Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2159/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və Kamran Hüseyn oğlu Əkbərov ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3316/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilərək ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-1985-ci illərdə (5 il) X1 evində musiqi təhsili almış, xx.xx.1982-xx.xx.1985-ci illərdə (2 il 10 ay 9 gün) 177 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə əyani təhsil almış, xx.xx.1985-xx.xx.1987-ci illərdə (2 il 1 ay) hərbi xidmətdə olmuş, xx.xx.1988-xx.xx.1990-cı illərdə (2 il 3 ay 12 gün) qaz qaynaqçısı, xx.xx.1990-cı il tarixdən də bugünə kimi (34 ildən artıq) Nəriman Nərimanov adına Neft və Qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma və istismar avadanlıqları sahələrində və “Bulla-dəniz” Neft və qazçıxarma idarəsinin 1 saylı Neft və qazçıxarma sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmiş və hazırda da işləyir. Belə olan halda iddiaçının ümumi stajı aldığı təhsillərlə birlikdə bügünə kimi 45 ildən artıq, xx.xx.2006-cı il tarixə isə 25 il 10 ay 5 gün edir. Bu isə onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almağı üçün əsasdır. Bu səbəbdən də o, 57 yaşı tamam olanda güzəştli şərtlərlə əmək pensiyası almağı üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iş stajının təqdim edilən əmək kitabçasına və təhsil sənədlərinə əsasən yoxlanılması zamanı az hesablayaraq 01 yanvar 2006-cı il tarixinə ümumi olaraq 22 il 05 ay 03 gün hesablamış və bu səbəbdən də güzəştli əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, ümumi iş stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 5 ay 3 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il və xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Belə ki, 2006-cı ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim edilmiş 594989 nömrəli diploma (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024cü il tarixli arayışına əsasən iddiaçının 177 nömrəli Bakı Texniki Peşə Məktəbinin “elektrik qaz qaynaqçısı" ixtisasını əyani formada bitirdiyi təsdiqlənmişdir) əsasən iddiaçının xx.xx.1982-xx.xx.1985ci il tarixlərində əyani təhsil müddəti sığorta stajına daxil edilmişdir. Lakin, Qobustan qəsəbəsi mədəniyyət evinin şəhadətnaməsinə əsasən iddiaçının 1980 1985-ci illərdə keçdiyi kurs “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti hesab olunmadığından iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, həmin müddətin əyani olub-olmaması barədə məlumat yoxdur. Göründüyü kimi, 1980-1985-ci illərə dair həmin müddət iddiaçının 177 nömrəli Bakı Texniki Peşə Məktəbində olan xx.xx.1982-xx.xx.1985-ci ildə olan təhsil dövrü ilə üst-üstə düşür. Həmçinin, həmin müddət iddiaçının ümumi iş stajına daxil edilsə belə, qanunvericiliklə nəzərdə tutulmuş azı 25 illik staj tamamlanmır, belə ki, şəhadətnamədə konkret dövr göstərilməsə də, bir qayda olaraq təhsil sentyabr ayında başlanır. Bu baxımdan xx.xx.1982-ci ilə qədər 2 il müddət (xx.xx.1980-xx.xx.1982) staja daxil edilsə belə, 25 illik ümumi iş stajı tamamlanmır (22 il 5 ay 3 gün + 2 il = 24 il 5 ay 3 gün). Beləliklə, iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi üçün 25 il ümumi iş stajı yoxdur Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3316/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçıya ümumi iş stajı 25 ildən az oluğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 5 ay 3 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il və xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edliir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olunmamışdır. Belə ki, 2006-cı ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim edilmiş 594989 nömrəli diploma (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçının 177 nömrəli Bakı Texniki Peşə Məktəbinin “elektrik qaz qaynaqçısı" ixtisasını əyani formada bitirdiyi təsdiqlənmişdir) əsasən iddiaçının xx.xx.1982-xx.xx.1985-ci il tarixlərində əyani təhsil müddəti sığorta stajına daxil edilmişdir. Lakin, Qobustan qəsəbəsi mədəniyyət evinin şəhadətnaməsinə əsasən iddiaçının 1980- 1985-ci illərdə keçdiyi kurs “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti hesab olunmadığından iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, həmin müddətin əyani olub-olmaması barədə məlumat yoxdur. Göründüyü kimi, 1980-1985-ci illərə dair həmin müddət iddiaçının 177 nömrəli Bakı Texniki Peşə Məktəbində olan xx.xx.1982-xx.xx.1985-ci ildə olan təhsil dövrü ilə üst-üstə düşür. Həmçinin, həmin müddət iddiaçının ümumi iş stajına daxil edilsə belə, qanunvericiliklə nəzərdə tutulmuş azı 25 illik staj tamamlanmır, belə ki, şəhadətnamədə konkret dövr göstərilməsə də, bir qayda olaraq təhsil sentyabr ayında başlanır. Bu baxımdan xx.xx.1982-ci ilə qədər 2 il müddət (xx.xx.1980-xx.xx.1982) staja daxil edilsə belə, 25 illik ümumi iş stajı tamamlanmır (22 il 5 ay 3 gün + 2 il = 24 il 5 ay 3 gün). Beləliklə, iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi üçün 25 il ümumi iş stajı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 3-cü maddəsinin “e” bəndinə əsasən əmək pensiyası olan şəxslərin oxuduqları dövr ümumi iş stajı kimi götürülür: ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar; - 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarından, apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmə araşdırması zamanı verilən izahatlardan aydın göründüyü kimi iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyinatının aparılmasından ibarətdir. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin, xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı elementlər mövcud olmalıdır: 1) xx.xx.2017-ci il tarixədək 57 yaşı tamam olmalı; 2) 57 yaşı tamam olan tarixədək 25 il ümumi iş stajının mövcud olması; 3) Həmin stajın12 il 6 ayını güzəştli peşələrdə iş stajının mövcud olması. Birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində yalnışlığa yol verərək iddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvəyə minən və xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddia tələbini əsaslı hesab etmişdir. Halbuki, sözügedən qanun normasının tətbiqi üçün iddiaçının 57 yaşının xx.xx.2017ci il tarixədək tamam olması şərtlərdən biridir. Lakin iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1967-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Belə olan halda iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsaslanaraq 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. Cavabdeh tələb olunan ümumi iş stajının olmaması ilə bağlı apellyasiya şikayətində iddiaçının xx.xx.2006- ci ilə qədər ümumi iş stajının 22 il 5 ay 3 gün olmasını vurğulamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirildi. Bu zaman müəyyən olundu ki, cavabdeh inzibati orqan ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.2005-ci il tarixədək olan bütün iş dövrlərini mübahisəsiz qəbul etmişdir ( xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər). İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 04 iyul 2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdə 177 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Elektrik qaz qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1985-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1985-ci il tarixdən 09 dekabr 1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci il tarixdə Qaz sənayesi Nazirliyi Bakı dərin özüllər zavodu Tikinti-quraşdırma idarəsində (xx.xx.1988-ci il tarixdə Bakı dərin özüllər zavodu “Şelfpromstroy” Təmir Tikinti İstehsalat Birliyinin 1 saylı Tikinti-quraşdırma idarəsi adlandırılmışdır) 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək N.Nərimanov ad. NQÇİ-4 saylı NQÇSdə elektrik qaz qaynaqçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Bulladəniz” Neft və qazçıxarma idarəsinin 1 saylı Neft və qazçıxarma sexində elektrik qaz qaynaqçısı, xx.xx.2006-cı il tarixdən bugünə kimi Nəriman Nərimanov adına Neft və Qazçıxarma idarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. Göründüyü kimi, iddiaçının xx.xx.2006- ci ilə qədər ümumi iş stajı 22 il 5 ay 10 gün təşkil edir. İşin araşdırılmasından müəyyən olunur ki, iddiaçı 1980-1982-ci illərdə Qobustan Mədəniyyət evində tar kursuna getdiyi dövrün də ümumi staj dövrünə daxil edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 3-cü maddəsinin “e” bəndinə əsasən əmək pensiyası olan şəxslərin oxuduqları dövr ümumi iş stajı kimi götürülür: ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar; - 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Göründüyü kimi, qanunverici yalnız müəyyən kateqoriya təhsil müəssisələrində təhsil dövrünü yəni- ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil dövrünü, həmçinin aspirantlar, klinika ordinatorları, doktorantların təhsil dövrünü ümumi staja bərabər tutmuşdur. İddiaçının isə 1980-1982-ci illərdə 13-15 yaş dövründə Mədəniyyət evində tar kursuna getdiyi dövrü qeyd edilən dövrlərlə eyniləşdirmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri olan ümumi iş stajı kifayət etmədiyindən, digər şərt üzrə geniş araşdırmanın aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri hesab edilmir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək tələb olunan 25 il ümumi stajını toplamadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsassızdır, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3316/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Nigar Nəbizadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2159/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2159/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver