Məhkəmə qərarları › İş №2-1(103)-2156/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2156/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2156/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3061/2021 saylı 20 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Dənizdə neftçi işləmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2253/2014 saylı iş üzrə qərarı ilə ona 12.04.2009-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin dövrdə qüvvədə olan qanunvericliyə müvafiq olaraq 2004 – 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan apelyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmiş və ona pensiya təyin olunmuşdur. Lakin 2020-ci ilin sentyabr ayından ona təyin edilmiş pensiyanın məbləği dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə ona rəsmi məlumat verilmir. Ona 2014-cü ildə məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın ödənişinin dayandırılması özbaşnalıqdır və qanunsuzluqdur. Ona qanuni əsaslarla pensiya təyin edilmişdir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarının icrası qanunsuz olaraq dayandırılmışdır. Pensiya ödənişini dayandırılması barədə məlumat da verilmir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsaslanaraq, məhkəmə qərarı ilə ona təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3061/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, uzun müddət dənizdə neft sahəsində işlədiyinə görə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2253/2014 saylı, 20.06.2014-cü il tarixli qərarı ilə ona 12.04.2009-cu il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardan apelyasiya şikayəti verilməmişdir. Qərar qanuni qüvvəyə minmiş, ona pensiya təyin edilmiş və həmin pensiya ödənilirdi. Lakin 2020-ci ilin sentyabr ayından ona təyin edilmiş pensiya məbləğinin ödənişi naməlum səbəbdən dayandırılmışdır. Bu barədə mənə heç bir rəsmi məlumat verilməmişdir. Pensiya ödənişinin qanunsuz dayandırılması ilə əlaqədar müxtəlif dövlət orqanlarına, o cümlədən cavabdehə və qərarı qəbul etmiş məhkəməyə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası qanunsuz dayandırıldığı üçün dəfələrlə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il və 04.06.2021-ci il tarixli məktublarında göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2253/2014 saylı, 20.06.2014-cü il tarixli qərarı icra edilmişdir, yeni mübahisə olduğu halda müvafiq iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. O, da məcburiyyət qarşısında qalıb məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Çünki nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə Dövlət Sosial Müdafiə Fondu, nə də Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun müraciətlərinə hər hansı bir cavab vermirlər. Məhkəmə isə öz qərardadında göstərir ki, “iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın ayrıca qərarı qəbul olunduğu halda, iddiaçı onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırkı halda belə qərarın mövcudluğu müəyyən edilmir. İddiaçıya əmək pensiyasının təyinatı müvafiq məhkəmə qərarı əsasında aparıldığından və pensiya ödənişinin dayandırılması barədə ayrıca inzibati akt (əlverişsiz inzibati akt) qəbul olunmadığından, pensiya ödənişinin dayandırılması hərəkətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir.” Lakin qeyd etdiyi kimi o, məhkəməyə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar da dəfələrlə müraciət etmiş və yuxarıda qeyd etdiyi cavabları almışdır. Hesab edir ki, məhkəmənin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün deyildir. Ona görə də məhkəmə tərəfindən iddianın mümkün sayılmaqla icraata götürülməsi və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməlidir. Apelyasiya baxışı zamanı iddiaçı və vəkili X3 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın ayrıca qərarı qəbul olunduğu halda, iddiaçı onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırkı halda belə qərarın mövcudluğu müəyyən edilmir. İddiaçıya əmək pensiyasının təyinatı müvafiq məhkəmə qərarı əsasında aparıldığından və pensiya ödənişinin dayandırılması barədə ayrıca inzibati akt (əlverişsiz inzibati akt) qəbul olunmadığından, pensiya ödənişinin dayandırılması hərəkətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə, ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmim Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış 23.09.2020 və 23.10.2020-ci il tarixli ərizələrdən görünür ki, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2253/2014 saylı qərarı ilə ona güzəştli şərtlərlə yaşa görə təyin olunmuş və sonradan dayandırılmış pensiyasının bərpa edilməsini xahiş edir. Lakin inzibati orqan tərəfindən pensiyanın dayandırılmasına səbəb olan hallar barədə münasibət bildirilməmişdir. İddiaçı bundan sonra məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi cavabdeh orqan öz hərəkətsizliyi ilə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətsizliyi qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən inzibati orqanın hərəkətsizliyi ilə bağlı hər hansı bir araşdırma aparılmamış və qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göstərilən normalardan görünür ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin vəzifəsidir və belə hallarda proses iştirakçılarının vəsatəti olmasa belə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamağa borcludur. Lakin birinci instansiyası məhkəməsi işə baxarkən göstərilən prosessual normaların tələblərini pozmuş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, zəruri sübutları toplamamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3061/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar