130031105 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “...30.12.2020-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmamışdır. AR NK-nin 16.01,2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar, İddiaçı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müalicə-müayinə olunacağı təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.” Bundan sonra iddiaçı X2 ’ cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2020-ci il tarixinə fasiləsiz olaraq 10 ildən yuxarı ikinci dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə həmin tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktiarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Həmin qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Həmin qanunun 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 6.1-ci bəndinə görə bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Cavabdeh apelyasiya şikayətinin dəlili kimi, AR NK-nin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası" və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası" na istinad edərək, iddiaçıya müddətsiz əlillik təyin edilməsindən imtinası üçün müvafiq tibb müəssisəsinin göndərişinin olmamasını əsas gətirir. İşin hallarından görünür ki, iddiaçıya əlillik təyin edilən zaman AR NK-nın 1997-ci il 29 avqust tarixli “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmin əsasnamənin tələblərindən aydın olur ki, ikinci dərəcə əlillik hər dəfə bir il müddətinə təyin edilməli və fasiləsiz olaraq on il təyin edildiyi hallarda isə müddətsiz təyin edilmiş hesab edilirdi. 30.12.2015-ci il tarixdə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən, ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilir və eyni zamanda fasiləsiz olaraq on il təyin edilmiş olduğu hallarda müddətsiz ikinci dərəcə əlillik təyin edilir. Qanunvericiliyin sadalanan normalarından aydın olur ki, ikinci qrup əlilliyin müddətsiz müəyyən edilməsi əlilliyin fasiləsiz olaraq 10 il təyin olunması şərti ilə bağlıdır. Bu şərt ödənildiyi halda, yuxarıda sadalanan əsasnamələrin heç birində müddətsiz’ikinci dərəcə əlilliyin verilməsi üçün tibb müəssisəsindən göndərişin verilməli olması göstərişi nəzərdə tutulmayıb. İşin faktiki halllarından aydındır ki, iddiaçı Məmmədova Sayalıya ikinci dərəcə əlillik 2006-cı ildə təyin edilmiş, növbəti Əsasnamənin təsdiq edildiyi günədək, yəni 2015-ci il 30 dekabr tarixədək hər dəfə bir il müddətinə artırılmışdır. 2015-ci ildə isə həmin əsasnamənin göstərişlərinə uyğun olaraq iddiaçıya ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilmişdir. Göründüyü kimi iddiaçının əlillik müddəti ümumilikdə 10 ildən artıq müddətə təyin edilmiş və həmin vaxt ərzində hər hansı fasilə də yaranmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4927/2021 nömrəli iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Hakimlər Xəyalə Cəmilova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-2153/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2153/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver