Məhkəmə qərarları › İş №2-1(103)-2160/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2160/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2160/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və X7 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2128/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçının tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxs X16 Ata kişi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: "... xx.xx.2022-ci il tarixli 2(008)-2963/2022 saylı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə məhkəmə onun tərəfindən Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsini qət etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. xx.xx.2023-cü tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri kitabında qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə müvafiq qətnamə qəbul edilməsi” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul edilmişdir. Qərardadda iddianı düzgün qaldırmadığı, iddia tələbinin “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməli olduğu qeyd edilmiş, ona görə də iddia ərizəsində bu dəyişikliyi edərək məhkəməyə müraciət etmişdir...” Cavabdeh iddia ərizəsinə dair etirazında iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 2(008)-2963/2022 nömrəli Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı, X10 və X4 Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmiş və qeyd olunan məsələ ilə bağlı İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İdarənin elekron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlükdə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Bakı İnzibatı Məhkəməsinin icraatında “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri kitabında qeydə alınması və bu barədə çıxarışın verilməsi” tələbi üzrə məhkəmə mübahisəsi mövcud olmuş, Bakı İnzibatı Məhkəməsinin 2-1(112)- 8062/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Belə ki, müvafiq qərardadın əsaslandırıcı hissəsində iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər (o cümlədən, order, icarə müqaviləsi və s.) təqdim edilmədiyindən, iddia etdiyi torpaq sahəsinin ona məxsus olub-olmamasının aydın olmaması, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi ilə bağlı ona hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici, hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədləri mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran halların mövcud olmadığı göstərilmişdir. Göründüyü kimi, İddiaçı subyektiv hüquq daşıyıcısı deyil ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2128/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatını mümkün hesab etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə iddia tələbinə heç bir hüquqi qiymət vermədən iddia ərizəsinin mümkünsüzlüyü barədə əsaslandırılmamış qərardad qəbul etmişdir. Halbuki, iddiaçıya vərəsəlik qaydasında keçən ona məxsus olan torpaq sahəsinə sənədləri yalnız həmin torpaq sahəsinin onun babasına məxsus olmasını təsdiq edən müvafiq arxiv sənədləri və həmin torpaq sahəsinin onun tərəfindən vərəsəlik qayadasında qəbul etməsinin təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsidir. Digər sənədlərin olması da mümkün deyildi, çünki, 19-cu əsrin sonlarında indiki dövrdə olduğu kimi torpaq sahəsinin kiməsə məxsusluğunu müəyyən edərkən texniki vasitələr yox idi və olmamışdı. Yalnız arxiv sənədlərindən göründüyü kimi torpaq sahəsi həmin dövrdə iddiaçının babası alarkən həmin dövrün rəsmi təşkilatı tərəfindən kameral siyahıda qeyd edilmişdir. Bununla bağlı Milli Arxiv İdarəsindən verilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin dövrdən bu vaxtadək həmin torpaq sahəsi iddiaçının sahibliyindədir. Həmin 34 sot torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmışdır. Əgər məsələ torpağa dair hüquqmüəyyənedici sənədlərdən və iddiaçının subyektiv hüququnun olmasından gedirsə, qanun müqavilə, order və digər sənədlərlə yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini də hüquqmüəyyənedici sənəd kimi və mülki məcəllənin vərəsəlik hüququ adlı bölməsində şəxsin vərəsəlik qaydasında əldə etdiyi əmlaka sübyektiv hüququnu təsbit edir.” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Zeynalova mübahisəli torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini, həmçinin eyni predmet və əsaslarla iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə digər məhkəmə qərardadının da mövcud olduğunu vurğulayaraq apellyasiya şikayətinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçı tərəfindən iddia tələbində haqlı olduğunu əsaslandıran aşağıdakı halları əks etdirən sənədlər məhkəməyə təqdim edilmişdir: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən iddiaçının ünvanına göndərilmiş 9/50 № 1202.07 saylı tarixsiz arxiv arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Nardaran kəndinin kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunmuşdur: X16 Ata kişi oğlu - 32 yaş; onun oğlu: X9 – 1 yaş 4 aylıq; onun qardaşı: X23 Ata kişi oğlu –14 yaş. Onların Nardaran kəndində sahəsi 750 kv.sajına bərabər olan torpaq sahələri olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Arbitium” vəkil bürosuna ünvanlanmış TA-00050-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd olunur ki, Arxiv sənədləri üzrə Nardaran kəndinin 1886-cı ilə dair kameral siyahısında göstərilən şəxslərin adları qeyd olunub: İbrahim X8 - 32 yaş. Oğlu: X9 - 1 yaş 4 aylıq. İbrahim X5 qardaşı: Əmir X8 -14 yaş. Ailənin Nardaran kəndində sahəsi 750 kv. sajina bərabər üzüm sahəsi olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən təqdim edilmiş TA-00077-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivində Bakı qəzası üzrə Nardaran kəndinin 1886-cı ilə dair kameral siyahısında X1 doğumu haqda məlumat aşkar olunmuşdur: Doğum tarixi: 1884-cü il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb) Valideynləri: Atası - İbrahim Xəlil, Anası – sənəddə olduğu kimi qeyd olunmayıb. Eyni zamanda həmin Arxivin İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixdə möhür ilə təsdiq edilmiş cədvəldən “sıra üzrə – 45, 1873-cü ilin kameral təsviri üzrə – 99, kameral təsvirdə qeydiyyat tarixi – 20 – 2, xarici görünüş üzrə tarixin müəyyən olunması – 33 – 2 – 17, 1886-cı ilin yanvar ayının 1-nə vəziyyət – 32 – 1-4m – 14” qeydləri vardır. Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2963/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı, X10 və X4 Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi faktı müəyyən edilmişdir. Eyni zamanda, Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 3327 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş, ünvan 2 ünvanında qeydiyyatda olmuş, xx.xx.1949-cu il təvəllüdlü X2 vərəsəlik işi ilə əlaqədar olaraq, Nardaran kəndi, 750 kv. sajın (34 sot) torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı ilə göndərilməsi xahiş olunmuşdur. Cavabdehin iddia ərizəsinə etirazında ifadə olunan mövqeyindən göründüyü kimi iddiaçıya hüquqmüəyyənedici sənədlərin mövcüd olmaması səbəbi ilə mübahisəli torpaq sahəsinə sübyektiv hüququ mövcud olmadığından onun Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışn verilməsi barədə iddia tələbi mümkün saylımamalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, barəsində arayış verilməsi tələb etdiyi 750 kv. sajın (34 sot) torpaq sahəsi - iddiaçının 2011-ci il tarixdə vəfat etmiş mərhum əri X2 babası X1 adına Nardaran kəndinin 1886-cı ilə dair kameral siyahısında qeydə alınmış torpaq sahəsidir. Bununla əlaqədar ilk öncə qeyd olunmalıdır ki, 8 avqust 1999-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü hissəsinə əsasən Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Eyni zamanda qeyd olunmalıdır ki, 9 noyabr 1991-ci il tarixdən qüvvədə olmuş, keçmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 11-ci maddəsinin 4-cü hissəsi də nəzərdə tuturdu ki, keçmiş mülkiyyətçilərə və onların vərəsələrinə torpaq sahələri qaytarılmır. Onlar torpaq sahələrini mülkiyyətə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar üzrə ala bilərlər. Eyni zamanda 7 iyul 1970-ci il tarixdən qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsi nəzərdə tuturdu ki, SSRİ-də torpaq dövlətin müstəsna mülkiyyətindədir və yalnız istifadəyə verilir. Torpağa dövlət mülkiyyətini birbaşa və ya dolayısı ilə pozan hərəkətlər qadağan edilir. Göründüyü kimi, istər SSRİ dövründə, istərsə də müstəqillik əldə etdikdən sonrakı dövrdə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilirdi ki, keçmiş torpaq mülkiyyətçilərinə və onların vərəsələrinə torpaq sahələri qaytarılmır və torpaq sahələrinin onların istifadəsinə və ya mülkiyyətinə verilməsi həmin Məcəllələrdə nəzərdə tutulmuş əsaslar üzrə həyata keçirilə bilər. Belə ki, 7 iyul 1970-ci il tarixdən qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 25-ci maddəsi nəzərdə tuturdu ki, kolxozlara, sovxozlara və digər dövlət təşkilatlarına, qurumlara və birliklərə, həmçinin vətəndaşlara torpaqdan daimi istifadə hüququna dair dövlət aktları və müvəqqəti istifadə hüququ ilə verilməsi barədə şəhadətnamələr istifadəyə verilən həmin torpaq sahələrinin ərazisində yerləşən Xalq deputatları sovetlərinin rayon və ya şəhər (respublika tabeliyindəki şəhərlər) icra komitələri tərəfindən verilir. 9 noyabr 1991-ci il tarixdən qüvvədə olan Torpaq Məcəlləsinin 23-cü maddəsi isə nəzərədə tuturdu ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. 08 avqust 1999-cu il tarixdən qüvvədə olan hazırkı, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsi nəzərdə tutur ki, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən isə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında həyata keçirilir. İddiaçı tərəfindən isə qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olan torpaqayırma sənədləri mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində isə daşınmaz əmlak (o cümlədən torpaq) üzərində hüququn qeydə alınmasının bitmiş siyahısı müəyyən olunmuşdur ki, həmin əsaslara uyğun gələn hər hansı bir sənədi yoxdur. O cümlədən, iddiaçı tərəfindən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan - bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən, yəni AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərədə tutulan hüquqmüəyənedici sənədlərdən hər hansı biri konkret halda nə cavabdehə, nə də məhkəməyə təqdim olunmamışdır. Başqa sözlə, faktiki olaraq iddiaçının əlində mübahisəli torpağa dair hüquqverici sənəd mövcud olmadığı üçün onun hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olması istisna olunur. Belə olan halda isə onun hazırkı iddia tələbi İPM-in 435-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qəbul edilə və icraatı mümkün sayıla bilməz. İddiaçının istinad etdiyi, Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi faktı müəyyən edilməsi barədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi gəldikdə, həmin işdə iştirak etməyən cavabdeh qeydiyyat orqanına münasibətdə məcburi xarakter daşıya və ona qarşı inzibati icraat qaydansında hazırkı iddianın təmin edilməsi üçün əsas qəbul edilə bilməz. Çünki, MPM-in 82.3-cü maddəsi nəzərədə tutur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsi isə nəzərdə tutur ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Eyni zamanda, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından istinad olunan mülki işdə iştirak etməyən cavabdeh qeydiyyat arqanına münasibətdə sözügedən qətnamənin məcburi xarakter daşıması və hazırkı inzibati icraat qaydasında baxılan iddianın nəticəsinə təsiredici qüvvəyə malik olması mümkünsüzdür. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instaniya məhkəməsi tərəfindən həmin Mcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması nəticə etibarı ilə qanuni və əsaslıdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən daha öncə də, “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri kitabında qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi” barədə eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, onun həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8062/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və o, həmin qərardaddan apellyasiya şikayəti verməmiş, qərardad qanuni qüvvəsini almışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia tələbinə heç bir hüquqi qiymət vermədən iddia ərizəsinin mümkünsüzlüyü barədə əsaslandırılmamış qərardad qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2128/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2128/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar