Məhkəmə qərarları › İş №2-1(103)-216/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-216/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-216/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin verilməsi tələbi”nə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona X8 xidmət keçdiyi müddəti nəzərə alaraq, pensiya təyin edilməsi üçün məlumat vərəqinin verilməsi öhdəliyi cavabdehə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı, Birinci Qarabağ müharibəsi və sonuncu Vətən müharibəsində iştirak etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 13 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası “Qarabağ uğrunda” medalı və 27 mart 2021-ci il tarixində Azərbaycan Respublikası “Qarabağ veteranı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsində, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə 10 noyabr 1997-ci il tarixində ona, 12 nömrəli protokola əsasən “müharibə veteranı” adı və vəsiqəsi vermişdir. Sonuncu 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı iddiaçı könüllü olaraq Milli orduya yollanmışdır və Qarabağın azad edilməsi üçün döyüş əməliyyatlarında iştirak etmişdir. Vətən müharibəsi zamanı Qazilər Taborunun döyüşçüsü kəşfiyyatçı olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 661 saylı arayışına əsasən, iddiaçının könüllü olaraq N saylı hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək hərbi xidmətdə olduğu və Qubadlı rayon istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdiyi bildirilmişdir. Müharibədən sonra bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orqanlarında 1992-ci il 25 avqust tarixindən etibarən xidmət etməyə başlamışdır. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis generalmayoru Yaşar Əliyevin 16 aprel 2005-ci il tarixində vermiş olduğu 134 nömrəli əmrə əsasən iddiaçı vəzifədə irəli çəkilərək həmin tarixdən etibarən Bakı şəhəri BPİ-nin X15 tağım komandiri vəzifəsindən azad edilib, həmin Alayın bölük komandirinin müavini vəzifəsinə təyin edilmişdir. X8 xidmətə başladıqdan sonra ali hüquqi təhsil almaq məqsədilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olmuş, 1993-cü ildən 1997-ci il tarixinədək hüquqşünas ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, xidmətdə olduğu zaman dəfələrlə Daxili İşlər Nazirliyinin tərkibində zabit təkmilləşdirmə kurslarında davamlı olaraq iştirak etmişdir. Sonuncu dəfə X9 X2 kursunun Xİİİ mərhələsində 17 fevral 2003-cü il tarixindən 13 iyun 2003-cü il tarixinədək olmuşdur. Həmin kursu müvəffəqiyyətlə bitirərək X9 Mərkəzinin rəisi polkovnik-leytenant H.M.Qurbanov tərəfindən diploma layiq görülmüşdür. X8 xidmətini uğurla həyata keçirib və vəzifə borcunu layiqincə yerinə yetirdiyi bir zamanda Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin 27 may 2005-ci il tarixli əmrinə əsasən X8n xaric edilmişdir. Orqanlardan xaric olunanadək iddiaçının xidmət müddəti 19 il, 04 ay, 19 gün təşkil etmişdir. Təqribi olaraq bir ay öncə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Yaşar Əliyevin 16 aprel 2005-ci il tarixli 134 saylı əmrinə əsasən iddiaçı vəzifədə irəli çəkilməyindən sonra orqanlardan xaric olunmağı barədə əmr verilmişdir. Daxili Nazirliyi iddiaçının X8n ixrac edilmə səbəbini “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinin pozulmasını, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etməyi olaraq göstərmişdir. Daxili İşlər Nazirliyi işdən xaric olunmağını 9 may 2005-ci il tarixində Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Milan adlı kafedə iddiaçının digər dörd nəfər şəxslə birgə narkotik vasitə qəbul etməyi ilə əlaqələndirmişdir. 9 may 2005-ci il tarixində Azərbaycan Respublikasının Ulu X10 doğum günü ilə bağlı gün ərzində tədbirlərdə iştirak edərək, öz xidməti vəzifəni icra edib qurtardıqdan, iş vaxtından sonra axşam saatlarında tanışları X5, X1 və onların tanışları olan iddiaçının isə həmin vaxtadək tanımadığı X6 və X7 ilə birgə Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Milan adlı kafedə şam yeməyi yemişdir. Həmin vaxtı qəfildən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onların yemək yediyi otağa daxil olmuş və heç bir əsas göstərmədən, bizə heç bir məlumat vermədən onları Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdırlar. Onlar buna əsas kimi həmin vaxtı onlar otağa daxil olarkən yerdə kazbek papirosunun gördüklərini göstərmişlər. Həmin vaxt Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iddiaçının narkotik vasitə istifadə etdiyini və həmçinin üzərində hər hansı bir narkotik vasitənin olmasını aşkar etməmişdirlər. Onların istinad etdiyi sadəcə olaraq yerdə tapılan Kazbek papirosu olmuşdur. Hadisə araşdırılması üçün iddiaçı barədə Daxili İşlər Nazirliyinə onun tabe olduğu quruma məlumat verilmiş və onunla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis generalmayoru Vidadi Rzayev 17 may 2005-ci il tarixində rəy hazırlayaraq, iddiaçının hadisə zamanı marixuana qəbul etdiyini, bu səbəbdən X8n xaric edilməli olduğunu bildirmişdir. İddiaçı ilə bağlı araşdırma obyektiv və ədalətli aparılmamış, təhqiqat zamanı ciddi pozuntulara yol verilmiş və ona qarşı səbəbini hələ də anlaya bilmədiyi qərəzli mövqe nümayiş etdirilmişdir. Çünki həmin rəyə nəzər salsaq orada qeyd olunur ki, guya ki, iddiaçı fakt araşdırılan zaman qeyri-səmimi mövqe tutmuş və araşdırma zamanı onlara heç bir köməklik göstərməmişdir. Halbuki, onlar tərəfindən tələb olunan və lazım bilinən bütün hərəkətlər iddaçı tərəfindən icra olunmuşdur. Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində iddiaçı ilə bağlı araşdırma getdiyi zaman hadisədən bir gün sonra 10 may 2005-ci il tarixində onu Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasına göndərmişdirlər. Orada iddiaçı ekspress-test üsulu ilə tibbi müayinədən keçirilərkən sidiyinin tərkibində marixuana qrupuna məxsus narkotik vasitə aşkar edildiyi bildirilmiş və 252 saylı akt tərtib edilmişdir. Poliklinikanın gəldiyi həmin nəticə ilə razılaşmayaraq iddiaçı təkrarən bu sahə üzrə ixtisaslaşmış Respublika Narkoloji Dispanserində 13 may 2005-ci il tarixində sidiyindən analiz verdi. Həmin analizdə iddiaçıda hər hansı bir THC (marixuana) aşkar edilmədiyi bildirilmişdir. İddiaçı ilə bağlı təhqiqat materialları Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin baş inspektoru, polis baş leytenantı Vüsal Mirzəyevin icraatında idi. İddiaçı ilə bağlı gedən araşdırma ilə əlaqədar onunla danışmaq və eyni zamanda sonuncu təkrarən Respublika Narkoloji Dispanserində verdiyi analizə dair nəticələri ona təqdim etmək istəsə də, baş inspektor Vüsal Mirzəyev iddiaçı ilə görüşməkdən imtina etmişdir. Daxili İşlər Nazirliyi iddiaçı ilə bağlı X8n xaric olunmağı haqqında qərar qəbul edərkən, narkotik vasitə qəbul etdiyini əsas gətirmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşları hər il mütəmadi olaraq həkim nəzarətindən keçirirlər. Tibbi müayinədə olduğu zaman narkotik vasitələri istifadə edib-eməməyi ilə bağlı analiz verirlər. İddiaçı işlədiyi müddət ərzində verdiyi analizlərin heç birində onun orqanizmdə narkotik vasitə aşkar edilməmişdir. Eyni zamanda, 9 may 2005-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş vermiş həmin hadisə ilə bağlı materiallar toplanılaraq Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 17 iyun 2005-ci il tarixli qərarına əsasən, iddiaçı barədə olan cinayət təqibi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2 və 85-ci maddələrinə əsasən rədd edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, hadisədən iki gün sonra 13 may 2005-ci il tarixində Bakı şəhəri Narkoloji dispanserində ilkin yoxlamadan keçərkən iddiaçının qanında hər hansı bir narkotik vasitə müəyyən edilməmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarda həmçinin qeyd edilir ki, narkotik vasitə iddiaçının üzərində və yaxud iddiaçı onu qəbul edərkən deyil, 0,18 qram narkotik vasitə, qurudulmuş marixuana döşəmədə tapılmışdır. İddiaçı narkotik istifadəçisi olmağı və həmin hadisə zamanı, yəni 9 may 2005ci il tarixində kafedə olduğu zaman üzərində narkotik vasitənin olmağı tamamilə iddiaçıya qarşı atılmış bir böhtandır və reallıqla heç bir əlaqəsi yoxdur. Çünki onun narkotik istifadə etməyi və onu qəbul etməyi ilə bağlı araşdırmanın bu qənaətə gəlməsinə səbəb 2 saylı Daxili İşlər Nazirliyinin poliklinikasının sidik analizinə istinad etməyi olmuşdur. Ancaq hadisədən iki gün sonra iddiaçı şəxsən Respublika Narkoloji Dispanserində orqanizmdə narkotik vasitənin aşkar olunması ilə bağlı təkrar analiz verdiyi zaman analizin cavabında orqanizmdə hər hansı bir narkotik vasitənin olmadığı aşkar edilmişdir. Əslində narkotik vasitəni istifadə etməsi faktının müəyyən olunması üçün Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının rəyi deyil, Respublika Narkoloji Dispanserinin rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İddiaçı Respublika Narkoloji Dispanserinin vermiş olduğu analizin cavabını onunla bağlı araşdırmanı həyata keçirən Daxili Təhqiqatlar İdarəsinin baş inspektoru Vüsal Mirzəyevə təqdim etmək istəsə də, o, həmin rəylə tanış olmaqdan imtina etmiş və işin icraatı zamanı iddiaçıya qarşı qərəzli mövqe tutmuşdur. İddiaçının orqanizmində hər hansı bir narkotik vasitənin olması ilə bağlı iki analiz cavabı olduğundan, onlardan biri Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin lazım bildiyi və analiz verdiyi, Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının və özünün könüllü olaraq müraciət edərək analiz verdiyi Azərbaycan Respublikası Narkoloji Dispanserinin iki fərqli rəyləri olduğundan həmin məsələni araşdırmaq üçün sorğular vermişdir. Belə ki, 5 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İsmayıllı rayonu Hüquq Məsləhətxanasının müdiri N.N.Abbasov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin baş həkimi H.S.Sadıxova 62 saylı sorğu ünvanlamış və orada şəxsin narkotik maddəni qəbul etdiyi gündən sonra sidikdə THC və qanda narkotik maddə qəbul edilərsə onun izlərinin hansı müddət ərzində qala biləcəyi barədə məlumat verilməsi istənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin baş həkimi K.M.Vəliyeva İsmayıllı rayonu Hüquq məsləhətxanasının sorğusuna 6 oktyabr 2006-cı il tarixli xx/xx-1144 saylı məktubla cavab bildirmişdir. Baş həkimin verdiyi cavabda, orqanizmin bioloji mayelərində (sidikdə) THC qəbul edildiyi gündən bir həftə ərzində, maksimal müddət isə 15 gün ərzində qaldığı bildirilir. Bu müddətin orqanizmin öz daxili xüsusiyyətlərindən asılı olaraq dəyişə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Narkoloji Dispanserinin vermiş olduğu cavaba əsasən iddiaçı deyə bilər ki, əgər o, 9 may 2005-ci il tarixində saat 10.00 radələrində Daxili Təhqiqatlar İdarəsinin araşdırmasının rəyində qeyd olunduğu kimi, narkotik vasitə, marixuana qəbul etmişdirsə, o zaman hadisədən üç gün sonra 13 may 2005-ci il tarixində Respublika Narkoloji Dispanserində vermiş olduğu analizin cavabında narkotik vasitənin istifadəçisi olduğu müəyyən edilməli idi. Çünki Respublika Narkoloji Dispanserinin xx.xx.2006-cı il tarixli xx/xx-1144 saylı məktubunda narkotik vasitə (THC) qəbul edildikdən sonra minimum bir həftə ərzində qaldığı, maksimum isə 15 gün ərzində qaldığı bildirilmişdir. Halbuki, iddiaçı ikinci analizi hadisədən sadəcə 3 gün sonra Respublika Narkoloji Dispanserində vermişdir. Analizin cavabı isə neqativ olmuşdur, yəni iddiaçının orqanizmində hər hansı bir narkotik vasitə (THC) tapılmamışdır. X8 öz xidmətini düzgün, şərəflə yerinə yetirmiş, vətən qarşısında öz borcunu yerinə yetirən bir vətəndaş kimi ona qarşı edilən haqsızlıqlar, hüquqlarının pozulması, ona qarşı qeyri-obyektiv qərar alınmasına qarşı uzun illər ərzində dövlət orqanlarına, Nazirliyə, rəhbər şəxslərə müraciət etsə də, bunların heç biri nəticə verməmişdir. Sonuncu dəfə vaxtilə işləmiş olduğu Daxili İşlər Nazirliyi və yuxarı orqanlara müraciət etdikdən sonra 1 may 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsindən, idarənin rəisi Elman Qasımov tərəfindən 023- 268872-3221 saylı məktubla cavab göndərilmişdir. Həmin məktubda iddiaçının builki və əvvəlki illədə göndərmiş olduğu çoxsaylı müraciətlərə baxılmış və Bakı şəhər Baş Polis İdarəsinin X15 bölük komandiri vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyi üçün X8n xaric edildiyi qeyd edilmişdir. Məktubda iddiaçının X8 təkrar xidmətə bərpa olunmağına nazirliyin rəhbərliyi tərəfindən icazə verilmədiyi bildirilmişdir. Eyni zamanda, dəfələrlə pensiya təminatının Nazirlik tərəfindən təmin edilməsini istəsə də, hər dəfəsində rədd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəməyə göndərdiyi iddiaya dair etirazda göstərmişdir ki, DİN-in Baş Kadrlar İdarəsinin verdiyi məlumata əsasən İddiaçı DİO-da xidmət müddəti təqvimi hesablama ilə 14 il, 8 ay, 7 gün, imtiyazlı hesablama ilə 19 il, 4 ay, 1 gün təşkil etmişdir. Sabiq əməkdaşın tərxis olunduğu xx.xx.2005-ci il tarixinə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malik idilər. DİO-da xidmət müddəti təqvimi hesablama ilə 14 il, 8 ay, 7 gün, imtiyazlı hesablama ilə 19 il, 4 ay, 1 gün təşkil etdiyi baxımından pensiya hüququ yaranmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərar qəbul etdiyi zaman işin hallarını tam araşdırmamış və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, onun xidmət keçdiyi müddət barəsində Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumat məhkəmə tərəfindən tam yoxlanılmamış və yanlış, dolğun olmayan həmin arayış əsasında məhkəmə onun iddia tələbini rədd etmişdir. X16 Nazirliyi arayışda onun hərbi xidmətdə olduğu dövrü nəzərə almamış və xidmət müddəti barədə məhkəməyə yanlış məlumat vermişdir. O, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin tərkibində 1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. İki il xidmətdə olduğu müddət Daxili İşlər Nazirliyi tərəfindən xidmət keçmə müddəti kimi qeyd edilməmişdir. Eyni zamanda, onun xidmətdə olduğu müddətdə həmin zaman Azərbaycan Respublikasında Fövqəladə vəziyyət olmuşdur. Qanunvericiliyə - əsasən əgər xidmətdə olan zaman fövqəladə vəziyyət tətbiq olunursa, o zaman xidmət keçmə müddəti ikiyə vurulur. Hərbi xidmətdə oluğu müddət iki il təşkil etdiyindən və həmin zaman 1990-1992-ci illərdə Azərbaycan Respublikasında fövqəladə vəziyyət tətbiq olunduğundan onun xidmət ili ümümilikdə 4 (dörd) il təşkil etməlidir. Daxili İşlər Nazirliyi isə məhkəməyə təqdim etdiyi arayışda onun xidmət etdiyi 4 ili nəzərə almamışdır. Əgər həmin 4 ili xidmət illərinin üzərinə gəlinsə onun xidmət illəri 20 ildən artıq edir. Təqvim ili ilə güzətli xidmət illəri eyni xidmət illəri sayılır. Bərabərlik prinsipini nəzərə alanda, təqvim ili güzəştli xidmət illərinə bərabər tutulur, Əmək Məcəlləsində yer almışdır. Əgər onun hərbi xidmətdə olarkən xidmət keçmə müddəti nəzərə alınsa, bu imtiyazlı əsaslarla 20 ildən artıq təxmini 23 il 04 ay 01 gün xidmət keçmə müddəti təşkil edəcəkdir. Belə olan halda onun pensiya hüququ yaranır. Eyni zamanda, əmək qanunvericiliyinə əsasən imtiyazlı (güzəştli) müddət təqvim müddətinə bərabər tutulur. Bu səbəbdən ona pensiya təyin edilməsi üçün Daxili İşlər Nazirliyinin üzərinə məlumat vərəqinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Sonuncu məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1971-ci ildir, iddiaçı 1993-cü ildən 1997-ci ilə qədər ali təhsil almışdır, xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə qədər X8 xidmət etmişdir (təqvimi hesablama ilə - 14 il, 08 ay, 07 gün, imtiyazlı hesablama ilə - 19 il, 04 ay, 10 gün), xx.xx.2017-ci ildən "xxxx" MTK-nin sədri vəzifəsində işləyir. 1-ci Qarabağ Müharibəsi və 2-ci Qarabağ Müharibəsinin könüllü iştirakçısı olmuşdur. İddiaçı xidmət illəri nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xətti ilə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh ona imtina cavabı vermiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş 20 il xidmət müddəti yoxdur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, iddiaçının X8 xidmət müddəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdən az olduğundan (19 il, 4 ay, 1 gün) pensiya hüququ yaranmamışdır. İddiaçı ona X8 xidmət keçdiyi müddəti nəzərə alaraq, pensiya təyin edilməsi üçün məlumat vərəqinin verilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 9.5-ci maddəsində (“Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı) göstərilmişdir ki, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. İddiaçının tərxis olunduğu xx.xx.2005-ci il tarixinə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malikdirlər. İddiaçının tərxis olunduğu xx.xx.2005-ci il tarixinə qüvvədə olmuş Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinin redaksiyasına əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanuna dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728 –İİQD nömrəli qanunu (bundan sonra-2004-cü il 01 sentyabr tarixli qanun ilə) həmin qanunun 12-ci maddəsinin a bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna görə malik olmaları müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan qanunvercilik aktına edilmiş bu dəyişikliklərə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişikliklərdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət staji (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək staji olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya huququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında“ Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının daxili işlər orqanlarinda xidmət müddəti 19 il 4 ay 1 gün təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 540032 sayli diplomdan görünür k, o, 1986-cı ildən 1990-cı ilə qədər, yəni 4 il müddətində təhsil almışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil3 ünvanlanan 22 iyun 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Bakı Maşınqayırma Texnikumunda təhsil aldığı dövrdə (1986-1990-cı illərdə) Texnikumda ayrıca hərbi hazırlıq silsilə və bölmələri olmamışdır. Lakin, İddiaçı 2 il “ibtidai hərbi hazırlıq” fənni tədris olunmuşdur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il 631 saylı qərarına əsasən zabit heyətinə daxili işlər gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və X8 sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Beləliklə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı Bakı Maşınqayırma Texnikumunda təhsil aldığı dövrdə (1986-1990-cı illərdə) Texnikumda ayrıca hərbi hazırlıq silsilə və bölmələri olmadığından həmin dövr təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilə bilməz. Bu səbəbdən də iddiaçının xidmət illəri 19 il 4 ay 1 gün təşkil edir. Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri həmin vaxt qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar