Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2158/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, qaçqın statusu verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6219/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 47/1 nömrəli 22 dekabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 10 dekabr 2021-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əfqanıstanın Kabil şəhərində anadan olmuşdur, milliyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). 6 yaşında Əfqanıstanda məktəbə başlamış, 11-ci sinifi “Altaqua” özəl məktəbində oxumuş, Azərbaycana gələndən sonra Bakı şəhəri. Xətai rayonu, R.Məmmədov adına 269 saylı tam orta məktəbi bitirmişdir. O və ailə üzvləri Əfqanıstanda Taliban hərəkatının üzvləri Əbdül Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib edilib. Anası müəllim işlədiyi vaxt Taliban tərəfindən iki dəfə hədə-qorxu gələn məktublar alıb, onu öldürəcəklərini deyiblər. Atasını da Talibanla əməkdaşlıq etməklə hədələyiblər, lakin o bundan imtina edib. 2014-cü ildə ailəsi Avropaya getmək üçün onlara qarşı edilən təhdidlər səbəbindən ilk dəfə Əfqanıstandan Dubay vasitəsilə Qambiyaya gedib, lakin orada 8 ay qaldıqdan sonra Kabil şəhərinə qayıdıblar. Anası 2014-2016-cı illər ərzində Təhsil Mərkəzində işləyərkən bankomatdan pul çıxarmaq istəyərkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb, bu hadisədən sonra o, ailəsi ilə birlikdə ölkədən çıxmaq qərarına gəlib. Onlar qanuni yollarla İrana gediblər və oradan ailə üzvləri ilə birlikdə Türkiyəyə keçiblər, lakin 2017-ci ildə Türkiyə Bolqarıstan sərhədində tutularaq Əfqanıstana qayıdıblar. 2017-ci ildən bəri o, dəfələrlə ölümlə hədələnib, bu səbəbdən ailəsi ilə yenidən ölkəni tərk etmək qərarına gəlib və 2019-cu ildə Azərbaycana gəliblər.Viza alaraq ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixində Azərbaycana gəlmişdir. Azərbaycana gələndən sonra 1 ay müddətində kafede ofisiant, sonra Yasamal rayonunda 1 ay müddətində avtomobil yuma məntəqəsində, sonra isə 4 ay müddətində “Rest-Travel” turizm şirkətində satış müdiri kimi, daha sonra Nizami küçəsində yerləşən Pakistan restoranında menecer kimi, həmçinin daha sonra “Elart travel" şirkətində daxili tur meneceri işləmişdir. Ərizəçinin digər ailə üzvləri özü ilə birlikdə Bakı şəhərində yaşayırlar. 10 dekabr 2021-ci ildə sığınacaq vəsatəti ilə müraciət edib. Cavabdeh onun vəsatətini 07-2021 saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O bildirib ki, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətində olduqları üçün təhdid olunacağından ehtiyat edir, bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmir. Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istəyir. 22 dekabr 2022-ci ildə DMX İQ-47/1 saylı qərarı ilə sığınacaq vəsatəti rədd edilib. Cavabdeh qərarını onunla əsaslandırıb ki, o vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır. Cavabdehin imtinası əsassız olmaqla, həm Azərbaycan Respublikasının qanunvericliyinə, həm də Beynəlxalq qanunvericiliyə ziddir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan İddiaçı 10 dekabr 2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 07-2021 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi Əfqanıstanda “Taliban” hərəkatının üzvü olan Abdul Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib olunduğunu söyləsə də, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Ərizəçi qeyd etdiyi təhdidlə əlaqədar ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmişdir. Ərizəçi ailəsinə qarşı olan təhdidlərin Kabil şəhərində yaşayarkən baş verdiyini bildirsə də, ölkəsinə hər dəfə geri qayıtdıqdan sonra Kabil şəhərinə qayıtması və orada yaşamasına davam etməsi, onun təqib olunmaları ilə bağlı dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. O, ölkə xaricinə yerdəyişmə etsə də, hər dəfə qayıtdıqdan sonra uzun müddət Əfqanıstanın Kabil şəhərində yaşaması faktı da şəxsin 1951-ci il konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da ərizəçinin əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6219/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 10 dekabr 2021-ci il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulması, cavabdeh Dövlət Miqrasiya Xidmətinin 22 dekabr 2022-ci ildə DMX İQ-47/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, Dövlət Miqrasiya Xidməti işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib, belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir, DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Birinci instansiya məhkəməsində ərizəçinin mənşə ölkəsi olan Əfqanıstan İslam Respublikasında hökumət nümayəndələri tərəfindən real təhdidlər olması barədə ərizəçi tərəfindən təqdim edilmiş sənədlər məhkəməyə təqdim edilmiş, real faktlar səsləndirilmiş, lakin birinci instansiya məhkəməsi həmin faktları nəzərə almamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Əfqanıstan vətəndaşıdır, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 10 dekabr 2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına 07-2021 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı İddiaçı Əfqanıstanın Kabil şəhərində anadan olduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 6 yaşında məktəbə getdiyini, 1 və 2ci sinifləri “Omeyd” özəl məktəbində, 3-5-ci sinifləri “Təmim Ənsar” özəl məktəbində, 6-9cu sinifləri “Alauddin” dövlət məktəbində, 10-cu sinfi “Nasir Xosrov” dövlət məktəbində, 11ci sinfi “Altaqua” özəl məktəbində oxumağa başladığını və Azərbaycana gələndən sonra Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov adına 269 saylı tam orta məktəbdə bitirdiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi 1 qardaşı və 3 bacısının olduğunu, hazırda valideynləri ilə birlikdə ünvan 1 ünvanında yaşadıqlarını, özünün isə subay olduğunu bildirmişdir. O, Əfqanıstanda işləmədiyini, Azərbaycana gələndən sonra 1 ay kafedə ofisiant, sonra Yasamal rayonunda 1 ay avtomobil yuma məntəqəsində, daha sonra 4 ay “Rest-travel” turist şirkətində satış müdiri kimi, sonra isə Nizami küçəsində yerləşən Pakistan restoranında menecer kimi, həmçinin daha sonra “Elart travel” şirkətində daxili tur meneceri kimi işlədiyini qeyd etmişdir. İddiaçı özünə və ailə üzvlərinə qarşı taliblər tərəfindən təhdid olduğunu, bu barədə polisə şikayət etdiklərini, lakin polis heç bir tədbir görə bilmədiyi üçün Əfqanıstanda həyatı üçün təhlükə hiss edərək bu səbəbdən ölkəsini tərk etməyə məcbur qaldığını, viza alaraq ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə Azərbaycana gəldiyini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi Əfqanıstanda “Taliban” hərəkatının üzvü olan Abdul Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib olunduğunu söyləsə də, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Ərizəçi qeyd etdiyi təhdidlə əlaqədar ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmişdir. Ərizəçi ailəsinə qarşı olan təhdidlərin Kabil şəhərində yaşayarkən baş verdiyini bildirsə də, ölkəsinə hər dəfə geri qayıtdıqdan sonra Kabil şəhərinə qayıtması və orada yaşamasına davam etməsi, onun təqib olunmaları ilə bağlı dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. O, ölkə xaricinə yerdəyişmə etsə də, hər dəfə qayıtdıqdan sonra uzun müddət Əfqanıstanın Kabil şəhərində yaşaması faktı da şəxsin 1951-ci il Konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da ərizəçinin əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırırr ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6219/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2158/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2158/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver