Məhkəmə qərarları › İş №2-1(103)-2156/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2156/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2156/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2156/2023 (Açar sözlər: “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, İbrahimli Səid Şəhniyar oğlunun katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1343/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AO № ******* saylı xx.xx.N6-cı il tarixli itmiş hərbi biletin yerinə verilmiş hərbi biletdən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N6-cı il tarixdə hərbi qeydiyyatdan çıxarılmışdır.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-4649 saylı iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya'’nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-580 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni dəfələrlə özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.”

3. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-580 saylı arxiv arayışından görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı Bəymoviç oğlu N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli 62 №-li əmrilə (əsas: səh.-76, §2, sıra78; qeydi əmrdə atasının adı “Bəymoviç” yazılmış, vəzifəsi qeyd edilməmişdir) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin olunmuşdur. Təmir bölüyünün sıravisi İddiaçı Bəyimoviç oğlu N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 94 №-li əmrilə (əsas: səh-53, §2, sıra-26; qeyd: əmrdə atasının adı “Bəyimoviç" yazılmış, ezam olunduğu yer qeyd edilməmişdir) döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Təmir bölüyünün hərbi qulluqçusu İddiaçı Baim oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 130 №-li əmrilə (əsas: səh.-27, §1, sıra32; qeyd: əmrdə atasının adı “Baim” yazılmışdır) ərzaqla təmin edilmişdir. Təmir bölüyünün çavuşu İddiaçı Baim oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü tarixli 146 №-li əmrilə (əsas: səh.-5, §3; qeyd: əmrdə atasının adı “Baim”; hərbi rütbəsi “çavuş" yazılmışdır) “bölmə komandiri” vəzifəsinə təyin olunmuşdur. Fərarilkdən qayıtdığı üçün Təmir bölüyünün sıravi əsgəri İddiaçı Baim oğlu N №- li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 13 №-li əmrilə (əsas: §4.2; qeyd: əmrdə atasının adı “Baim” yazılmışdır) yenidən Təmir bölüyündə bütün növ təminatlarla təmin olunmuşdur. xx.xx.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Bəim oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 255 №-li əmrilə (əsas: səh.-37, §2; qeyd: əmrdə atasının adı “Bəim” yazılmışdır) təminatlardan azad edilərək, ştatdan kənar edilmişdir. N №-li hərbi hissə komandirinin avqust N6-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-ci il tarixli 9/2-4264 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız 11 aprel 2016-ci il tarixli 1/A-2677 №-li sorğunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından İddiaçı Bəyimoviçin xidməti barədə məlumat verə bilmirik.”

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli 9/2-5800 saylı arxiv arayışdan görünür ki, “N № hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 № əmrilə şəxsi heyətin siyahısına, bütün növ siyahılara salınaraq, “sıravi” hərbi rütbəsi verilmiş (əsas: sıra 78, §-2, səh.116 ) və komandirin xx.xx.N2-ci il tarixli 94 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir (əsas: sıra 26 . §-2, səh. 173 ). Qeyd edirik ki, N № hərbi hissənin əlifba qeydiyyatı kitablarında və komandirin nizami hissə üzrə əmrlərində may N4-cü il tarixlərdə sonrakı xidmətiniz barədə məlumat aşkar edilməmişdir.”

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 368- 10306A- 3221 saylı arayışından görünür ki, iddiaçının məhkumluğu yoxdur.

7. Məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-8842 saylı məktubu ilə təqdim edilmiş məlumatlardan görünür ki, Suraxanı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı Bəymoviç N №li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 №-li əmrilə (əsas: §-2, səh-76, sıra- 78; əmrdə atasının adı “Bəymoviç" yazılmış, vəzifəsi yazılmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin olunmuşdur. Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Bəyimoviç N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 94 №-li əmrilə (əsas: §-2, səh-53, sıra-26, əmrdə atasının adı “Bəyimoviç” yazılmış, ezam olunduğu yer göstərilməmişdir) döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 130 №-li əmrində (əsas: §-1, səh-27, sıra-32, əmrdə atasının adı “Baim" yazılmışdır) Təmir bölüyünün hərbi qulluqçusu İddiaçı Baim oğlunun ərzaqla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 146 №-li əmrində (əsas: §-3, səh-5, əmrdə atasının adı “Baim”, hərbi rütbəsi “çavuş" yazılmışdır) Təmir bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı Baim oğlunun “bölmə komandiri” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 13 №-li əmrində (əsas: §- 4.2, əmrdə atasının adı “Baim” yazılmışdır) fərarilikdən qayıtdığı üçün Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Baim oğlunun yenidən Təmir bölüyündə bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 255 №-li əmrində (əsas: §-2, səh-37, əmrdə atasının adı “Bəim” yazılmışdır) xx.xx.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Bəim oğlunun təminatlardan azad edilərək, ştatdan kənar saxlanılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin avqust N6-cı İl tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

8. Məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində saxlanılan iddiaçıya məxsus uçot kartasının surətindən görünür ki, iddiaçı N saylı hərbi hissəyə xx.xx.N2- ci il tarixli 62 №-li əmri ilə qəbul edilmiş, lakin xx.xx.N6-cı il tarixə qədər xidməti barədə məlumat yoxdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N saylı hərbi hissənin təmir bölüyündə hərbi xidmətdə qulluq etmiş, Laçın, Kəlbəcər, Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişdir. xx.xx.N3-cü il tarixdə Kəlbəcər rayonu erməni seperatçıları tərəfindən işğal olunduğu üçün N saylı hərbi hissənin dislokasiya yeri (Xanlar) indiki Göygöl rayonunun Hacıkənd kəndində yerləşdirilmişdir. N3-cü ilin dekabr ayında ayaq barmaqlarını don vurduğuna görə iddiaçı 10 gün müddətində evə məzuniyətə buraxılmış, N4-cü il yanvar ayında müalicə alaraq, yenidən hərbi hissəyə qayıtmışdır. Yanvar-fevral aylarında hərbi hissə Kəlbəcər rayonunu geri qaytarmaq üçün hücuma keçmiş, fevral ayının axırlarında iddiaçı təmir bölüyü ilə mühasirədən çıxaraq, Hacıkənd kəndinə qayıtmışdır. Oradan şəxsi heyəti yenidən yığmaq üçün Seyfəli poliqonuna göndərilmiş, N4-cü ilin mart ayında hərbi hissəsi Füzuli rayon istiqamətinə göndərilmiş, N4-cü ilin aprel ayında Füzuli rayonundan Ağdam rayonuna göndərilmiş və 12 may N4-cü il tarixində atəşkəs elan olunmuşdur. Həmin vaxt iddiaçı hərbi xidmətini davam etdirmiş, lakin ayaq barmaqları əziyyət verdiyi üçün komandir tərəfindən müalicəyə göndərilmişdir. Bundan sonra iddiaçı hərbi hissəyə qayıtmış və ona bildirilmişdir ki, o, tərxis olunmuş, hərbi bileti qeydiyyatda olan hərbi komissarlığa göndəriləcək. xx.xx.2015-ci il tarixində iddiaçı hərbi biletini almaq üçün hərbi komissarlığa müraciət etmiş, lakin ona bildirilmişdir ki, hərbi bileti itirilib və iddiaçıya onu əvəz edən hərbi bilet veriləcək. İddiaçı döyüşlərdə iştirak etdiyi üçün Müdafiə Nazirliyinin Arxiv İdarəsinə və Müharibə Veteranı adı və vəsiqəsinin verilməsi üçün Komissiyaya müraciət etmiş, lakin xx.xx.2016-cı il tarixdə ona imtina edilərək bildirilmişdir ki, hərbi hissəyə qəbul olunması barədə əmr var, tərxis olunması barədə isə heç bir məlumat yoxdur. İddiaçı sonradan yenidən Mərkəzi Arxiv İdarəsinə sorğu göndərmiş, ona verilən arayışda fərarilikdən sonra gəlib hərbi hissədə qulluğunu davam etdirdiyi yazılmışıdr. İddiaçı təkrarən sənədlərini toplayıb Komissiyaya təqdim etmiş, lakin növbəti dəfə guya dəfələrlə fərarilik etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.

10. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan dövrlərdə müvafiq əmr olmadan silah-sursat daşınması üçün başqa hərbi hissələrə, habelə Bakı şəhərinə gedib-gəlmişdir.

11. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər”sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatı”nın 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 01 fevral 2022-ci il tarixli 4/2-580 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman dəfələrlə hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı xidmət yerini tərk etməsi qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər müharibə veteranı sayıla bilməz. Müdafiə Nazirliyi hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməməsi, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi hallarının olmaması ona müharibə veteranı adının və vəsiqəsinin verilməli olmasını təsdiq edən hal deyildir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan zaman hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müdafiə Nazirliyi hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1343/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ordu sıralarında hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin tədqiq olunan arxiv arayışına görə iddiaçı N № hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 № əmrilə şəxsi heyətin siyahısına, bütün növ siyahılara salınaraq, “sıravi” hərbi rütbəsi verilmiş və komandirin xx.xx.N2-ci il tarixli 94 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmiş, xx.xx.N3-cü il tarixli 146 №-li əmrlə təmir bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı Baim oğlu “bölmə komandiri” vəzifəsinə təyin edilmiş, lakin N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 13 №-li əmri ilə fərarilikdən qayıtdığı üçün təmir bölüyünün əsgəri, sıravi kimi yenidən bütün növ təminatlarla təmin edilmiş, xx.xx.N4-cü il tarixli 255 №-li əmrlə xx.xx.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün təminatlardan azad edilərək, ştatdan kənar saxlanılmışdır. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitablarında və komandirin nizami hissə üzrə əmrlərində may N4-cü il tarixlərdə sonrakı xidməti barədə məlumat ümumiyyətlə aşkar edilməmişdir. Həmçinin də məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində saxlanılan iddiaçıya məxsus uçot kartasından da görünür ki, iddiaçı N saylı hərbi hissəyə xx.xx.N2-ci il tarixli 62 №-li əmrlə qəbul edilmiş, lakin xx.xx.N6-cı il tarixə qədər xidməti barədə məlumat yoxdur. İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmədiyini əsaslandırmaga çalışsa da, məhkəmədə ona verilən suallara cavab olaraq xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan dövrlərdə müvafiq əmr olmadan silah-sursat daşınması üçün başqa hərbi hissələrə, habelə Bakı şəhərinə gedib-gəldiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı N saylı hərbi hissəni özbaşına tərk etmişdir. Bu hal isə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən iddiaçıya veteran statusunun verilməsini istisna edir.

14. Beləliklə də iddiaçının qanuni əsaslarla hərbi hissədə xidmət etməsi barədə məlumat təqdim olunmadığından ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsindən əsaslı olaraq imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarında xidmət etməsi barədə sübutlar müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

15. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir.

16. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdə olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

17. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü, 8-ci maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1343/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, fərarilik etməmişdir. İşi ilə bağlı tez-tez Bakıya avtomaşınların texniki hissələrini gətirməyə gedirdi. Çox vaxt hərbi hissənin Səfərbərlik şöbəsinin işçisi olmurdu ezamiyyətə çıxırdı. Əgər o fərarilik edirdisə niyə görə hərbi hissəyə qayıtdı? Bu haqda o, məhkəmə prosessində bildirmişdi. Lakin məhkəmə qərarında qeyd edilir ki, o, avqust-dekabr ayları N3-cü il tarixdə gedib-gəlməyini sübut edə bilməmişdir.Bundan başqa o, məhkəmədə bildirmişdir ki, hərbi biletini hərbi hissədə itirilmişdir. Ona görə haqlı olduğunu sübut edə bilmir. Bununla yanaşı hərbi bileti əvəzləyən sənəddə qeyd olunub ki, o, 226-saylı hərbi hissədə hərbi qulluqda olmuşdur. Lakin iddiaçı heç vaxt N saylı hərbi hissədə qulluq etməmişdir.Bununla yanaşı qeyd olunur ki, xx.xx.N6-cı il tarixdə təxris edilməyinə dair məlumatların hərbi bileti əvəzləyən sənəddə qeyd olunmasının kim tərəfindən aparıldığı məlum deyil. Məhkəmə də bu məsələni araşdırmayıb.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər .Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: -Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... -Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər

24. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. İddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının ordu sıralarında hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı müəyyən edilmir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin tədqiq olunan arxiv arayışına görə iddiaçı N № hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 № əmrilə şəxsi heyətin siyahısına, bütün növ siyahılara salınaraq, “sıravi” hərbi rütbəsi verilmiş və komandirin xx.xx.N2-ci il tarixli 94 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmiş, xx.xx.N3-cü il tarixli 146 №-li əmrlə təmir bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı Baim oğlu “bölmə komandiri” vəzifəsinə təyin edilmiş, lakin N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 13 №-li əmri ilə fərarilikdən qayıtdığı üçün təmir bölüyünün əsgəri, sıravi kimi yenidən bütün növ təminatlarla təmin edilmiş, xx.xx.N4-cü il tarixli 255 №-li əmrlə xx.xx.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün təminatlardan azad edilərək, ştatdan kənar saxlanılmışdır. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitablarında və komandirin nizami hissə üzrə əmrlərində may N4-cü il tarixlərdə sonrakı xidməti barədə məlumat ümumiyyətlə aşkar edilməmişdir.

34. Həmçinin də məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində saxlanılan iddiaçıya məxsus uçot kartasından da görünür ki, iddiaçı N saylı hərbi hissəyə xx.xx.N2-ci il tarixli 62 №-li əmrlə qəbul edilmiş, lakin xx.xx.N6-cı il tarixə qədər xidməti barədə məlumat yoxdur. İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmədiyini əsaslandırmaga çalışsa da, məhkəmədə ona verilən suallara cavab olaraq xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan dövrlərdə müvafiq əmr olmadan silah-sursat daşınması üçün başqa hərbi hissələrə, habelə Bakı şəhərinə gedib-gəldiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı N saylı hərbi hissəni özbaşına tərk etmişdir. Bu hal isə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən iddiaçıya veteran statusunun verilməsini istisna edir.

35. Beləliklə də iddiaçının qanuni əsaslarla hərbi hissədə xidmət etməsi barədə məlumat təqdim olunmadığından ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsindən əsaslı olaraq imtina edilmişdir.

36. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarında xidmət etməsi barədə sübutlar müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

37. İddiaçı apellyasiya şikayətində həmçinin, qeyd etmişdir ki, o, məhkəmədə bildirmişdir ki, hərbi biletini hərbi hissədə itirilmişdir. Ona görə haqlı olduğunu sübut edə bilmir. Bununla yanaşı hərbi bileti əvəzləyən sənəddə qeyd olunub ki, o, 226-saylı hərbi hissədə hərbi qulluqda olmuşdur. Lakin iddiaçı heç vaxt N saylı hərbi hissədə qulluq etməmişdir.Bununla yanaşı qeyd olunur ki, xx.xx.N6-cı il tarixdə təxris edilməyinə dair məlumatların hərbi bileti əvəzləyən sənəddə qeyd olunmasının kim tərəfindən aparıldığı məlum deyil. Məhkəmə də bu məsələni araşdırmayıb.

38. Şikayətin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə iddiaçının hərbi biletini əvəzləyən sənəddə qeyd olunmuş məlumatların hansı qaydada və kim tərəfindən aparıldığının müəyyən edilməsi ilə bağlı deyil, iddiaçıya “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi ilə bağlıdır.

39. Hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarının tələblərinə görə, “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

40. Əsasnamənin tələbinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.( Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndi (Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ...))

41. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, nəzərə almaq lazımdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

42. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdə olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir. Bununla da iddia tələbinin əsaslı sayılması üçün istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ödənilmir.

43. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1343/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1343/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar