Məhkəmə qərarları › İş №2-1(103)-2159/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2159/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2159/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-829/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" İKB-də fəhlə işlədiyi dövr sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü ildə (əmr № 277/k, xx.xx.1983-cü il) “Orcenikidzeneft” NQÇİ-nin QYTS-nin 4 №-li qrupuna quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə işə qəbul olmuşdur, xx.xx.1986-cı ildə (əmr № 180/k, xx.xx.1986-cı il) 2 №-li NQÇS-yə (neft mədəni) quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmişdir. H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsinin (keçmiş Əzizbəyovneft NQÇİ) 6 saylı neft və qazçıxarma sexində xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, quyuların yeraltı təmiri sexində xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, neft və qazçıxarma sahəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “quyuların yeraltı təmiri üzrə operator” peşəsində işləmişdir. xx.xx.1992-ci ildə (əmr № 238/k, xx.xx.1992-ci il) “Suraxanıneft” NQÇİ-nin quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən (əmr -01/ü-xx.xx.2006)-xx.xx.2009-cu il tarixədək (əmr 10/k-xx.xx.2009) quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdən bu günə kimi “X9 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin quyuların əsaslı və yeraltı təmiri sexində “quyuların yeraltı təmiri üzrə usta” vəzifəsində çalışır. xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" İKB-də fəhlə işləmişdir. Bu barədə Azərbaycan Əfqanıstan Veteranları İttifaqı tərəfindən ona 06 yanvar 2021-ci il tarixli arayış verilmişdir. Onun Azərbaycan Əfqanıstan Veteranları İttifaqında xx.xx.1991xx.xx.1992-ci illərdə fəhlə işləməsi faktı Birlik tərəfindən xx.xx.2021-ci il tarixli aktla da təsdiq edilmişdir. Bundan başqa xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" İKB-də fəhlə işləməsi faktını həmin dövrdə onunla işləmiş iş yoldaşları da təsdiq edə bilərlər. Lakin qeyd edilənlər DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilməmişdir və bu səbəbdən də ona pensiya təyin edilməsində çətinliklər yaranmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. İddiaçının inzibati orqana təqdim etdiyi 03 avqust 1983-cü il tarixli ИТ-İ ******* saylı əmək kitabçasında olan xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranlar İttifaqının “Araz1” və "xxxx" İKB-də fəhlə vəzifəsində işlədiyi qeyd edilsə də, adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, müəssisədə iddiaçının əmək fəaliyyətinə dair heç bir sənəd saxlanılmamış, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi tərəfindən iddiaçıya verilmiş 06 yanvar 2021-ci il tarixli 01 saylı arayışı isə əmək kitabçası əsasında yazılmışdır və bununla əlaqədar həmin Birlik özü xx.xx.2021-ci il tarixdə akt tərtib etmişdir. Beləliklə, göründüyü kimi, iddiaçının həmin dövrdə işlədiyi sübuta yetmir. Qeyd edilən dövrdə iddiaçının işləməsi sübuta yetirildiyi halda belə, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və təqdim etdiyi digər sənədlərdən göründüyü kimi iddiaçı, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək aşağıda qeyd edilən müddətlərdə işləmişdir: xx.xx.1979-xx.xx.1981 - 2 il 02 gün (Sovet ordusunda hərbi xidmət); xx.xx.1982-xx.xx.1983-09 ay 14 gün; xx.xx.1983-xx.xx.1991-07 il 09 ay 20 gün; xx.xx.1991-xx.xx.1992-01 il 01 ay 09 gün (mübahisəli müddət); xx.xx.1992xx.xx.1992 – 02 ay 23 gün (mübahisəli müddət); xx.xx.1998-xx.xx.2006-07 il 02 ay 22 gün. Həmin Qanun qüvvədə olan günədək, yəni xx.xx.2006-cı ilədək ümumi iş stajı 19 il 02 ay, yəni qanunda qeyd edilən 25 ildən azdır. İddiaçının güzəştli iş stajı yoxdur və bunu təsdiq edəcək iş yerindən heç bir arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan mətni iddiaçıya tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla onun 57 yaşı 01 iyul 2017-ci ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. Cavabdeh qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-829/2022 saylı, 16 mart 2022-ci tarixli qərarı ilə (hakim H. Ağalarov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən az olmaqla 23 il 10 ay 4 gün təşkil etdiyindən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" İKB-də fəhlə işləmişdir. Bu barədə Azərbaycan Əfqanıstan Veteranları İttifaqı tərəfindən ona 06 yanvar 2021-ci il tarixli arayış verilmişdir. xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının "Araz-1" və "xxxx" İKB-də fəhlə işlədiyim əmək kitabçasında qeyd edilməyinə baxmayaraq müəssisənin arxivində "xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının "Araz-1" və "xxxx" İKB-də fəhlə işlədiyini təsdiq edən sənədlər tapılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, ona 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 10 fevral 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Mübahisələndirilən dövr iddiaçının ümumi iş stajına daxil edilməsini tələb etdiyi xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" İKB-də işlədiyi dövrlərdir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X10 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2020-ci il tarixli 321/20 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixində keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X13 Məktəbinə əyani “Quyuların yeraltı təmiri üzrə operator” ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın xx.xx.1983-cü il tarixdə tam kursunu bitirmiş və ona ixtisası üzrə B № 687538 diplom verilmişdir. Keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X13 Məktəbi 12 №-li Bakı Peşə Liseyi adlandırılıb. Qeyd: Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-202 nömrəli əmrinə əsasən 1 №-li Bakı Peşə Liseyi, 12 №-li Bakı Peşə Liseyi, 17 №-li Bakı Peşə Liseyi və 10 №-li Bakı Peşə Məktəbinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Б 687538 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1983-cü illərdə texniki peşə məktəbində təhsil almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 9 fevral 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə 18 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X6 öz izahatında bildirmişdir ki, Azərbaycan Əfqanıstan Veteranları İttifaqında sədrin birinci müavini işləmişdir. Araz-1 və Aypara eyni müəssisə idi və Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşirdi. İddiaçı onun işlədiyi dövrdə fəhlə olaraq işləyirdi. Araz 1 İstehsalat-Kommersiya Birliyi və Aypara kiçik müəssisəsi Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının nəzdində fəaliyyət göstərirdi. Quru balığın satışı ilə məşğul olurdular və onları mağazalarda, bazarda satırdılar. Araz-1 və Aypara müəssisələrinə dair arxivə heç bir sənəd verilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri, o cümlədən iddiaçıya məxsus hərbi biletin, diplomun və əmək kitabçasının təsdiq edilmiş surətini tədqiq edərək, iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə (2 il 4 gün); - xx.xx.1982-xx.xx.1983-cü illərdə texniki peşə məktəbində təhsil almışdır (9 ay 15 gün); - xx.xx.1983-xx.xx.1991-ci illərdə “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsində quyularının yeraltı təmiri üzrə operator vəzifəsində (2130200a-15870, 7 il 9 ay 22 gün); - xx.xx.1992-xx.xx.2006-cı illərdə “Suraxanı neft” Neft və Qazçıxarma İdarəsində quyularının yeraltı təmiri üzrə operator vəzifəsində işləmişdir (2130200a-15870, xx.xx.2006-cı il tarixədək 13 il 10 ay 4 gün). Birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 9 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, idarədə olan reyestr məlumatlarına əsasən X1 Araz- 1 X4 xx.xx.1995-ci ildə 26062 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır, ləğv olunması və hüquqi varisliyinin olması barədə məlumat aşkar edilməmişdir. İdarədə olan reyestrdə "xxxx" X4 adlı kommersiya qurumu aşkar edilməmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 08 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" İstehsalat-Kommersiya Birliyinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" X3 dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və "xxxx" X4 barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********846200 nömrəli məktubuna əsasən, dövlət reyestrində Azərbaycan Əfqanıstan Veteranları İttifaqının "Aypara” Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/1614 nömrəli məktubuna əsasən, Azərbaycan Əfqanıstan Veteranları İttifaqının "xxxx" Kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1/1664 nömrəli məktubuna əsasən, Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” İstehsalat-Kommersiya Birliyi və "xxxx" kiçik müəssisəsinin Suraxanı rayonunun inzibati ərazisində fəaliyyət göstərməsi barədə Suraxanı RİH-də məlumat olmadığından sorğunuzu cavablandırmaq imkanlarımız xaricindədir. Göründüyü kimi, hazırki iş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının işlədiyi sözügedən müəssisələrin mövcud olub-olmaması, mövcuddursa hansı tarixdən qeydiyyatdan keçməsi, iddiaçının həmin təşkilatlarda işləyib-işləməməsi ilə bağlı araşdırma aparılmış, yalnız X1 Araz-1 X2 xx.xx.1995-ci ildə ilkin olaraq dövlət qeydiyyatına alınması müəyyən edilmiş, həmin X2 1991-1992-ci illərdə fəaliyyəti barədə məlumatlar tapılmamış, "xxxx" kiçik müəssisəsinin mövcud olması ilə bağlı isə hər hansı məlumat aşkar edilməmiş, o cümlədən iddiaçının əmək faəliyyətinə dair sənədlər, işə qəbul olunması və işdən azad olunması barədə əmrlər əldə edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 1 №-li, 6 yanvar 2021-ci il tarixli arayışını mötəbər sübut hesab etməyərək qeyd etmişdir ki, həmin arayış əmək fəaliyyətinə dair əmrlərə və digər arxiv sənədlərinə əsasən deyil, iddiaçının əmək kitabçasına əsasən tərtib edilmişdir. İddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən az olmaqla 23 il 10 ay 4 gün təşkil etdiyindən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının pensiyanın 57 yaşdan təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranmaması ilə bağlı cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-829/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar