Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2155/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi(vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 Ə2009ş/h 033-22 nömrəli xx.xx.2022-ci il tarixli əmrini ləğv edərək, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə vəzifəsinə bərpa olunması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri Nizami rayonu 2010 saylı orta məktəbə daxil olmuş, xx.xx.2006-cı ildə 9-cu sinifi bitirib 14 saylı Peşə Litseyinin ''X2 operatoru” ixtisasına daxil olmuş, 22 aprel 2009-cu ildə tam kursu bitirmişdir. 2009-cu ilin aprel ayında həbi xidmətə çağrılmış, 2010-cu ildə hərbi xidməti bitirmişdir. 14 dekabr 2010-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "X5 Alayı”na əmri verilmişdir. xx.xx.2011ci ildə "Polis nəfəri - Polis Serjantı" vəzifəsinə xidmətə başlamışdir. Polisə işə qəbul olunduğu gündən qüsursuz xidmət göstərmişdir. Xidməti illəri ərzində “qüsursuz xidmətə görə” medalla, mükafatla təmin olunmuşdur. Xidmət ərzində müxtəlif tədbirlərdə iştirak etmişdir. 2011-ci il "Boks" çempionatı, Bakıda Birinci təşkil olan 2012-ci "Evrovision” Bakı tədbirində iştirak etmişdir. Oranın vacib olan "içərinin mühafizəsinin təşkili"ni təmin etmişdir. Bakı 2015 Avropa Oyunlarının tədbirində olmuşdur. Bunlardan əlavə, işlədiyi dövrdə mühafizəsi X7 tapşırılmış bütün tədbirlərdə üzərinə düşən vəzifəni layiqincə icra edən polis işçisi kimi onun iştirakı olub. İşlədiyi bütün dövrdə, cəmi bir dəfə 2011-ci ilin aprel ayının 5-də "Töhmət" almışdır. (Əsas - Bir xanıma maşın satdığına görə). Maddədə qeyd ediblər ki, daxili işlər orqanının etik davranış kodeksi "Nizam-intizamsızlığı". Həmin töhmət də onun tutduğu vəzifə ilə əlaqədar olmayıb. xx.xx.2022-ci ildə "QİÇS" xəstəliyinə yoluxduğunu öyrənmiş, bu barədə dərhal öz rəhbərliyinə məlumat vermişdir və özü mərkəzi "QİÇS" xəstəliyiylə mübarizə mərkəzində qeydiyyatdan keçmişdir. 06 may 2022-ci ildə Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasına çağrılmışdır. Ondan analiz götürmüşlər və bülleten açmışlar. Büllütendə olduğu müddətdə onun barəsində və xəstəliyi barəsində xidməti araşdırma aparılmışdır. Xidməti vəsiqəsi əlindən alınmışdır. 3 iyun 2022-ci ildə büllütenini bağlamış, 2 saylı poliklinikada xidmətə başladığını bildirmişdirlər. O bu barədə öz rəhbərliyinə bildirmiş, lakin rəhbərliyi ona xidmətə çıxa bilməyəcəyini bildirmiş və bu barədə xəbər verəcəklərini qeyd etmişdirlər. xx.xx.2022-ci il tarixdə rəhbərlik onun işdən xaric olunduğunu bildirmişdir. Daxili İşlər Nazirliyinin Əlahiddə X4 Ə209 s/h-033-22 nömrəli xx.xx.2022- ci il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında Əsanamə"nin 135-ci maddəsinin 6-cı, 9-cu, 10-cu bəndləri ilə “səhhətinə görə, DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə" müvafiq olaraq xidmətdən xaric edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10253/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 014 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı vəzifəsinə bərpa olunması şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, cavabdeh tərəfin məhkəməyə yazdığı fikir və etirazının əsaslarını, səbəbini doğru düzgün araşdırmadan, onun işlədiyi dövrdə vəzifəsinin öhdəsindən layiqincə gəlməyini, ən mühüm tədbirlərdə iştirak etməyini, ailə vəziyyətini (ailədə xəstə valideyninin olmasını), səhər toplantısına gecikməsinin əsil səbəbini aydınlaşdırmamasını və göstərilən digər halları araşdırmamışdır.Məhkəmə cavabdeh tərəfin barəsində mənfi xarakteristika verməsini əsas gətirərək onun işdən azad olunmağı barədə əmrin bütün maddələrini əsaslı hesab edərək cavabdehin mövqeyini müdafiə etmişdir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı İddiaçı xəstəliyi və Alayın xx.xx.2022-ci il tarixli Ə173-033-22 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6, 9 və 10-cu bəndlərinə əsasən müvafiq əmrlə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 Ə2009ş/h 033-22 nömrəli xx.xx.2022-ci il tarixli əmrinini mübahisələndirmiş, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Təqdim olunmuş inzibati icraat mateiallarından aşağıdakılar müəyyən olunur: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X5 Alayinin xx.xx.2022-ci il tarixli, Ə173-033-22 nömrəli Əmrində qeyd olunmuşdur ki, “DİO əməkdaşlarının etik davranış Kodeksi” nin 1, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.1 və 3.2-ci bəndlərinin tələblərini pozaraq, Qanunu rəhbər tutmalı olduğu halda istifadəsində olan nəqliyyat vasitəsini vətəndaş Nəfəs Baxşiyevaya satarkən qanunla müəyyən edilmiş qaydada alqı-satqı prosedurlarına riayət etmədiyinə, bununla da sonuncu tərəfindən avtomobilin sənədsiz idarə olunmasına şərait yatdığına görə 5-ci patrul bölüyünün polis nəfəri, polis serjantı İddiaçı “töhmət” elan edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 014 nömrəli Əmrinə əsasən “Polis haqqında” Qanunun 13 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının davranış kodeksi”nin 1, 2, 3, 12, 14, 18 və 22-ci maddələrinin, İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq müəmmalı həyat tərzi keçirən şəxslə etik davranış qaydalarına zidd münasibət qurması ağır zöhrəvi xəstəliklərə yoluxması ilə nəticələndiyinə, Bakı şəhərinin ərazisini icazəsiz tərk edərək Quba rayonuna getdiyinə, təhkim olunduğu postu özbaşına tərk etdiyinə, üzrlü səbəb olmadan səhər düzülüşünə gecikdiyinə, polis geyim formasını itirdiyini rəhbərlikdən izlətmək məqsədilə sıra baxışı zamanı həmkarının formasından istifadə etdiyinə, tabel silahının təhvil-təslimi zamanı müvafiq kitabda imza etmədiyinə, xidmətdə mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı İddiaçı xəstəliyi və Alayın xx.xx.2022-ci il tarixli Ə173-033-22 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6, 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: -108-ci bəndinə görə daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. -109-cu bəndinə əsasən daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı: tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı; tabeliyində olan əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı; tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli; tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli; şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər. -114-cü bəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. “X3 X1 Kodeksi”nin: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. -2-ci maddəsinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. -3-cü maddəsinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. -12-ci maddəsinə əsasən cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. -14-cü maddəsinə əsasən iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. -18-ci maddəsinə əsasən kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən cinayətkar aləmdə tanınmış və nüfuza malik şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə getməməlidir. -22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. İş materiallarından Daxili İşlər Nazirliyinin Əlahiddə X4 polis nəfəri İddiaçı Bakı şəhərinin ərazisini icazəsiz tərk edərək Quba rayonuna getməsi, təhkim olunduğu postdan özbaşına yayınması, üzrlü səbəb olmadan səhər düzülüşünə gecikməsi, polis geyim formasını itirdiyini rəhbərlikdən gizlətməsi, tabel silahının təhvil-təslimi zamanı müvafiq kitabda imza etməməsi kimi hallar müəyyən edilir. Göründüyü kimi, iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması halları öz təsdiqini tapmış və mübahisələndirilən əmrin qanunsuzluğuna dair iddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi zamanı sübut təqdim edilməmiş, formal mülahizələrlə birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğu bildirilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin” Siyahısına əsasən daxili işlər orqanlarında xidmətkeçməyə yol vermədiyini düzgün vurğulamışdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının 2 nömrəli Dəri Zöhrəvi dispanserində dərinləşdirilmiş müayinədən keçirilərkən “Erkən gizlin sifis” diaqnozu təyin edilmiş, sonuncudan götürülmüş qan nümaunəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə olunarkən insan immunçatışmazlığı virusu (İİV) aşkarlanmışdır. «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə görə daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: -6-cı bəndinə görə səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; -9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, -10-cu bəndinə görə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin” Siyahısı”nın: -1-ci bəndinə görə bu Siyahı “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli, 280 nömrəli Fərmanının 1.4- cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısını müəyyən edir. -2-ci bəndinə görə İİV-lə yaşayan şəxslərin səhhətinə mənfi təsir göstərən, immun sistemini zəiflədən peşə və vəzifələr aşağıdakılardır: 2.4. fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi, daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr. Qedy edilənləri nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2155/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2155/2023
26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver