Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-216/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X8, vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli 2-1(112)-857/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin riskli əməliyyatlar aparılan qrupdan çıxarılması və 18 faizlik ƏDV hesabının yəni depozit hesabının faktiki bloklanmasının açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC qanunla nəzərdə tutulmuş qaydada rəsmi qeydiyyatdan keçməklə, qanuna müvafiq qaydada sahibkarlıq fəaliyyəti ilə məşquldur. İddiaçı ƏDV ödəyicisidir. Cavabdeh tərəfindəb iddiaçının 18 faiz ƏDV yəni depozit hesabı bloklanmışdır. Sözügedən bloklanma barəsində cavabdeh tərəfindən heç bir qərar olmadan iddiaçının ƏDV yəni depozit hesabı, cavabdeh tərəfindən faktiki bloklanmışdır. Bununla əlaqədar cavabdehə elektron məktub göndərmiş və cavabdeh tərəfindən elektron məktubla imtina almışlar. Cavabdeh imtinasını onunla əsalandırmışdır ki, depozit üzrə aparılan əməliyyatlar cavabdehin demək olar ki xoşuna gəlməyibdir və bu səbəbdən də iddiaçı kimi onu riskli qrupa daxil edərək onların 18 faiz yəni ƏDV hesablarını, (depozit hesablarını) heç bir qərar olmadan bir müddətdir ki blokda saxlayır. Bundan əlavə hesab edirlər ki, iddiaçı faktiki işləyən və işçilərinə əmək haqqı verən faktiki sahibkarlıqla məşğul olan şəxs kimi ƏDV hesabının, yəni depozit hesabının cavabdeh tərəfindən bu şəkildə bloklanması qanunsuzdur və işi dayandırır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli 2-1(112)-857/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim F.Mədətli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfindən onların 18 faiz ƏDV yəni depozit hesbı bloklanmışdır. Sözügedən bloklanma barəsində cavabdeh tərəfindən heç bir qərar olmadan ƏDV yəni depozit hesabları cavabdeh tərəfindən faktiki bloklanmışdır, Bununla əlaqədar cavabdehə elektron məktub göndərilmiş və cavabdeh tərəfindən elektron məktubla imtina alınmışdır. Sübut qismində cavabdehin imtina müraciətin surətini bildirişi, cavabdehin imtina cavabını iddia ərizəsinə qoşma formasında sübut qismində əlavə etmişdir. Cavabdeh imtinasını onunla əsalandırmışdır ki, 5 epizod üzrə aparılan əməliyyatlar cavabdehin demək olar ki xoşuna gəlməmişdir və bu səbəbdən də iddiaçı kimi onları riskli qrupa daxil edərək onların 18 faiz yəni ƏDV hesabları, (depozit hesabları) heç bir qərar olmadan blokda saxlanılır. Hesab edirlər ki, cavabdehin hərəkəti qanunsuzdur və bu məqamı sübut etmək üçün cavabdehin imtinasında təqdim etdiyi 5 epizod üzrə əməliyyatların müqavilələrini və həmin əməliyyatların faktiki icra edilməsi haqda aktları bu iddia ərizəsinə əlavə etmişlər. Məhkəmə onların sübutlarına hesab edir ki, düzgün qiymət verməmişdir və ya ümumiyyətlə sübutlar siyahısında olan sübutlarına demək olar ki, görməzdən gəlmişdir. Birdə ki, onların ƏDV hesabları blokda olmasa niyə cavabdehə qarşı iddia verir ki, yəni hesab edir ki, bu məqam sübutsuz sübuta yetirilmiş imperativ məqamdır . Apelyasiya baxışı zamanı iddiaçının qanuni təmsilçisi X8 və vəkili X1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması səlahiyyəti yalnız vergi ödəyicisinə aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmədən ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılmasını xahiş etsə də, təqdim etdiyi sənədlər üzrə onun ƏDV depozit hesabında məhdudiyyətin qoyulub-qoyulmaması, iddiaçı tərəfindən hüquqi şəxs olaraq ümumiyyətlə əməliyyat aparıla bilməməsi müəssisənin fəaliyyətinə hansı maneənin yaradılmasını və ya onun işini dayandırmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 03.04.2014-cü il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində vergi uçotu qeydiyatına alınmışdır, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir, hüquqi ünvanı AZ 1029, ünvan 1dır, dövlət qeydiyyatına alındığı tarix 03.11.2014-cü ildir. Qanuni təmsilçisi X7r. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanlanan ərizədən görünür ki, iddiaçı onun depozit hesabının cavabdeh orqan tərəfindən bağlanıldığını bildirərək, bununla əlaqədar olaraq müəssisənin faktiki fəaliyyətinin dayandığını, müəssisənin depozit hesabının açılmasını xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 29.02.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılmış və aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmamışdır. Vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (<http://www.taxes.gov.az>) və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilinməsi iddiaçıya tövsiyə edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 03 mart 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının eyni məzmunlu 02.03.2020-ci il tarixli **********636900 nömrəli müraciətinin 11.03.2020-ci il tarixli **********457900 nömrəli məktubla cavablandırıldığı, əlavə olaraq iddiaçı tərəfindən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatların vergi orqanı tərəfindən risklərinin müəyyən edildiyi bildirilmişdir. Müəssisə tərəfindən göndərilmiş elektron müraciətin Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində **********785200 nömrəsi ilə qeydiyyata alındığı, müraciətə baxılma vəziyyəti ilə onlayn rejimdə sənədin “əməliyyat tarixçəsi”ndə tanış ola biləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli, 5/970 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən tədqiq olunan "www.etaxes.gov.az” internet resursda "xxxx" MMC-yə məxsus hesabdan “Digər sub-uçot hesaba köçürmə” üsulu ilə diqər hesablara köçürmələri həyata keçirmək naməlum məhdudiyyət səbəbindən (texniki qüsur, nəzərdə tutulmuş texniki əməliyyat, kənar müdaxilə) mümkün olmadığı, “www.e-taxes.gov.az” intemelreşursda saxlanılan məlumatlara, informasiyanı əks etdirən serverlərə və məlumat səbəbdən qeyd olunan üsul məhdudiyyətin səbəblərini (texniki və digər səbəblər) müəyyən etməyin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinə görə ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaiməfakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması,ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları: Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDVnin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Bənd 1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDVnin depozit hesabı X3 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bənd 4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Bənd 4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bənd 4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. Bənd 4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının “Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” 24 dekabr 2012-ci il tarixli **********004800 saylı Qərarı: Bənd 1. Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin: 1.1. “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə); 1.2. “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə); 1.3. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə); Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin ümumi müddəaları: 1.1. Elektron xidmətin adı: Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi. 1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir. 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi. 1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur. 1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır. 1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır. Nəzərə almaq lazımdır ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır. ƏDV sub-uçot hesabı isə Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaiməfakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər yuxarıda istinad olunan normalarda göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər. İş materiallarına əlavə edilmiş “Elektron sənəd haqqında” iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.11.2014-cü il tarixli Müqavilənin 2.1.3-cü bəndində vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, internet vergi idarəsində digər vergi ödəyicilərinə alınmış mala görə elektron vergi hesab-fakturasının hazırlanıb təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin 2.1.3-cü bəndində qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2007-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na uyğun həyata keçirilməlidir. 01.11.2014-cü il tarixli Müqavilənin 4.3-cü bəndinə görə, bəyannamənin (hesabatın) və bildirişin elektron şəkildə tərtib və təqdim olunması üçün zəruri proqram təminatları Vergilər Nazirliyi tərəfindən hazırlanır və müqavilə əsasında əvəzsiz vergi ödəyicisinə verilir. Həmin proqram təminatının nöqsansız və maneəsiz fəaliyyətinin təmin edilməsi cavabdehin məsuliyyət sferasına aid edilir. İstinad olunan 01.11.2014-cü il tarixli Müqavilənin 7.1.-ci bəndində müqavilənin 1 il müddətinə qüvvədə olması qeyd edilsə də, 7.2-ci bəndində o da vurgulanır ki, müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri Müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə Müqavilənin müddəti Müqavilədə nəzərdə tutulmuş müddətdə uzadılmış hesab edilir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, proqram təminatının “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatlara dair çıxarışlardan ƏDV köçürmə əməliyyatının uğurla icra edilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısının göstərildiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir. İddiaçının bununla bağlı müraciətinə baxılması barədə cavabdehin iş materiallarına əlavə olunmuş məktubunda, eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı və hər hansı bir məhdudiyyətin qoyulmadığı bildirilmişdir. Lakin bundan sonra da “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti vasitəsi ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparılması təmin edilməmişdir. Halbuki həmin müraciətdən sonra cavbdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli sayıla bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh proqram təminatında yaranan nasazlıqların aradan qaldırılması öhdəliyinə bağlıdır. Eyni zamanda iş materiallarında iddiaçı "xxxx" MMC-nin hər hansı bir vergi borcunun olmasına dair sübut yoxdur, yəni iddiaçının vergi borcunun olması barədə qərar qəbul olunmamışdır. Lakin cavabdeh tərəfindən həm yuxarıda istinad olunan normaların tələbindən, həm də tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik iddiaçıya münasibətdə yerinə yetirilməmiş, nəticədə iddiaçının maliyyə əməliyyatlarının aparılması və malların təqdim edilməsi üzrə imkanları məhdudlaşmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV subuçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi məsuliyyəti daşıyır. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının sub-uçot hesabında əməliyyatların aparılmasına məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal iş fəaliyyətinə, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törətmiş və iqtisadi maraqlarına ziyan vurma riski yaratmışdır. Həmçinin, iddiaçının sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğundan, sonradan iddiaçının hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmaya, yaxud xeyli dərəcədə çətinləşə bilər. Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli 2-1(112)-857/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçıya məxsus “ƏDV hesabının, yəni depozit hesabının blokdan çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-216/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-216/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver