Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2160/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1591/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 34 kv.m. olan 112-ci mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən 25 saylı evin 112-ci mənzilində uzun müddətdir ki, ailə üzvləri ilə yaşayır. Yaşadığı mənzilə dair 09 avqust 1999-cu il tarixdə TTT-nin HK-nin xx.xx.1993-cü il tarixli qərarı əsasında onunla birtipli müqavilə bağlanmışdır. Yaşadığı mənzil 2 otaqdan ibarət olmaqla yaşayış sahəsi 34.0 kv.m. təşkil edir. Yaşadığı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh Bakı şəhəri MKTD-nin xx.xx.2021-ci il tarixli, İ-33 saylı cavab məktubu ilə yaşayış sahəsinin kirayə müqaviləsinin mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənədin olmamağını əsas gətirərək müqaviləni bağlamaqdan imtina etmiş və mübahisənin həllini məhkəmə qaydasında araşdırıldığını bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Yaşadığı mənzil BŞİH-nin xx.xx.1999-cu il tarixli 632 saylı sərəncamına əsasən əvvəllər Bakı şəhər Elektrik Nəqliyyatı İdarəsinə məxsus olsa da, sonradan Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 25 ünvanında yerləşən bina ünvan 2yinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət sahəsinə aid edilmişdir. İddiaçının nümayəndəsi və vəkili, 10 sentyabr 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 112 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1591/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzil BŞİH-nın xx.xx.1999-cu il tarixli 632 saylı sərəncamına əsasən əvvəllər Bakı şəhər Elektrik Nəqliyyatı İdarəsinə məxsus olsa da sonradan Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 25 ünvanında yerləşən bina ünvan 3əyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət sahəsinə aid edilmişdir. Həmin mənzil xidməti vəzifəsilə əlaqədar olaraq onun adına ayrılmış və 09 avqust 1999-cu il tarixdə TTT-nin HK-nin xx.xx.1993-ci il tarixli qərarı əsasında onunla birtipli müqavilə bağlanmışdır. Bundan əlavə onun adına şəxsi hesab vərəqəsi müvcuddur. Hesab edir ki, onun adına olan birtipli müqavilə və şəxsi hesab vərəqəsinin mövcudluğu hüquqmüəyyənedici sənəd kimi məhkəmə tərəfindən nəzərə alınmalı və hüquqi qiymət verilməli idi. Bundan əlavə bildirir ki, mənzil əvvəllər Bakı şəhər Elektrik Nəqliyyatı İdarəsinə məxsus olub sonradan mənzilin yerləşdiyi bina 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə verildiyindən mənzilin yerləşdiyi binaya dair bütün sənədlər həmin orqanların arxivində saxlanılmalıdır. Vətəndaş olaraq balansda olan və ya balansdan balansa keçən binaya aid hüquqmüəyyənedici sənədlərin qorunub saxlanılması öhdəliyi ona yox müvafiq orqanlara aiddir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, mübahisənin həllini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. - 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51.1-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - 54-cü maddəsinə əsasən, İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 84-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 6-cı maddəsinə əsasən, mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. - 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. - 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. - 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının kirayə müqaviləsinin bağlanmasını xahiş etdiyi ünvan 4 ünvanında yerləşən 112 nömrəli mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə ki, işin araşdırılmış hallarına qiymət verərək Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 16 fevral 2022-ci il tarixli 19 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi; 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Həmçinin, məhkəmənin sorğusuna əsasən təqdim olunmuş 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 18 oktyabr 2022-ci il tarixli 290 nömrəli məktubunda qeyd olunmuşdur ki, Birliyin 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində, Bakı şəhəri, Nəsimi rayonu, Keykəb Səfərəliyeva küçəsində yerləşən 25 saylı yataqxana binasının 112 saylı mənzilində Cəbrayıl rayonundan məcburi köçkün olan vətəndaşlar X1, X3 və X5 1993-cü ildən hal-hazırki dövrədək faktiki yaşayırlar. Bakı şəhəri, Nəsimi rayonu, Keykəb Səfərəliyeva küçəsi 25 saylı yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı Sərəncamı, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 632 saylı Sərəncamına əsasən Bakı şəhəri “Elektriknəqliyyatı” idarəsinin balansından mövcud vəziyyətdə 10 avqust 1999-cu il tarixdə Birliyin balansına qəbul edilərək 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxil edilmişdir. Bina xx.xx.1999-cu ildə Birliyin balansına qəbul edilərkən İddiaçı həmin binanın 112 saylı mənzilində yaşamırdı. xx.xx.1999-cu ilədək İddiaçı həmin mənzildə hansı illərdə yaşayıb-yaşamaması barədə Birlikdə məlumat yoxdur. İşin məhkəmə araşdırmalarından göründüyü kimi, sözügedən mənzilin İddiaçı sahibliyi və istifadəsinə verilməsi dair hər hansı sənəd aşkar edilməmiş, iddiaçının ümumiyyətlə həmin mənzildə yaşaması öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi birtipli müqaviləyə münasibətdə də qeyd edir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, birtipli müqavilənin tarixi 09 avqust 1999-cu ildir, həmin müqavilə 70 saylı MKİS ilə bağlanmışdır. Lakin rəsmi olaraq məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən mənzilin yerləşdiyi bina 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyin balansına 10 avqust 1999-cu il tarixində qəbul edilərək 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxil edilmişdir. Göründüyü kimi birtipli müqavilənin tarixi hələ bina Birliyin balansına daxil edilməzdən əvvələ aiddir. Bundan əlavə məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, sözügedən mənzildə 1993-cü ildən hal-hazırki dövrədək məcburi köçkün ailəsi yaşamışdır. Burdan da aydın olur ki, iddiaçı tərəfindən istinad olunan müqavilənin bağlanması zamanı da iddiaçı orada yaşamamışdır. Belə olan halda, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən birtipli müqaviləni həm bağlanma tarixi baxımından, həm də faktiki olaraq mənzildə yaşamayan şəxslə bağlanması baxımından hazırki iş üzrə əhəmiyyətli sübut hesab etmir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, 09 avqust 1999-cu il tarixli birtipli müqavilənin hüquqmüəyyənedici sənəd olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1591/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2160/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2160/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver