Məhkəmə qərarları › İş №2-1(103)-2160/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2160/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2160/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2160/2023 (Açar sözlər: “əlillik ilə bağlı məlumatın sistemə daxil edilməsi”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, İbrahimli Səid Şəhniyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ikinci qrup Qarabağ müharibə əlili olması ilə bağlı məlumatın altsistemə ötürülməsi (vəzifəsinin) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini tələb edir. Cavabdeh isə iddiaçının müraciətindən imtina edərkən onun əlilliyi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və Agentliyin arxivində heç bir məlumatın aşkar olunmadığını bildirir.

2. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və yaralandığı üçün ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlilliyin müddəti uzadılmış və xx.xx.2007-ci il tarixli müayinə aktına əsasən ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya müddətsiz əlilliyin təyin edilməsini təsdiq edən sənəd qismində Tibbi-Sosial Ekspert Komissiyanın SER TSE-01 № 372551 saylı arayışı çıxış edir ki, həmin arayış TSEK-in sədrinin imzası və möhürü ilə təsdiq olunmuşdur.

3. İddiaçı müharibə əlili olması ilə əlaqədar pensiya, o cümlədən müavinət də almışdır.Sosial arayışdan görünür ki, iddiaçıya əlilliyə görə xx.xx.1996-cı il tarixdən 285,27 manat məbləğində pensiya təyin olunmuş, daha sonra onun müraciətinə əsasən onun ikinci qrup müharibə əlili olması əsası ilə ona xx.xx.2016-cı il tarixdən 400 manat məbləğində müavinət təyin edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 2-ci qrup müharibə əlili kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERAS) altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehin bu hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində təzminatın onun nəfinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbi həcminin azaldılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş və 2007-ci ildən müddətsiz 2-ci qrup əlil olmuş İddiaçı əlillik məlumatlarının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERAS) “Əlillik” (Zəfər) altsistemə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının əlil olmasını, yəni əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraatın aparılmasını təklif etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, doğrudur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın normalarına görə şəxsin əlilliyin altsistemə daxil edilməsi müvafiq göndəriş əsasında həyata keçirilir. Lakin hazırki halda belə bir göndərişin təqdim edilməsinə və ya iddiaçının əlil olması istiqamətində yenidən inzibati icraatın aparılmasına zərurət yoxdur. Çünki iddiaçı ona yenidən əlilliyin təyinini arzulamır, o, zamanında ona təyin olunmuş əlilliyin altsistemə ötürülməsini arzulayır.

8. Məhkəmə hesab edir ki, iddiaçının uzun müddətdir ki, əlil olması və bununla əlaqədar əlillərə şamil olunan imtiyazlardan istifadə etməsi müvafiq sənədlər ilə təsdiq olunduğundan, göndəriş təqdim edilmədən və yenidən əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraat aparılmadan, onun əlilliyi barədə məlumat müvafiq altsistemə ötürülməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin 2.1-ci yarımbəndində nəzərdə tutulan “Sosial ödənişlər, “Əlillik” (TSERAS), “Zəfər” altsistemi, “Pensiya” və digər altsistemlərin hər biri MEİS-in, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan altsistemlərə daxildir. Nəzərə alınmalıdır ki, cavabdeh eyni elektron informasiya sisteminə daxil olan məlumatı, yəni iddiaçının əlilliyə görə xx.xx.1996-cı il tarixdən pensiya, xx.xx.2016-cı il tarixdən isə müavinət almağını nəzərə almamış, əksinə iddiaçının əlilliyi ilə bağlı məlumatın olmadığına istinad etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi ümumi olaraq bütün altsistemləri ehtiva edir ki, həm “Pensiya”, həm də “Sosial ödənişlər” altsistemində iddiaçının əlil olmasını təsdiq edən məlumatlar (pensiya və müavinət alması) mövcuddur.

9. Məhkəmə hesab edir ki, iddiaçı ikinci qrup əlil olduğundan və bu halı təsdiq edən sənədlər mövcud olduğundan, ikinci qrup Qarabağ müharibə əlili İddiaçı əlilliyi ilə bağlı məlumatın altsistemə ötürülməsi təmin olunmalıdır.

10. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, “Zəfər” altsistemi MEİS-in strukturuna daxil olan altsistemlərdən biridir ki, həmin altsistem özündə şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatları ehtiva edir. Beləliklə, iddiaçı müharibə ilə əlaqədar əlil olduğundan, onun barəsində məlumat həmçinin “Zəfər” altsisteminə də daxil olmalıdır.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 1.1.-ci, 3.1.21.-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin 1.1.-ci, 2.4.1-ci yarımbəndinə, 1.2.-ci, 2.1-ci, 2.1.4.-ci, 2.1.5.ci, 2.1.8.-ci, 2.1.15-1.-ci, 2.2.-ci, 2.3.-ci, 2.3.5.-ci, 2.3.15-1.-ci, 2.4.-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1.-ci, 3.1-ci, 1.2.-ci, 2.1.-ci, 2.2.-ci, 2.3.-ci, 2.4.-ci, 3.4.-cü, 3.5.-ci, 3.7-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nəzərə alınmalıdır ki, Agentlik öz səlahiyyətləri çərçivəsində Nizamnamədə nəzərdə tutulmuş fəaliyyət sferalarında müvafiq tədbirlər görür və normativ hüquqi aktın tələbləri ilə müəyyən edilmiş vəzifələri icra edir ki, bunlardan biri də müvafiq sahədə elektron xidmətləri göstərməkdən ibarətdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi özündə müxtəlif altsistemlərini nəzərdə tutur ki, bunlardan biri olan “Əlillik” (TSERAS) altsisteminə məlumatların ötürülməsi Agentlik tərəfindən təmin olunur. Hazırki işin faktiki hallarından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ikinci qrup Qarabağ müharibə əlili olması ilə bağlı məlumatın altsistemə ötürülməsi (vəzifəsinin) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini tələb edir. Cavabdeh isə iddiaçının müraciətindən imtina edərkən onun əlilliyi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və Agentliyin arxivində heç bir məlumatın aşkar olunmadığını bildirir. İddiaçı dəfərlərlə əyani müayinəyə dəvət olunmasına baxmayaraq əyani müayinədən boyun qaçırmışdır. Bildiyimiz kimi, sağlamlıq daima dəyişkən proses olduğu üçün həm yaxşılığa həmdə pisliyə doğru dəyişilə bilər.İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

c) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə əsasən: 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.1.15-1. “Zəfər” altsistemi; 2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir. 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.15-1. şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanması və sistemləşdirilməsi, habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyuişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

23. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

24. İddiaçı ikinci qrup əlil olduğundan və bu halı təsdiq edən sənədlər mövcud olduğundan, ikinci qrup Qarabağ müharibə əlili İddiaçı əlilliyi ilə bağlı məlumatın altsistemə ötürülməsini xahiş etmişdir.

25. Cavabdeh isə iddiaçının əlil olmasının, yəni əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraatın aparılmasını təklif etmişdir.

26. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, doğrudur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın normalarına görə şəxsin əlilliyin altsistemə daxil edilməsi müvafiq göndəriş əsasında həyata keçirilir.

27. Lakin hazırki halda belə bir göndərişin təqdim edilməsinə və ya iddiaçının əlil olması istiqamətində yenidən inzibati icraatın aparılmasına zərurət yoxdur.

28. Çünki iddiaçı ona yenidən əlilliyin təyinini arzulamır, o, zamanında ona təyin olunmuş əlilliyin altsistemə ötürülməsini arzulayır.

29. Cavabdeh iddiaçının müraciətindən imtina edərkən və apellyasiya şikayətində dəlil olaraq bildirir ki, iddiaçının əlilliyi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və Agentliyin arxivində heç bir məlumatın aşkar olunmamışdır.İddiaçı dəfərlərlə əyani müayinəyə dəvət olunmasına baxmayaraq əyani müayinədən boyun qaçırmışdır. Bildiyimiz kimi, sağlamlıq daima dəyişkən proses olduğu üçün həm yaxşılığa həmdə pisliyə doğru dəyişilə bilər.

30. Cavabdehin müraciətinin təmin olunmasından imtinanın və apellyasiya şikayətinin dəlili olaraq göstərilənlərə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının uzun müddətdir ki, əlil olması və bununla əlaqədar əlillərə şamil olunan imtiyazlardan istifadə etməsi müvafiq sənədlər ilə təsdiq olunduğundan, göndəriş təqdim edilmədən və yenidən əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraat aparılmadan, onun əlilliyi barədə məlumat müvafiq altsistemə ötürülməlidir.

31. Məhkəmə Kollegiyası xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin 2.1-ci yarımbəndində nəzərdə tutulan “Sosial ödənişlər, “Əlillik” (TSERAS), “Zəfər” altsistemi, “Pensiya” və digər altsistemlərin hər biri MEİS-in, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan altsistemlərə daxildir.

32. Nəzərə alınmalıdır ki, cavabdeh eyni elektron informasiya sisteminə daxil olan məlumatı, yəni iddiaçının əlilliyə görə xx.xx.1996-cı il tarixdən pensiya, xx.xx.2016cı il tarixdən isə müavinət almağını nəzərə almamış, əksinə iddiaçının əlilliyi ilə bağlı məlumatın olmadığına istinad etmişdir.Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi ümumi olaraq bütün altsistemləri ehtiva edir ki, həm “Pensiya”, həm də “Sosial ödənişlər” altsistemində iddiaçının əlil olmasını təsdiq edən məlumatlar (pensiya və müavinət alması) mövcuddur.

33. İddiaçı ikinci qrup əlil olduğundan və bu halı təsdiq edən sənədlər mövcud olduğundan, ikinci qrup Qarabağ müharibə əlili İddiaçı əlilliyi ilə bağlı məlumatın altsistemə ötürülməsi təmin olunmalıdır.

34. Eyni zamanda Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, “Zəfər” altsistemi MEİS-in strukturuna daxil olan altsistemlərdən biridir ki, həmin altsistem özündə şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatları ehtiva edir. Beləliklə, iddiaçı müharibə ilə əlaqədar əlil olduğundan, onun barəsində məlumat həmçinin “Zəfər” altsisteminə də daxil olmalıdır.

35. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nəzərə alınmalıdır ki, Agentlik öz səlahiyyətləri çərçivəsində Nizamnamədə nəzərdə tutulmuş fəaliyyət sferalarında müvafiq tədbirlər görür və normativ hüquqi aktın tələbləri ilə müəyyən edilmiş vəzifələri icra edir ki, bunlardan biri də müvafiq sahədə elektron xidmətləri göstərməkdən ibarətdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi özündə müxtəlif altsistemlərini nəzərdə tutur ki, bunlardan biri olan “Əlillik” (TSERAS) altsisteminə məlumatların ötürülməsi Agentlik tərəfindən təmin olunur.

36. Qeyd edilənlərə və tətbiq edilən hüquq normalarına əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar