Məhkəmə qərarları › İş №2-1(103)-2153/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2153/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2153/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3041/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış sahəsi 500 kv. metr olan P-1 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən və ümumi sahəsi 0,06 ha olan İddiaçı ayrılmış torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınaraq, torpaq sahəsinə dair plan və ölçünün və çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3041/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən və ümumi sahəsi 0,06 ha olan İddiaçı ayrılmış P-1 bağ torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, torpaq sahəsinə dair plan və ölçünün və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Eyni zamanda ərazinin 200 kv.m və yarımçıq tikilinin bir hissəsi ayrıc aktından kənarda yerləşir. İddia tərəfindən təqdim edilən üzvlük kitabçası və protokoldan çıxarış xx.xx.2021-ci il tarixdə yeni möhürlə təsdiqlənmişdir. Həmçinin “Gəmi Təmirçisi” b/y ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya İnstansiya Məhkəməsinin Mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan sənədlər : - iddiaçıya məxsus Xətai RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Tovuz rayonu, Çatax kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş “Qeyri-Kommersiya Hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında” Şəhadətnamənin surətindən müəyyən olunur ki, “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti 02 noyabr 2017-ci il tarixdə 1117-QK7- 0052 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş “X1 Reyestrindən Çıxarış”ın surətindən müəyyən olunur ki, “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin fəaliyyət ərazisi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y; fəaliyyət predmeti və məqsədi isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın ərazisində üzvlərə ayrılan torpaq sahələrində bağçılığın inkişafını təmin etməkdən ibarətdir, qanuni təmsilçi X3r. - “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən 20 sentyabr 1989-cu il tarixdə verilmiş “Bağçının üzvlük kitabçası”nın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 20 sentyabr 1989-cu ildə Bağçılıqyoldaşlıq Cəmiyyətinə üzv qəbul olmuş və ona Hövsan qəsəbəsində P-1 saylı bağ torpaq sahəsi ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının sağ tərəf bağ sahələrinin situasiya planının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Gəmitəmirçisi” BYC-nin sahəsində yerlşən P-1 saylı bağ sahəsinin istifadəçisidir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********41 saylı məktubu ilə (analoji iş üzrə sorğuya əsasən) məhkəməyə təqdim olunmuş arxiv qovluğunda olan “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının surətindən müəyyən olunur ki, həmin siyahıda X6 adı 30-cü sırada qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********08 saylı məktubda qeyd olunmuşdur ki, arxivdə aparılmış araşdırma nəticəsində İddiaçı məxsus torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. – 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən P-1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən isə müraciətin təmin edilməsindən imtina olunmuşdur. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Cavabdeh imtina məktubunda, etirazda, həmçinin apelyasiya şikayətində bildirmişdir ki, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri keçirilən zaman faktiki torpaq sahəsinin 806 kv. metr təşkil etdiyi və ümumi sahənin 200 kv. metr hissəsinin və yarımçıq tikilinin bir hissəsinin ayrıc aktından kənarda yerləşdiyi müəyyən olunmuşdur. Qeyd edilən hal ilə bağlı Kollegiya bildirir ki, cavabdehin iddia etdiyi kimi faktiki torpaq sahəsi 806 kv.metr , ümumi sahənin 200 kv. metr hissəsinin və yarımçıq tikilinin bir hissəsinin ayrıc aktından kənarda yerləşdiyi doğru olsa belə iş materiallarında olan iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizədən görünür ki, iddiaçı ona ayrılmış olan 0,06 ha olan əraziyə dair iddia tələbində olmuşdur. Bu səbəbdən də cavabdehin imtinasına əsas olaraq göstərdiyi ilk dəlil Kollegiya tərəfindən əsassız hesab olunur. Cavabdehin digər dəlili ondan ibarətdir ki, İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. İş materiallarında olan “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən 20 sentyabr 1989-cu il tarixdə verilmiş “Bağçının üzvlük kitabçası”nın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 20 sentyabr 1989-cu ildə Bağçılıq yoldaşlıq Cəmiyyətinə üzv qəbul olmuş və ona Hövsan qəsəbəsində P-1 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmçinin, “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən BY-51 №-li xx.xx.2021-ci il tarixli çıxarışla verilmiş “Gəmi Təmirçisi” bağçılıq yoldaşlığının idarə heyətinin xx.xx.1988-ci il tarixli protokolundan çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bağçılıq Yoldaşlığının üzvü Reyxelqauz L.M və s. ərizəsinə əsasən istifadəsinə verilmiş P-1 (0,06 h) saylı bağ sahəsindən imtina edilməsi və İddiaçı “Gəmitəmirçisi” BY-na üzv qəbul edilməsi məsələsinə baxılaraq qərara alınmışdır : Reyxelqauz L.M ərizəsinə əsasən “Gəmitəmirçisi” BY-nin üzvlüyündən çıxarılsın və P-1 saylı bağ sahəsinin üzərində olan bütün hüquqları etibarsız hesab edilsin. İddiaçı ərizəsinə əsasən “Gəmitəmirçisi” BY-na üzv qəbul edilsin və P-1 (0,06 ha) saylı bağ sahəsi onun istifadəsinə verilsin. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısından da görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəlki sahibi olan və daha sonra həmin torpaq sahəsinin iddiaçıya ayrılması ilə əlaqədar bağçılıq yoldaşlıq təsərrüfatının üzvülüyündən çıxarılmış X6 adı qeyd olunmuşdur. Beləliklə qeyd edilənlərə əsasən Kollegiya cavabdehin “ iddiaçının adının üzvlük siyahısında olmaması” ilə bağlı növbəti dəlilini də əsassız hesab edir. - Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin “təqdim edilən üzvlük kitabçası və protokoldan çıxarışın xx.xx.2021-ci il tarixində möhürlə təsdiqlənməsi”nə dair göstərdiyi dəlilinə münasibətdə qəbul etdiyi qərarında bildirmişdir ki, “qeyd olunan möhür və imza müvafiq olaraq 02 noyabr 2017-ci il tarixdə qanuni əsaslarla dövlət qeydiyyatına alınmış, fəaliyyət ərazisi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y; fəaliyyət predmeti və məqsədi isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın ərazisində üzvlərə ayrılan torpaq sahələrində bağçılığın inkişafını” təmin etmək olan “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə və həmin cəmiyyətin qanuni təmsilçi X4 məxsusdur Cavabdeh tərəf “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/21 saylı, xx.xx.2021-ci il tarixli bildirişi daxil olduğunu, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının idarəyə daxil olmadığını bildirmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6288/2021 saylı qətnaməsindən isə görünür ki, həmin iş üzrə müəyyən edilən hallar hazırkı iddia tələbinin təmin edilməməsinə əsas ola bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Beləliklə, işin şərh olunan hallarını müzakirə edən Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3041/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar