Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2155/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovun ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müvafiq xidmət illəri üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-875/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 oktyabr 1991-ci il tarixdən 1 iyul 1993-cü il tarixədək müvafiq hərbi hissədə xidmət etdiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) 1 oktyabr 1991-ci il tarixdən 1 iyul 1993-cü il tarixədək AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət dövrü növbəti məzuniyyətlərdən istifadə etməmişdir. Xidməti ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi ilə bağlı etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə 10 fevral 2020-ci il tarixdə AR Müdafiə Nazirliyinə rəsmi ərizə təqdim etmişdir. AR Müdafiə Nazirliyindən verilən 17 fevral 2020-ci il tarixli 12/583 nömrəli məktubla bildirilmişdir ki, 12 iyun 2010-cu il tarixədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmət dövründə istifadə etmədikləri növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının ödənişi «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» AR Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. İddiaçının (İddiaçı) 1 iyul 1993-cü il tarixədək xidmət etdiyini nəzərə alaraq ona hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının ödənişi yuxarıda qeyd edilən qərarın normalarına zidd olduğu bildirilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin “AR Silahlı Qüvvələrində xidmət dövrü ərzində (01.10.1991-01.07.1993-cü illərdə) istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının AR Müdafiə Nazirliyinin 78 nömrəli 19.03.1994-cü il tarixli əmrinə əsasən hesablanaraq ödənilməsi” kimi qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-875/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçının hazırlki tələbə dair iddiasına məhkəmədə baxılmış, cavabdehin kassasiya şikayəti təmin olunmuş, AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1154/2017 saylı iş üzrə 8 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-664/2017 saylı iş üzrə 7 mart 2017- ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Mahiyyət üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-875/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1 oktyabr 1991-ci il tarixdən 1 iyul 1993-cü il tarixədək olan dövr üzrə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömn Qanunu ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasına və Azərbaycan Respublikasının 1997-ci il oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda müddəa əlavə edilmişdir: “Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həm təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada və məbləğdə ödənilir”. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə həmin qanunvericilik aktlarının müvafiq normalarına edilmiş əlavələrdə nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 sentyabr 2012-ci il tarixdə “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 217 №-li Qərar qəbul etmişdir. Qərarın 1-ci hissəsində müəyyən edilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmət olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 121-ci maddəsinə ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarından görünür ki, Nazirlər Kabineti 2012-ci il 28 sentyabr tarixli Qərarın icrasını Qanunun qüvvəyə mindiyi tarixdən (12 iyun 2010-cu il) etibarən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilməsini nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 28 mart 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Nazirlər Kabinetinin istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğini və ödəmə qaydalarını müəyyən etmək səlahiyyəti olsa da, o, kompensasiya almaq hüququna malik olan şəxslərin dairəsini nizamlaya bilməz. Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Nazirlər Kabinetinə tövsiyə olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 dekabr 2014-cü ild tarixdə “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək tarixinədək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 399 №-li Qərar qəbul etmişdir. Qərarın 2-ci hissəsində göstərilir ki, 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərin sayına vurmaqla müəyyən edilir. Deməli, Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarı 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsinə dair Konstitusiya Məhkəməsinin 28.03.2014-cü il tarixli Qərarının tövsiyəsi ilə qəbul edilmişdir. Qərar həmin dövrədək hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış sabiq hərbi qulluqçulara aid edilmiş, istifadə edilməmiş növbəti məzuniyyətə görə onlara ödənilməli olan kompensasiyanın məbləğini və ödəmə qaydalarını müəyyən etmişdir. İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya mənasından göründüyü kimi istifadə edilməmiş məzuniyyətə görə ödənilir, bir qayda olaraq pulla ödənilir, təmin olunmamış məzuniyyət hüququnun pulla əvəzlənməsini özündə ehtiva edir. 2010-cu ilin iyunun 12-dək hərbi xidmətdən buraxılmış şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 sentyabr 2012-ci il tarixli qərarını tətbiq etmək olmaz. Çünki, normativ hüquqi aktı qəbul etmiş subyekti həmin şəxslərə qərarın şamil edilməsini nəzərdə tutmamışdır, məhkəmə də normativ hüquqi aktı qəbul etmiş subyektin iradəsi ziddinə hərəkət edə bilməz, onu əvəzləyə bilməz. 2010-cu ilin iyunun 12-dək hərbi xidmətdən buraxılmış şəxslərə Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarında 1991-1993-cü illər üzrə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi göstərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)- 875/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamalı olduğu halda bunu etməmiş, işə mahiyyəti üzrə baxıb iddianın əsaslılığına qiymət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçı hərbi xidmət olduğu 01.10.1991-01.07.1993-cü illərdə istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasınınödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mübahisə açdığı məsələ də İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, qanunla müəyyən edilən iddia müddətləri daxilində qaldırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-875/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-875/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müvafiq xidmət illəri üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2155/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2155/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver