Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2159/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2021 saylı 01 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Xronometraj metodu ilə müşahidə aparılması haqqında **********6980 saylı 10 avqust 2018-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən obyektdə 11.08.2018-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidənin aparılması qərara alınmışdır. VN-14 seriyalı 016300 saylı 11 avqust 2018-ci il tarixli Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktın surətindən görünür ki, İddiaçı MMC-nin anbarında satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 11.08.2018-ci ilə xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. Günlük müşahidə nəticəsində 11.08.2018-ci il tarixdə satış dövriyyəsinin 132550,49 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda VN-14 seriyalı 016301 saylı 13 avqust 2018-ci il tarixli Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktın surətindən görünür ki, İddiaçı MMC-nin anbarında orta günlük satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 13.08.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. 13 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat müəyyən edilmişdir. Həmçinin VN-14 seriyalı 16302 saylı 14 avqust 2018-ci il tarixli Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktın surətindən görünür ki, İddiaçı MMCnin anbarında orta günlük satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 14.08.2018-ci il tarixdən 14.08.2018-ci il tarixinə xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. 14 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat müəyyən edilmişdir. VN-14 seriyalı 016303 saylı 14 avqust 2018-ci il tarixli Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktın surətindən görünür ki, İddiaçı MMC-nin anbarında orta günlük satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 13.08.2018-ci tarixdən 14.08.2018-ci il tarixədək olan dövrdə xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. Müşahidənin yekun nəticəsində 11 avqust 2018-ci ilə satış dövriyyəsinin 132550,49 (yüz otuz iki min beş yüz əlli manat, qırx doqquz qəpik) manat, 13 avqust 2018-ci il tarixdə 0,0 manat və 14 avqust 2018-ci il tarixdə 0,0 manat, cəmi: 132550,49 manat 3 günə, orta günlük satış dövriyyəsi 44183,50 manat müəyyən olunmuşdur. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********700600 saylı 15 may 2020-ci il tarixli qərardan görünür ki, təqdim edilmiş bəyannamənin 301.1-ci Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan “0 manat” məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş ( 711429.19 manat) məbləğdən 711429.19 manat az olduğu qeyd edilməklə, kameral yoxlama nəticəsində vergi ödəyicisinə əlavə 128057,25 manat vergi hesablanmışdır. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi **********700600 saylı 15 may 2020-ci il tarixli qərarının ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********700600 saylı 15 may 2020-ci il tarixli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 128,057,25 manat məbləği təşkil edir. Təqdim edilmiş bəyannamə üzrə onlar tərəfindən hesablanmış vergi məbləği isə “0” manat azalma təşkil etmişdir. Cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi tamamilə əsassız olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, **********6980 saylı 10.08.2018-ci il tarixli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərar əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidə aparılmış, müşahidənin nəticəsi üzrə 14.08.2018-ci il tarixdə tərtib olunmuş VN-14016303 saylı yekun aktına əsasən cəmiyyətdə orta günlük dövriyyənin ümumilikdə 44183,50 manat olduğu müəyyən edilmişdir. Lakin 2020-ci ilin fevral ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301.1-ci “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan “0” manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (711429.19 manat) məbləğdən 711429.19 manat az olduğu müəyyən olunmuşdur. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 15 aprel 2020-ci il tarixli **********350300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri snap sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin fevral ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 128057.25 manat əlavə vergi məbləği hesablanmış və 15 may 2020-ci il tarixli **********700600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2021 saylı 01 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Məhkəmə iddianın təmin edilməsinin əsası kimi qeyd edir ki, 2018-ci ilin avqust ayında keçirilmiş 3 günlük xronometraj "Azglobal-2016” MMC-nin gündəlik dövriyyəsinin müəyyən edilməsinə bir o qədər də əsas deyil. Belə ki, qanunvericiliyin tələbləri baxımından xronometrajın keçirilməsi üçün 3 günə kimi müddətin müəyyən edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən xronometraj 3 gün keçirilmiş və həmin 3 gün ərzində vergi ödəyicisinin anbarlarında satış yalnız bir gün, yəni 11 avqust 2018-ci ildə olmuş və vergi orqanı həmin gün həyata keçirilmiş satışdan əldə olunmuş məbləği vergi ödəyicisinin orta günlük satış dövriyyəsinin müəyyən edilməsində istifadə etmişdir. Məhkəmənin dəlili ilə əlaqədar olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddənin tələbindən göründüyü kimi, xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi müddətinin maksimum həddi nəzərdə tutulmuş, daha qısa müddət ərzində müşahidənin həyata keçirilməsi ilə bağlı məhdudiyyət müəyyən olunmamışdır. Beləliklə, göründüyü kimi, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticəsində vergilərin hesablanması vergi orqanının hüququ olmaqla bərabər, vergi orqanı tərəfindən əvvəlki dövrlər üzrə bu hüquqdan istifadə edilməməsi və ya vergi ödəyicisinin vergidən yayınmasının aşkar edilməməsi vergi orqanını növbəti dövrlər üzrə bu hüquqdan məhrum etmir. İddiaçı tərəf müvafiq təsirlərin nəticəsində dövriyyəsinin azalmasını rəsmiləşdirmək üçün yuxarıda qeyd edilən hüquqlarından istifadə edərək yeni xronometrajın keçirilməsinə dair ərizə təqdim etməmişdir. Belə olan halda məhkəmə vergi orqanı tərəfindən hesablanmış vergi məbləğini ləğv etməkdə haqlı olmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 38-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən 15 may 2020-ci il tarixli qərarın ləğvi ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə də əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi vergi orqanının qəbul etdiyi **********700600 saylı 15 may 2020-ci il tarixli qərarın ləğv edilməsi barədədir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 37.4-cu maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq ucun vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyıcilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Həmin Məcəllənin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 50-1.4-cü maddəsinə əsasən müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-1.5-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Həmin Məcəllənin 50-1.6- ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Həmin Məcəllənin 83.2-ci və 83.2.4-cu maddələrinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2 vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar: 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, **********700600 saylı 15 may 2020-ci il tarixli “Vergilərin hesablanması barədə" Qərarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, üç gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçının satış dövriyyəsinin birinci gün üçün 132550,49 manat olması, digər iki gündə isə satış dövriyyəsinin olmaması, nəticədə iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat (132550,49/3=44183,50) olması müəyyən edilmişdir. Vergi orqanı tərəfindən avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olubolmaması konkret müəyyən edilməmişdir. Halbuki, vergi orqanı xronometraj metodu ilə müşahidə aparılması üçün 11 avqust 2018-ci il tarixdən başlayaraq, 1-5 iş günu müddətində vaxtı olmuşdur. Çünki, müşahidə zamanı iki gün ərzində iddiaçının ümumiyyətlə satış dövriyyəsi olmamışdır ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat olmasını şübhə altına alır. Yəni, iddiaçının 14 avqust 2018ci il tarixdən sonrakı günlərdə satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı (iki gün ərzində satış dövriyyəsinin olmaması buna əsas verir) vergi orqanına məlum olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01 avqust 2018-ci il tarixdən 11 avqust 2018-ci il tarixədək olan dövr ərzində olmuş satış dövriyyəsi cavabdehə məlum olmuş, həmin satış dövriyyəsinin düzgün olmaması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, vergi ödəyicisi tərəfindən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməməsi səbəbindən xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti novu olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, kollegiya hesab edir ki, belə müşahidə bir gün ərzində aparıla bilməz. Müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz. Qeyd olunmalıdır ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır kı, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibatı orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Kollegiya onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-3019/2019 saylı 12.11.2019-cu, 2-1(102)-3018/2019 saylı 03.12.2019-cu, 2-1(102)-1263/2020 saylı 15.09.2020-ci və 2-1(102)-977/2021 saylı 25.05.2021-ci il tarixli qərar) hüquqi mövqeyi belə əsaslandırılmışdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktı qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Bundan başqa birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın əsaslandırıcı hissəsinin sonunda (məhkəmə qərarının sonuncu səhifəsində 4-cü abzasda) “iddia tələbinin qismən əsaslı olduğundan, vergi orqanının 15 may 2020-ci il tarixli qərarının qismən, yəni 2014-2015-ci illər üzrə ƏDV hissəsində ləğv edilməli olduğu” göstərilsə də, məhkəmə qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, iddia məhkəmə tərəfindən tam təmin olunmuş və vergi orqanının qəbul etdiyi 15 may 2020-ci il tarixli qərar tam ləğv edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının əsaslandırıcı hissəsinin sonunda göstərilən “iddianın qismən təmin edilməsi və qərarın qismən ləğv edilməsi” texniki səhv olub, kobud pozuntu hesab edilmədiyindən və qərarın nəticə hissəsinə təsir göstərmədiyindən 01.06.2021-ci il tarixli məhkəmə qərarının da ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2021 saylı 01 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2803/2021 saylı 01 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2159/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2159/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver