Məhkəmə qərarları › İş №2-1(103)-2157/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2157/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2157/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3248/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 28 sentyabr 2013-cü il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 28 sentyabr 2019-cu il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, təkrarən həmin maddəyə əsasən 28 sentyabr 2021 və 10 yanvar 2023-cü il tarixindən əlavələri hesablanaraq ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan, 28 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 28 sentyabr 2019-cu il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, təkrarən həmin maddəyə əsasən 28 sentyabr 2021 və 10 yanvar 2023-cü il tarixindən əlavələrin hesablanaraq ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə ərzə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 27 avqust 2024-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil. İddiaçı xx xxxxxxxx 1956-cü ildə təvəllüdlüdür. Orta təhsilini başa vurduqdan sonra X1 Satış bölməsində 24 nömrəli mağazada kiçik satıcı işinə qəbul edilmişdir. 30 oktyabr 1975-ci ildə hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad edilmişdir. 05 noyabr 1975-14 noyabr 1977-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 08 fevral 1978-ci ildə Bakıbaştikintinin Ağac Emalı Kombinatına obyektlərin mühafizəsi üzrə bölmə komandiri vəzifəsinə işə qəbul edilmişdir. 13 oktyabr 1978-ci ildə işdən çıxmışdır. 24 oktyabr 1978-ci ildə N.Nərimanov adına NQÇİ-də qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş və 03 oktyabr 1979-cu ildə işdən çıxmışdır. 15 oktyabr 1979-cu ildə Azərbaycan Dəmir Yollarının X3 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 21 iyul 1980-ci ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmişdir. 06 avqust 1984-cü ildə dizel avadanlıqlarının cari təmiri üzrə təmirçi çilingər vəzifəsinə keçirilmişdir. 11 sentyabr 1984cü il tarixində refrijerator qatarının rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 25 sentyabr 1992-ci ildə refrijerator seksiya mexaniki keçirilmişdir. 04 dekabr 1992-ci ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmişdir. 13 noyabr 1995ci ildə refrijerator seksiya mexaniki keçirilmişdir. 04 iyun 1996-cı ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmişdir. 09 aprel 2001-ci ildə refrijerator seksiya mexaniki keçirilmişdir. 04 mart 2002-ci ildə işdən çıxmışdır. 15 yanvar 2004-cü ildə X11 Vaqon Deposunda şümşad və diyircəkli yastıqların təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. 04 yanvar 2005-ci ildə refrijerator seksiya mexaniki keçirilmişdir. 05 iyun 2006-cı ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmişdir. 14 fevral 2018-ci ildə işdən çıxmışdır. 14 fevral 2018-ci ildə X13 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 28 sentyabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Ekspress MMC-nin X13 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 03 oktyabr 2019cu ildə X13 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə keçirilmişdir. 10 yanvar 2023-cü ildə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. 01 yanvar 2006-cı ilə qədər iddiaçı ümumilikdə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Syahısı”nın 21.4-cü bölməsindəki Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyndə 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçasında (hissə 56-1) giriş hissədə deyilir: Vahid Tarif-ixtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır. Hər hansı bir sahə uçun spesifik xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri" hissəsinə daxil edilmişdir. VTİSK-nın "Bütün sahələr üçün ümumi olan fəhlə peşələri və işləri" bölməsinin "Ümumi müddəalar"inda qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu mənada, X7 X4 Yolu Nəqliyyat üzrə Şurasının “X5, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası arasında refrijerator hərəkət tərkiblərinin beynəlxalq daşımalarda istismar Təlimatı”nın (sonradan-Təlimat) 3.1-ci maddəsində deyilir: Ümumi müddəalar: 3.1.1. Seksiyalara … bir qayda olaraq, iki mexanikdən ibarət olan briqada tərəfindən xidmət edilir, hansı ki, onlardan birinin üzərinə (sonradan mətndə - seksiyanın işinə məsul olan mexanik adlanacaq) depo seksiyanın işinə və texnoloji və istehsalat intizamının təmin edilməsinə rəhbərlik etmək öhdəliyini qoyur. Təlimatda deyilir: 3.2.3. Seksiyanın işinə məsul olan mexanik, seksiyanın istismarı, həmçinin tez xarab olan yüklərin keyfiyyətsiz daşınması hallarında ortaya çıxan məsələlərin həllində təhkim olunduğu deponun nümayəndəsidir. 3.2.4. Seksiyanın işinə məsul olan mexanik borcludur; seksiyanın xidmət edilməsi işlərinə rəhbərliyi həyata keçirməyə; depo tərəfindən verilmiş növbətçilik qrafıkinin yerinə yetirilməsinin təmin edilməsinə; texniki sənədləşmənin dəqiq aparılmasını təmin etmək və nəzarət etməyə; ehtiyat hissələrin, materialların, yanacağın, sürtgülərin və xladonun sərfiyyat uçotunu aparmağa; seksiyanın avadanlığının təmirinin və texniki xidmətinin vaxtlı-vaxtmda keçirilməsinə; seksiyanın təchizatı üçün tədbirlər görməyə; stansiya növbətçisini (manevr dispetçerini) seksiyanın təchizat və təmirdən sonra göndərilməyə hazır olması barədə vaxtında informasiya verməyə; stansiya işçilərindən vaqonların boşaldıqdan sonra yük blmələrinin təmizlənməsini tələb etməyə, keyfiyyətsiz təmizlənmə zamanı stansiya rəisinə tədbirlər görməsi üçün yazılı məruzə etməyə, 432-5 nömrəli „baytar-Sanitar işlənməsi Təlimatı”na uyğun yuyulmasını tələb etməyə (briqada bu zaman yuyulmaya görə məsuliyyət daşımır; Seksiyanın işi barədə telefon və teleqrafla yolların müvafiq şöbələrini və idarələrini, eləcə də, yolların xətti müəssisələrini və təhkim olduğu deponu məlumatlandırmağa; seksiyanın planı təmir növlərinə vaxtında göndərilməsi tədbirlər görmək; vaqonların və onların avadanlıqlarının təmirdən təhvil alınmasında iştirak etməyə və təmir işlərinin keyfiyyətli həyata keçirilməsini tələb etməyə; təhkim olduğu deponun rəhbərliyini briqadanın dəyişdirilməsi barədə seksiyanın yerləşdiyi konkret məntəqəni və tarixi göstərməklə məlumatlandırmağa. Həmin Təlimatın 3.2.5 və 3.2.6-cı bəndlərində növbətçi mexanikin vəzifələri sadalanır. Həmin təlimatın 3.1.1-ci bəndində qeyd edildiyi kimi, seksiyada iki mexanik olur. Bu, onu təsdiq edir ki, mexaniklər eyni işi yerinə yetirirlər və onların hər biri - istər sadəcə mexanik, istərsə də üzərinə briqadaya rəhbərlik funksiyaları qoyulmuş digər mexanik növbətçilik əsasında seksiyanın xidməti (istismarı) ilə bağlı eyni vəzifə funksiyalarını yerinə yetirirlər. Hər iki mexanik qrafik əsasında (sutkanın saat bölgüsünə əsasən) növbətçi mexanik olur. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-3248/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdehə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il qərarı ilə iddiaçı X2 iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməlidir. Belə ki, iddiaçı X.X10 müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi "xxxx" QSC-nin 28 mart 2024-cü il tarixli 13-1/2-S-983/1-42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996xx.xx.2001-ci il, xx.xx.2006-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən vəzifəyə aid deyildir. Buna görə də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 9 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2019xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmasından isə görünür ki, məhkəmə tərəfindən işin tam, hərtərfli və obyektiv araşdırılması aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra - Siyahı) ayrı-ayrı bölmələrində müxtəlif adlarda mexaniklər və böyük mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. Eyni zamanda, siyahının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 1-1-ci hissəsinə əsasən, “Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər”. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə onun müxtəlif dövrlərdə refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin rəhbər mexaniki vəzifəsi Siyahının hər hansı bölməsində mövcud deyildir. Bundan başqa, "xxxx" QSC-nin iddiaçıya dair arayışında müəssisədə aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq refrijerator qatarlarının mexaniki, böyük mexaniki, rəhbər mexaniki vəzifələrində çalışan işçilərin zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilmədiyi qeyd olunmuşdur. Həmçinin, sözügedən müəssisənin kadr məsələləri üzrə məsul işçiləri ilə şifahi qaydada aparılmış danışıqlar zamanı həmin vəzifələrin "xxxx" QSC-nin 13 aprel 2018-ci il və 26 may 2023-cü il tarixlərində keçirilmiş attestasiyalarından keçmədikləri, lakin refrijerator qatarlarının (seksiyalarının) mexaniki vəzifəsi Siyahıda nəzərdə tutulduğundan həmin vəzifələrdə çalışan vətəndaşlara müəssisə tərəfindən güzəştli arayışlar verildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən, Siyahıda nəzərdə tutulduğu üçün refrijerator seksiyaları mexaniki vəzifəsində və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 1-1-ci hissəsinin tələblərinə uyğun olaraq refrijerator seksiyaları böyük mexaniki görə əmək pensiyası təyin edilir, lakin refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi vəzifəsində işləyən şəxslərə güzəştli şərtlərlə yaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilmədiyindən həmin vəzifədə çalışan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. Birinci instansiya məhkəməsi qeyd olunan sübutlarla kifayətlənərək, sözügedən məsələləri araşdırmadan iddia tələbini təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi inzibati prosessual qanunverciliyin tələblərini pozaraq sadəcə formal əsaslarla kifayətlənmiş, mübahisənin düzgün həli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin 28 mart 2024-cü il tarixli Sizə dair arayışında xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2001-ci il, xx.xx.2006-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifəyə aid deyil. Buna görə də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 9 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: xx.xx.1979-xx.xx.1980-ci illərdə Ələt liman stansiyasında refrijerator seksiyaların mexaniki vəzifəsində, xx.xx.1991-ci ildən Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində, xx.xx.1992-ci ildən Yeni- Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki vəzifəsində, xx.xx.1992-ci ildən Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində, xx.xx.1995-ci ildən Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki vəzifəsində, xx.xx.1996-cı ildən Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində, xx.xx.2001xx.xx.2002-ci illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki vəzifəsində, xx.xx.2005-ci ildən Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki vəzifəsində, xx.xx.2006-xx.xx.2018-ci illərdə Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-xx.xx.2018-ci illərdə X13 refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-ci ildən "xxxx" MMC-nin X13 refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində, xx.xx.2019-xx.xx.2023-cü illərdə "xxxx" MMC-nin X13 refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləmişdir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 29 il 10 ay 23 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, təiəb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ADY-nin Ələt liman stansiyasında xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, X11 vaqon deposunda xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod: 23001000—23598) abzaslarında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçı X11 və Şərq vaqon depolarında xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və X13 xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 29 il 10 ay 23 gün təşkil edir. Bununla yanaşı, İddiaçı ADY-də işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalardan göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2013-cü ildə qüvvədə olan qanunvericilik normalarına əsasən kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi "xxxx" QSC-nin 28 mart 2024-cü il tarixli arayışında xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2001-ci il, xx.xx.2006-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən vəzifəyə aid deyildir. Buna görə də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 9 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2005xx.xx.2006-cı il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında qeydlərdə hər hansı müdaxilə və qeyri-müəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və digər sənədlərdən görünür ki, hərbi xidmət dövrü daxil olmaqla iddiaçının ümumi iş stajı 25 ildən artıqdır (xx.xx.1974xx.xx.1975, xx.xx.1975-xx.xx.1977 (hərbi xidmət), xx.xx.1978-xx.xx.1978, xx.xx.1978xx.xx.1979, xx.xx.1979-xx.xx.2002, xx.xx.2004-xx.xx.2013 - cəmi 36 il 09 ay 22 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" QSC-də Ələt liman stansiyasında xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, X11 vaqon deposunda xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixindək, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək, xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki vəzifələrində işləmişdir (20 il 08 ay 06 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur:

21. Nəqliyyat; 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: refrijerator qatarlarının (seksiyaların) mexanikləri. Həmin sahə və peşənin qeyd olunan siyahıya uyğunluğu işəgötürənin arayışı ilə də təsdiq edilmişdir. Bundan başqa, refrijerator qatarlarının (seksiyaların) rəhbər mexanikləri vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğun olması analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğuna görə kassasiya şikayətinin mümkün sayılmaması barədə qərardadlarında da öz əksini tapmışdır (iş №2-1(102)-1701/2025, 2-1(102)-1059/2025). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 57 yaşının tamam olduğu tarixədək 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından (xx.xx.2013-cü ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının hazırki iş üzrə hüquqi marağı ona 57 yaşının tamam olduğu 28 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarının qərara aldı hissəsində ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi göstərilsə də, qərarın əsaslandırıcı hissəsində məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə istinad edərək əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməli olduğunu qeyd etmişdir. Göründüyü kimi, məhkəmə ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi qənaətini qeyd olunan normanın tələblərinə uyğun olaraq müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olması ilə əsaslandırmış, sadəcə olaraq qərara aldı hissədə texniki olaraq qeyd olunan formada ifadə etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bu səbəbdən də xx.xx.2021-ci ildən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, qərara aldı hissəsində «ötən dövr üçün» sözlərinin əvəzinə «xx.xx.2021-ci ildən» sözləri qeyd edilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3248/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı, qərara aldı hissəsində «ötən dövr üçün» sözlərinin əvəzinə «xx.xx.2021-ci ildən» sözləri qeyd edilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar