Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-216/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin nümayəndəsi X2 iştirakı ilə iddiaçı X1 qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2343/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının ləğv edilməsi, vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı illik dövriyyə həcminin 200.000 manatdan artıq olduğunu bildiyi üçün 2018-ci ilin aprel ayının 20-dək iddiaçı tərəfindən vergi orqanına sadələşdirilmiş verginin ödəyicisi olmaq barədə bəyannamə təqdim edilmiş və aylıq dövriyyəyə uyğun olaraq vergilər vaxtlı-vaxtında ödənilmişdir. Həmçinin, yay aylarında dövriyyə artdığı üçün cavabdehin 31.08.2018-ci il tarixli **********1076 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarı əsasında Bakı şəhəri Nərimanov rayonu X4 prospekti ev 31 ünvanda yerləşən “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 03.09.2018-ci il tarixdə tərtib olunmuş VN ********* nömrəli yekun aktına əsasən fərdi sahibkarın orta günlük dövriyyəsinin ümumilikdə 3.660,12 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, həmin tarixdən sonra ödəmələrin məbləği artmışdır. Göründüyü kimi, qanun, yəni Vergi Məcəlləsinin 218.2-ci maddəsi deyir ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq istəyirsənsə, hər il aprel ayının 20-dən gec olmayaraq bu barədə bəyannamə ver. İddiaçı da qanunun tələbinə uyqun olaraq sadələşdirilmiş vergi ödəyicisi olmağı barədə 2018-ci ilin aprel ayının 20-dək müvafiq bəyannamə vermişdir. Belə olan halda, vergi orqanının qərarı qanuni və əsaslı sayıla bilməz. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq, iddiaçı tərəfindən qanunun tələbinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi olmağı barədə 2018-ci ilin aprel ayının 20-dək müvafiq bəyannamə verilməsi barədə sübutlara qiymət verilmədən əsassız və qanunsuz qərar qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə də əsaslıdır. İşdən müəyyən olunur ki, iddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi 10.11.2017-ci il tarixdə uçota alınmışdır, əsas fəaliyyəti “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər”dən ibarətdir. 19.03.2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Park Restoran” adlı təsərrüfat obyekti uçota alınmış, fərdi sahibkarın 01.06.2019-cu il tarixli ərizəsinə əsasən qeyd olunan təsərrüfat obyektinin qeydiyyatı ləğv olunmuşdur. Cavabdehin 31.08.2018-ci il tarixli **********1076 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarı əsasında “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 03.09.2018-ci il tarixdə tərtib olunmuş VN 14025106 nömrəli yekun akta əsasən iddiaçının orta günlük dövriyyəsinin ümumilikdə 3.660,12 manat olduğu müəyyən edilmişdir. Cavabdehin apardığı araşdırma zamanı, iddiaçının vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 aylıq dövr ərzində 200.000 manatdan artıq olduğu müəyyən olunduğu üçün sonuncu 01.08.2018-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınaraq, bu barədə ona 03.12.2018-ci il tarixli **********6 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi göndərilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçının təsərrüfat subyektində keçirilmiş son xronometraj metodu ilə müşahidələrə əsasən orta günlük satış dövriyyəsinin 3.660,12 manat (ƏDV-siz əsas məbləğ 3.101,80 manat, ƏDV 558,32 manat) müəyyən edilməsinə baxmayaraq, 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar-may ayları üçün əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edlməsi haqqında” 09.04.2019-cu il tarixli **********403100 nömrəli, 23.05.2019-cu il tarixli **********602600 nömrəli və 05.08.2019cu il tarixli **********286000 nömrəli məktublar göndərilmişdir. İddiaçı tərəfindən bəyannamədə olan uyğunsuzluqlar barədə məktuba cavab olaraq əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla vergi bəyannaməsi təqdim edilmədiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergi bəyannaməsi üzrə 17.308,01 manat, 2018-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat, 2018-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 15.633,04 manat, 2019-cu ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.308,01 manat, 2019-cu ilin aprel ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 16.749,69 manat və 2019-cu ilin may ayı üçün əlavə dəyər vergisi üzrə 11.724,78 manat əlavə vergi məbləği hesablanmış və buna dair “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli, **********726300 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.05.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, 26.08.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı vergi orqanının qeyd edilən qərarlarından inzibati qaydada şikayət vermiş və AR Vergilər Nazirliyinin 17.10.2019-cu il tarixli **********848100 nömrəli qərarı ilə vergi ödəyicisinin şikayəti qismən təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.05.2019-cu il tarixli **********637400 nömrəli, **********639800 nömrəli, **********822600 nömrəli, 26.06.2019-cu il tarixli **********803100 nömrəli və **********968500 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmış və qeyd olunan qərarla cavabdehə aşağıdakılar tapşırılmışdır: fərdi sahibkara rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 2018-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə və 2018-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə əlavə vergilərin hesablanmasını təmin etmək; fərdi sahibkarın ƏDV üzrə vergi mükəlləfiyyətinin 01.01.2019-cu il tarixdən ləğv edilməsini və sadələşdirilmiş vergi üzrə mükəlləfiyyətinin 01.01.2019-cu il tarixdən aktivləşdirilməsini və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının təmin edilməsi; fərdi sahibkar tərəfindən 22.04.2019-cu il tarixdə 2018-ci ilin 3-cü rübü üçün təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsinin 810, 811 və 812-ci sətirlərinin göstəricisiz əks olunmasının təmin edilməsi; bu qərarın 2-ci, 3.1-ci və 3.2-ci və 3.3-cü bəndlərinin icrası ilə bağlı fərdi sahibkarın şəxsi hesab vərəqəsindəki müvafiq düzəlişlərin edilməsinin təmin olunması; "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və “X6” MMC-nin fəaliyyət göstərdikləri təsərrüfat obyektlərində xronometraj metodu ilə müşahidələrin keçirilməsi məsələsinə baxılması. AR VN Apellyasiya Şurasının 06.12.2019-cu il tarixli **********558500 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilməyərək, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 17.10.2019-cu il tarixli **********848100 nömrəli qərarı və cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********7267300 nömrəli qərarların dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iddianın qərarların ləğv edilməsi tələbi növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Belə bir yoxlama ilə müəyyən edilir ki, mübahisəli inzibati aktlar maddi-hüquqilik baxımdan qanunilik tələblərinə cavab vermirlər. İşdən görünür ki, cavabdeh mübahisəli qərarların qəbulunu faktiki cəhətdən iddiaçıya rəsmiləşdirilmiş son xronometraj metodunun nəticələrinə uyğun olaraq 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə əlavə dəyər vergisinin hesablanmalı olması, ƏDV üzrə vergi mükəlləfiyyətinin 01.01.2019-cu il tarixədək nəzərə alınmalı olması ilə əsaslandırır. İşin bu halında iddianın qanuni əsası kimi AR Vergi Məcəlləsinin 218.2-ci maddəsi çıxış edir. Həmin normaya görə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Vergi Məcəlləsinin: 218.1-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər); 155.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Məhkəmə kollegiyasının sorğusu əsasında DVX Kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin təqdim etdiyi bəyannamələrdən görünür ki, iddiaçı 2018-ci ilin 1-ci rübünə dair sadələşdirilmiş verginin bəyannaməsini aprel ayının 20-dək vergi orqanına təqdim etmişdir və cavabdeh bu faktı mübahisə etmir. O, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir, Vergi Məcəlləsinin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməmişdir. Belə olan halda, iddiaçıya 2018-ci ildə tətbiq olunmalı metod sadələşdirilmiş vergidir, o, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan halda belə yalnız sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyi, bu hüquqdan imtina etdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu idi. Qeyd olunan şərtlər olmadığı halda isə iddiaçıya 2018-ci il üzrə ƏDV hesablana, ondan ƏDV-nin məqsədləri üçün qeydiyyat tələb oluna bilməzdi. “İnzibati icraat haqqında” AR Qanununun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarının ləğv edilməsi hissədə əsaslı olduğu üçün təmin edilməli, qərarlar ləğv edilməlidir. İddia, vergi orqanı tərəfindən 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması hissədə isə təmin olunmamalıdır. Çünki, 02.05.2019-cu il tarixli qərarlar ləğv edildiyi halda hesablanmış vergi məbləğinin cavabdeh tərəfindən azaldılıbazaldılmayacağı gələcəkdə baş verə biləcək haldır və indidən bəlli olmamaqla, ehtimala söykənir. Məhkəmə qərarı isə ehtimala əsaslana bilməz. Apellyasiya şikayəti də sözügedən məsələyə dair dəlil ehtiva etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi kameral vergi yoxlamasını həyata keçirən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona vergi hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləməmişdir (Vergi Məcəlləsinin 24.0.2-ci maddəsi), cavabdehin mübahisəli qərarları qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına uyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), qərar mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia müzakirə olunan qaydada qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2343/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə qarşı iddiası qismən təmin edilsin. “Vergilərin hesablanması barədə” 02 may 2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlar ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2-1(103)-216/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-216/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver