Məhkəmə qərarları › İş №2-1(103)-2158/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2158/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2158/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6 cəlb olunmaqla) qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-498/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə ünvan 1 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin ölmüş şəxs X4 məxsus olması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...X11 İdarəsi ilə mərhum atası X8 arasında bağlanmış 27 may 1983-cü il tarixli 14248 nömrəli müqaviləyə əsasən Zirə qəsəbəsi, 212 saylı sahə ünvanda yerləşən 0,20 ha torpaq sahəsi Y.Heydərova icarəyə verilmişdir. Atası xx.xx.1988-ci il tarixdə vəfat etmiş, miras qalmış əmlaka Zirə qəsəbəsi 212 saylı sahə ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair ünvan 2 işi açılmış, iddiaçı mərhumun vərəsəsi kimi tanınmışdır. Notarius tərəfindən ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə göstərilən ərazi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-709/22 saylı məhkəmə mübahisəsi mövcuddur, lakin yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Qeyd edilən məhkəmə mübahisəsinin olub-olması ilə bağlı araşdırma hər hansı bir mübahisənin mövcud olmadığını müəyyən etmiş, bundan sonra, yenidən cavabdehə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunan iradların aradan qaldırılmadığı, bundan əlavə, göstərilən əraziyə digər fiziki şəxsin müraciətinin qeydə alındığı bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının mərhum atasına X11 İdarəsi tərəfindən ayrılmış, həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onların istifadəsində olmuşdur. İmtina məktubunda qeyd edilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğunsuzluq təşkil etməsi formal bir yanaşmadır və burada iddiaçının və mərhum atasının hər hansı bir təqsiri yoxdur və hüquqlarına xələl gətirməməlidir. O ki qaldı, əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınması ilə bağlı qeydə isə, iddiaçının atasına məxsus olmuş, indi isə vərəsəlik qaydasında iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə başqa şəxsin müraciətinin olması mümkünsüzdür. Çünki, bu vaxta kimi nə qonşularla, nə də ki, başqa şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisə mövcud olmamışdır. Sözügedən torpaq sahəsində ağaclar əkilmişdir. Cavabdehin göstərdiyi əsaslar iddiaçının atasına məxsus bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata almamasına maneçilik törədə bilməz. ...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə göstərilən ərazi ilə bağlı digər fiziki şəxsin (X7) müraciəti daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq bağ sahəsinin iki tərəfinin sərhədləri şərtidir ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 498/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Zirə qəsəbəsi, 212 saylı sahə ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin ölmüş şəxs X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün hesab edilmişdir). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə göstərilən ərazi ilə bağlı digər fiziki şəxsin (X7) müraciəti daxil olmuşdur. Əlavə olaraq bildiririk ki, bağ sahəsinin iki tərəfinin sərhədləri şərtidir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə cavabdehin apellyasiya şikayti ilə razılaşmayraq qeyd etmişdir ki, iddiaçıya məxsus bağ sahəsinin nömrəsi 2012-dir. Cavabdeh bildirir ki, həmin sahə üçüncü şəxsin adına qeydiyyatdadır. Lakin üçüncü şəxs kimi işə cəlb ounmuş həmin şəxs məhkəmədə bildirdi ki, onun bağ sahəsi iddia edilən sahədən fərqli, Abşeron rayonu ərazisindədir və onun bağ işi Sumqayıt İnzibati Məhkəməsindədir və hal-hazırda iddiaçının bağ sahəsinin rəsmiləşdirilməsinə etiraz etmir. ІІ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Zirə qəsəbəsi, 212 saylı sahə ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin ölmüş şəxs X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İşə əlavə olunmuş Xəzər RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə və Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx/xx-1333 №li 30 oktyabr 2020- ci il tarixli arayışa əsasən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçının övladı olduğu, mübahisəli bağ sahəsinin sahibi X9 - 19 yanvar 1988-ci ildə Bakı şəhərində vəfat etmiş və bu barədə 01 fevral 1998-ci il tarixdə Xəzər rayon Zirə qəsəbə İcra Nümayəndəliyində qeydə alınmış 06 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının atası X9 (Гейдаров Ядулла Гасан о.) arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin icarəyə verilməsi haqqında” xx.xx.1983-cü il tarixli, 14248 nömrəli müqavilənin təsdiq edilmiş surətinə əsasən Zirə qəsəbəsində 0,20 ha sahəsi olan 212 saylı bağ sahəsi mərhum Y.Heydərovun icarəsinə verilmiş, həmin bağ sahəsinin planı tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh İdarənin işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli **********56 nömrəli məktubuna əsasən müəyyən olunur ki, İdarənin arxivində sözügedən tərəflər arasında həmin bağ sahəsinin icarəyə verilməsinə dair bağlanmış xx.xx.1983-cü il tarixli, 14248 nömrəli müqavilə mövcuddur. Bakı şəhər 7 saylı Xüsusi Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən sözügedən bağ sahibi X3 xx.xx.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun qanun üzrə vərəsəsi İddiaçı müraciəti əsasəndı vərəsəlik işi açılmış və miras qalmış ünvan 5 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinini mərhuma məxsus olması barədə çıxarışın verilməsi cavabdeh idarədən xahiş olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, idddiaçının mərhum atası Y.H.Heydərov “Bağ sahəsinin və tikintilərin icarəyə verilməsi haqqında” xx.xx.1983-cü il tarixli, 14248 nömrəli müqaviləyə əsasən icarəsinə verilmiş - Zirə qəsəbəsində 0,20 ha sahəsi olan 212 nömrəli bağ sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmədən olmuş, onun övladı qanun üzrə vərəsəsi olan iddiaçı notariusa müraciət edərək vərəsələik şəhadətnaməsi verilmsini xahiş etmiş, sonuncu tərəfindən həmin bağ sahəsinə dair mərhumun adına çıxarış(arayış) verilməsi üçün cavabdeh qeydiyyat orqanın müraciət ünvanlanmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda, iddia ərizəsinə etirazı və hazırkı apellyasiya şikayətinin dəlilərində bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayış verilməsindən imtina edərkən bildirir ki, həmin sahənin bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edirvə həmin sahə ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7808 №li ekspert rəyindən görünür ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi və ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığı həmin ərazinin hansı bağ sahəsinə aid olmasını müəyyənləşdirmək mümkün olmadığı və sözügedən torpaq sahəsinə digər şəxsin müraciəti olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlilləri əsas gətirərək iddiaçıya arayış verilməsindən imtina olunması qanunsuzdur. Birincisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Göründüyü kimi, Nizamnamənin qeyd olunan tələbləri baxımından, iddiaçının mərhum atasına məxsus mübahisəli bağ sahəsində mövcud olan bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə bağlı uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın vəzifə öhdəliyidir. Həmin bağ sahəsi ilə bağlı başqa şəxsin, o cümlədən, üçüncü şəxs qismində cəlb olunmuş X2 məhkəmə mübahisəsinin olmasına gəldikdə, cavabdehin həmin dəlillərinin də əsasız olduğu işə materiallarına əsasən sübuta yetirilir. Birincisi, iddiaçının bağ sahəinin nömrəsi “212” üçüncü şəxsin isə “211”-dir. İkincisi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 709/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərardadı ilə üçüncü şəxsin Bakı şəhəri, Zirə bağ massivində yerləşən 211 saylı bağ sahəsinə iddia ərizəsi onun özünün müraciət əsasında geri götürülmüş hesab edilmiş, qeyd olunan qərardad mübahisələndirilməmişdir. Üçüncüsü, cavabdeh inzibati orqanın 211 saylı bağ sahəsi ilə bağlı üçüncü şəxsin müraciəti ilə bağlı cavab məktunda göstərilən ərazinin 211 saylı bağ sahəsinə aidiyyəti olmadığı qeyd olunmuşdur. Dördüncüsü, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, üçüncü şəxsin iddiaçının göstərdiyi torpaq sahəsinə dair hər hansı tələbi olmadığını bidirərək, iddia tələbinin təmin edilməsinə etiraz etməmiş (i.v.99) və ən azından birinci instaniya məhkəməsinin qərarı ilə razılaşaraq ondan apellyasiya şikayəti də verməmişdir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğu, başqa sözlə, iddia olunan bağ sahəsinin tam qanuni əsaslarla mərhum Y.H Heydərovun qanuni istifadəsində olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, mübahisəli bağ sahəsi daşınmaz əmlakın qanuni əsaslarla iddiaçının mərhum atasınaməxsus olması faktı öz təsdiqini tapsa da, cavabdeh orqan tərəfindən əsassız olaraq ona həmin əmlakın mərhuma məxsus olması barədə arayış verilməsindən imtina olunması onun qanunla qorunan hüquqlarını pozduğu təsdiq olunur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-498/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-498/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar