Məhkəmə qərarları › İş №2-1(103)-2157/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2157/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2157/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2896/2023 nömrəli 16 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1975-ci ildən 1982-ci ilədək, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi illərin nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2896/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2896/2023 nömrəli 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan inzibati araşdırma apararaq iddiaçının 25 il sosial sığorta stajının olmadığı qənaətinə gəlmiş və xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubunda ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “14 №-li X3 Trestinin 5 №-li X3” idarəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri hesab edilmiş, Abşeron rayon şöbəsinin xx.xx.2015-ci il tarixli arayışına əsasən iddiaçının 14 №-li X3 Trestinin 5 №-li X3 İdarəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti zamanı 1995-ci ildə 9 ay, 1996-cı ildə 3 ay, 1997-ci ildə 3 ay, 1998-ci ildə 3 ay adına əməkhaqqı hesablanmayıb. Həmin arayışa əsasən 1999-2005-ci illər üzrə müəssisənin fəaliyyəti olmamışdır və buna görə də həmin illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər həyata keçirilməmişdir. Bu səbəbə görə yuxarıda qeyd edilən xx.xx.1995-xx.xx.2006-cı illər arasındakı dövr sosial sığorta stajına salınmamış və iddiaçının sığorta stajı 25 ildən az (23 il 04 ay 08 gün) olduğu aşkar edilmişdir. İnzibati orqan qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək inzibati araşdırmanın üsulu və həcmini müəyyən etmiş və müvafiq olaraq iş üzrə əlavə sübutlar toplamışdır. Cavabdeh orqan əldə edilmiş sübutlara əsasən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “14 №-li X3 Trestinin 5 №-li X3” idarəsindəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Qeyd edilən dövrə aid Abşeron rayon şöbəsinin xx.xx.2015-ci il tarixli arayışında əmək fəaliyyəti zamanı iddiaçının sadəcə bir qisim aylarda əmək haqqı aldığının göstərilməsinə baxmayaraq, məhkəmə iddianı təmin etmiş və iddiaçıya 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdəhə həvalə etmişdir. Beləliklə, iddiaçının “14 №-li X3 Trestinin 5 №-li X4” idarəsindəki əmək fəaliyyətində mübahisələndirilən stajı cəmi 08 il 06 aydır və aşağıdakı kimidir: xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, 1995-ci, 1996-cı, 1997-ci, 1998-ci illər üzrə-01 il 06 ay, 1999- 2005-ci illər üzrə-07 il. Qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur (65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur). İş materiallarında olan DT-İ № 780393 saylı diplomun surətindən görünür ki, İddiaçı 1975-ci ildə Bakı Politexnikumuna daxil olmuş və 1982-ci ildə həmin Texnikumun Sənaye və mülki tikintiləri ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8 saylı imtina məktubunda qeyd edilir: xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Sizə xx.xx.2015-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyinizin müddəti bitdiyi üçün pensiyanızın ödənişi xx.xx.2021-ci il tarixində dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının, təhsil haqqında diplomunuzun və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək təhsil aldığınız illər və hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 23 il 4 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 5 ay sığorta stajına uyğun olaraq 17.414,53 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1.726,13 manat olmaqla, ümumilikdə 19.140,66 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, pensiya işinizə daxil olan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin xx.xx.2015-ci il tarixli arayışına əsasən “14 №-li X3 Trestinin 5 №-li X3 İdarəsin”dəki xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyətiniz zamanı 1995ci ildə 9 ay, 1996-cı ildə 3 ay, 1997-ci ilidə 3 ay, 1998-ci ildə 3 ay adınıza əmək haqqı hesablanmayıb. Həmin arayışa əsasən 1999-2005-ci illər üzrə müəsissənin fəaliyyəti olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, xx.xx.2022-ci il tarixindən əmək müqavilənizə xitam verildiyi üçün Sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ötən dövr üçün hesablanmış ümumi məbləğ növbəti aylarda bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün “Kapital Bank" ASC-nin Binəqədi filialına müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1982-ci illərdə Bakı Politexnikimunda təhsil almış, xx.xx.1976-xx.xx.1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 8 nömrəli trestin 85 saylı tikinti idarəsinə 3-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Baş Quşçuluq Sənaye TQİ-də 3-cü dərəcəli suvaqçı, xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Tikinti Trestinin 32 saylı TQİ baş usta, mühəndis, qazıcı, iş icraçısı, xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 14 nömrəli X1ndə 5 nömrəli İİT idarəsinin rəisi işləmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin direktoru təyin edilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********889700 saylı məktubdan görünür ki, “14 saylı X1” (VÖEN **********) xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan iddiaçının sığorta stajının 25 ildən az olduğunu əsas gətirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. İddiaçının xx.xx.2022-ci ildə 65 yaşı tamam olmuşdur. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı və məhkəməyə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2015-ci il tarixli arayışına əsasən iddiaçının 14 №-li X3 Trestinin 5 №-li X3 İdarəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti zamanı 1995-ci ildə 9 ay, 1996-cı ildə 3 ay, 1997-ci ildə 3 ay, 1998-ci ildə 3 ay adına əməkhaqqı hesablanmamış, həmin arayışa əsasən 1999-2005-ci illər üzrə müəssisənin fəaliyyəti olmamış və buna görə də həmin illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər həyata keçirilməmişdir, bu səbəbə görə yuxarıda qeyd edilən xx.xx.1995xx.xx.2006-cı illər arasındakı dövr sosial sığorta stajına salınmamış və iddiaçının sığorta stajının 25 ildən az (23 il 04 ay 08 gün) olduğu aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 14 nömrəli X1ndə işləmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********889700 saylı məktubdan görünür ki, “14 saylı X1” (VÖEN **********) xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Müəssisənin fəaliyyətdə olmaması və əmək haqqı cədvəllərinin saxlanılmaması iddiaçının təqsiri üzündən baş verməmişdir, qeyd olunanlara iddiaçı cavabdehlik daşımır. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcbur dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, iddiaçıya həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçı hərbi xidmət və təhsil aldığı dövr daxil olmaqla pensiya hüququnun yarandığı tarixə (xx.xx.2022-ci ilədək) 25 ildən artıq (39 il 2 ay 21 gün) staja malikdir (xx.xx.1975-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.2995, xx.xx.1995-xx.xx.2015). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, iddiaçının 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur və həmin tarixə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2896/2023 nömrəli 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar