Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2158/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-3585/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mənzil növbəsinə qeydiyyata alınmağı üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 14 ünvanında uzun müddətdir ki, yaşayır. Bu səbəbdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı üçün şəhid ailəsi olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Baxmayaraq ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 14 ünvanında xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır, halbuki həmin ünvanda 10 ilə yaxın müddətdir ki, yaşayır. Həmin ünvana qeydiyyata alınmazdan əvvəl həmin ünvanda - ünvan 1rədə arayışın təqdim olunması üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbəsi inzibati ərazi idarəsi üzrə nümayəndəliyinə müraciət etsə də Əhmədli qəsəbəsi nümayəndəliyi həmin ünvanda qeydiyyatsız yaşamağı barədə arayışın yalnızca məhkəmə sorğusu əsasında təqdim oluna biləcəyini bildirmişdir. Məhkəmə sorğusu əsasında qeydiyyatsız yaşamağı barədə arayışla uzun müddət Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 14 ünvanında yaşamağı təsdiq olunur. Bundan əlavə olaraq məhkəməyə şahidlərin ifadələri ilə həqiqətən 10 ilə yaxın Bakı şəhərində yaşadığını təsdiq edə bilər. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mərhum həyat yoldaşının Hərbi əməliyyatlar zamanı şəhid olduğunu bildirərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddianın qərar qəbul edilməsi məsələsi məhkəmənin səlahiyyətinə buraxılır. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-3585/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-3585/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 002560 nömrəli vəsiqəyə əsasən İddiaçı şəhid ailəsi üzvü statusu verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-18420-1221 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 14 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İddiaçı AA******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, 14 saylı ev xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X3 etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2020-ci il tarixli ərizəsində xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.1997-ci il təvəllüdlü X2, xx.xx.1997- ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 14 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, Ə-238/3-068/3H1 nömrəli məktubda bildirilmişdir ki, ərizənizdə yaşayış yeri üzrə mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, siz xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Dairəvi- 7 küçəsi, ev 14-də qeydiyyata alınmısınız. Məlumat üçün nəzərinizə çatdırılır ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2020-ci il tarixədək qeydiyyatda olduğunuz ünvana dair MKİS-dən ətraflı arayışı (mənzilin otaqlarının sayı, yaşayış sahəsinin kv.m-ri, qeydiyyatda olan şəxslərin siyahısı və s. göstərilməklə) rayon İcra hakimiyyətinin hüquq şöbəsinə təqdim etməyiniz xahiş olunur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr - əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanları tərəfindən şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi mənzil növbəsinə alınması Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. İddiaçı Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulmuş, xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, 14 saylı evin mülkiyyətçisi X3 razılığı ilə həmin ünvana pasport qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yerli icra hakimiyyəti ərazisində azı son 5 il ərzində daimi yaşaması və bu yaşamanı təsdiq edən həmin müddətə pasport qeydiyyatında olması tələb olunduğu halda iddiaçı sözügedən ünvanda xx.xx.2020-ci il tarixdən qeydiyyata düşmüşdür. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeydiyyatda olduğu yer üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-3585/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Fuad Babayev
Məhkəmə qərarları › İş №2-1(103)-2158/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2158/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver