Məhkəmə qərarları › İş №2-1(103)-2161/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2161/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2161/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan yəni, 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan yəni, 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4176/2021 saylı 21 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 23.05.1979-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı 23.05.1979-cu il tarixdən 23.05.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 05.08.1981-ci il tarixli əmək kitabçasından görünür ki, o, Bakı Şin zavodunda 01.08.1981-ci il tarixində əmək fəaliyyətinə başlamış, 01.01.2006-ci il tarixədək yığma sexində 3-cü dərəcəli qidalandırıcı, rezin məmulatları kəsici bağlayıcı, dəzgah qidalandırıcı, 4-cü dərəcəli avtoşin yığıcısı və 5-ci dərəcəli avtoşin yığıcısı vəzifələrində işləmişdir. "xxxx" ASC-nin verdiyi 08.11.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Şin zavodunda 01.08.1981-ci il tarixdən 01.04.1985-ci il tarixədək Yığma sexində 3-cü dərəcəli qidalandırıcı, 01.04.1985-ci il tarixdən 03.01.1986-cı il tarixədək Yığma sexində 3cü dərəcəli rezin məmulatları kəsici bağlayıcısı, 03.01.1986-cı il tarixdən 02.02.1987-ci il tarixədək Yığma sexində 3-cü dərəcəli dəzgah qidalandırıcısı, 02.02.1987-ci il tarixdən 02.09.1987-ci il tarixədək Yığma sexində 4-cü dərəcəli avtoşin yığıcısı, 02.09.1987-ci il tarixdən 01.03.1993-cü il tarixədək Yığma sexində 3-cü dərəcəli rezin məmulatları kəsici bağlayıcısı, 01.09.1993-cü il tarixdən 31.05.2002-ci il tarixədək Yığma sexində 5-ci dərəcəli avtoşin yığıcısı işləmişdir. Yığma sexi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı 23.1.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 8-ci bölməsinin “Kimya İstehsalatı”nın 8.3.3-cü bəndinin “a” bəndinə aiddir. 01k saylı 31.05.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. "xxxx" ASC-nin 63 saylı və “Bakı Şin zavodu ASC-nin 01/62 saylı 19.04.2021-ci il tarixli məktublarından görünür ki, Yığma sexi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 2 saylı Siyahı üzrə “X” bölmə, “Kimya istehsalatı” 2110AO10 pozisiyasına aiddir. "xxxx" ASC tərəfindən verilmiş 13.12.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 01.08.1981-ci il tarixdən Bakı Şin zavoduna yığma sexinə işə qəbul edilmiş, 0-v saylı 05.01.2005-ci il tarixli əmrlə öz hesabına ödənişsiz məzuniyyətə çıxmışdır. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdehin iddiaçıya ünvanlanmış **********aylı 18 yanvar 2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 10 ay 5 gün) təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçıya münasibətdə pensiya kapitalı 40800.0 manat hesablandığı halda, fərdi hesabın sıöorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18493.71 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan yəni, 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1981-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. 01.01.2006-cı il tarixədək fəaliyyət göstərdiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda nəzərdə tutulmuşdur. O, güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin əsassız səbəblərdən ona pensiyanın təyin olunmasından imtina olunmuşdur. O, 2006-cı ilə qədər əmək stajının 27 ilini toplamışdır. Ona görə 40800.00 manat sığorta stajı üzrə pensiya kaptalının tələb edilməsi əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz və iddiaya dair yazılı etiraza əlavənin məzmunu iddiaçıya ünvanlanmış imtina məztubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçıya münasibətdə pensiya kapitalı 39600.00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20369.00 manat təşkil edir. Nazirlər Kabinetinin 12 saylı 23.01.2007ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 8-ci kimya istehsalatı bölməsinin (8.3.3) istehsalatda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində, nəzarət-ölçü cihazlarının və ventilyasiyasının kimya istehsalatında məşğul olan energetiklər, mexaniklər; böyük ustalar, ustalar, fəhlələr, işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının mərkəzə təqdim etdiyi 05.08.1981-ci il tarixli əmək kitabçasında 01.08.1981-31.05.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin yığma sexində qidalandırıcı, rezin məmulatları kəsici bağlayıcısı, dəzgah qidalandırıcı, avtoşin yığıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4176/2021 saylı 21 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın və ona əlavənin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 18.01.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 08.02.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi, “ona 57 yaşdan yəni, 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun ümumi stajının 25 ildən az təşkil etməsinə, güzəştli iş stajının, eləcə də pensiya kapitalının kifayət qədər olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə, 01.01.2006-cı il tarixinə qədər ümumi iş stajı (25 il 04 ay 29 gün olduğu üçün) 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan çox olduğu, həmçinin həmin dövrdə qanunun müddəasında pensiya kapitalının tələb olunması nəzərdə tutulmadığı üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi xidmətdə olması barədə hərbi bileti, əmək kitabçasını, işləməsi barədə arayış və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 23.05.1979-cu il tarixdən 23.05.1981ci il tarixədək (1il 11 ay 28 gün) hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının kifayət qədər olmaması (25 ildən az olması), güzəştli iş stajının olmaması, eləcə də pensiya kapitalının tələb olunan məbləğdən az olması təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, əmək fəaliyyətinə 1981-ci ildən başlamış, 01.08.1981-ci ildən 01.04.1985-ci ilədək (3 il 8 ay) yükləyici qidalandırıcı, 01.04.1985-ci ildən 03.01.1986-cı ilədək (9 ay 2 gün) kəsici bağlayıcı, 03.01.1986-cı ildən 02.02.1987-ci ilədək (1 il 1ay) yükləyici, 02.02.1987-ci ildən 02.09.1987-ci ilədək (7 ay) yığıcı, 02.09.1987-ci il tarixdən 01.03.1993-cü il tarixədək (5 il 6 ay) kəsici bağlayıcı, 01.03.1993-cü il tarixdən 31.05.2002-ci il tarixədək (9 il 2 ay 28 gün) yığıcı, 31.05.2002-ci il tarixdən 08.11.2019-cu il tarixədək gözətçi (01.01.2006-cı il tarixədək 3 il 7 ay) vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı onun hərbi xidmət dövrü (1 il 11 ay 28 gün) və əmək kitabçasındakı məlumatlar (24 il 5 ay) nəzərə alınmaqla cəmi 26 il 4 ay 28 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 01.01.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Hazırki işdə yuxarıda qeyd olunanlardan müəyyən olundu ki, iddiaçının 01.01.2006cı il tarixədək topladığı ümumi staj onun hərbi xidmətdə olduğu və əmək kitabçasındakı məlumatlar əsas götürülməklə 25 ildən çoxdur. Odur ki, bu barədə cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. “İddiaçının güzəştli iş stajının olmaması” ilə bağlı cavabdehin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, bu dəlil də əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçının 01.04.1985-ci ildən 03.01.1986-cı ilədək (9 ay 2 gün), 02.02.1987-ci ildən 02.09.1987-ci ilədək (7 ay), 02.09.1987-ci ildən 01.03.1993-cü ilədək (5 il 6 ay) və 01.03.1993-cü ildən 31.05.2002-ci ilədək (9 il 2 ay 28 gün) işlədiyi “kəsici bağlayıcı”, “avtoşin yığıcısı” peşələri güzəştli olub, onun bu peşədə stajı qeyd olunan dövrlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 6 aydan çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı işlədiyi "xxxx" ASC-yə müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 30.11.2021-ci il tarixdə "xxxx" ASC-nin verdiyi məktubda qeyd edilmişdir ki, İddiaçı Bakı Şin zavodunda 01.08.1981-ci il tarixdən 01.04.1985-ci il tarixədək Yığma sexində 3-cü dərəcəli dəzgah qidalandırıcısı vəzifəsində işləmişdir ki, dəzgah qidalandırıcısı vəzifəsi də ştat cədvəlinə əsasən fəhlə peşəsidir, yığıcı dəzgahların qidalandırılması ilə məşğul olur. 01.04.1985-ci ildən 03.01.1986-cı ilədək Yığma sexində 3-cü dərəcəli rezin məmulatları kəsicisi-bağlayıcı vəzifəsində çalışmışdır ki, kəsicinin işlədiyi vəzifə ştat cədvəlinə əsasən fəhlə peşəsidir. Belə ki, hazırlıq sexindən rezin məmulatları Kalandr sexinə hopdurma aqreqatına verilir. Həmin hopdurma aqreqatında rezin kodlaşır, təkər istehsalatında rezin məmulatının içinə kord (yəni sap) və ya sim əlavə olunur. Baki Şin zavodunda kord əlavə olunurdu. Rezin məmulatı kodlaşdırıldıqdan sonra transportyor vasitəsilə Yığma sexinə verilir və Yığma sexində lazımi ölçülərdə texnoloji reqlamentə uyğun olaraq kəsilir.Yəni 8-ka (240x508), moto kənd tərəüüfatı üçün təkərlər, jiquli, qaz 24, 31 və sair. Kəsici-bağlayıcının vəzifəsi Kalandr sexindən transportyorla ötürülən rezin məmulatını kəsici dəzgahda kəsildikdən sonra konveyerə səliqəli formada yükləməkdir. Həmin kəsilmiş rezin məmulatı Yığma sexinin avtoşin yığıcılarına ötürülür. İddiaçı 03.01.1986-cı il tarixdən 02.02.1987-ci il tarixədək Yığma sexində 3-cü dərəcəli dəzgah qidalandırıcısı, 02.02.1987-ci ildən 02.09.1987-ci il tarixədək Yığma sexində 4-cü dərəcəli avtoşin yığıcısı işləmişdir. Avtoşin yığıcısının peşəsi fəhlə peşəsidir. Ştat cədvəlinə əsasən avtoşin yığıcısının vəzifəsi həmin kəsilmiş rezin məmulatlarından vulkanlaşdırmaq üçün avtoşin yığır (8-ka, motor 19, 18). Hazırlıq sexindən qəbul olunmuş protektoru çəkir, yəni üzləyir və vulkanlaşdırma sexinə ötürmək üçün konveyerə verir. İddiaçı 02.09.1987-ci ildən 01.09.1993-cü ilədək Yığma sexində 3-cü dərəcəli rezin məmulatları kəsicisi-bağlayıcısı işləmişdir. 01.09.1993-cü ildən 31.05.2002-ci ilədək Yığma sexində 3-cü dərəcəli avtoşin yığıcısı işləmişdir. İddiaçı işlədiyi müddətdə tam iş günü ərzində Yığma sexində qeyd olunan peşələrdə 8 saat işləmiş, başqa işlərlə məşğul olmamışdır. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulan “X” bölmə, “Kimya istehsalatı” 2110AO10 kodu altında rezin qarışığının hazırlığında xüsusi zərərli sayılan kükürd, ammonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, sulfenomid, kaptaks, altaks, benzinioidlər və nutroza istifadə olunur. 2 saylı Siyahıda nəzərdə tutulan “X” bölmə, “Kimya istehsalatı” 2110AO10 kodu altında tam iş günü Yığma sexində rezin məmulatları kəsici və bağlayıcısı, avtoşin yığıcısı, yığma dəzgahları qidalandırıcısı-fəhlə peşələrində işləmişdir. Odur ki, İddiaçı yuxarıda göstərilən tarixlərdə işlədiyi Bakı Şin zavodunda hazırki "xxxx" ASC-də fəhlə ştatı var və olmuşdur. İddiaçı rezin, texniki rezin, təkər istehsalatında –fəhlə ştatında “kəsici-bağlayıcı” “avtoşin yığıcısı” peşələrində tam iş günü 8 saat işləmişdir. Onun sosial siğorta stajı 23 il 4 ay 29 gün təşkil edir. Göründüyü kimi, iddiaçının 01.04.1985-ci ildən 03.01.1986-cı ilədək (9 ay 2 gün), 02.02.1987-ci ildən 02.09.1987-ci ilədək (7 ay), 02.09.1987-ci ildən 01.03.1993-cü ilədək (5 il 6 ay) və 01.03.1993-cü ildən 31.05.2002-ci ilədək (9 il 2 ay 28 gün) işlədiyi “kəsici bağlayıcı” və “avtoşin yığıcısı” peşələrinin funksiyaları işəgötürənin verdiyi güzəştli arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulan “X” “Kimya istehsalatı” sahəsində 2110AO10 kodu altında olan rezin qarışığının və şinin hazırlığında xüsusi zərərli sayılan kükürd, ammonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, sulfenomid, kaptaks, altaks, benzinioidlər və nutroza və s.. kimyəvi maddələrdən istifadə etməklə tam iş günü işləyən “fəhlələr” peşəsinin funksiyalarına uyğun olmuşdur. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşının tamam olduğu 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması barədə tələb əsaslı olub təmin edildiyi halda, bu tələbin davamı olaraq iddiaçının verdiyi “ödənilməyən pensiya məbləğinin 02.12.2017-ci il tarixdən (cavabdehə müraciət olunan 02.12.2020-ci il tarixdən 3 il əvvəlki dövr üzrə) hesablanaraq verilməsi” barədə tələb də əsaslıdır və təmin olunmalıdır. Cavabdehin verdiyi imtinada və apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə münasibətdə isə qeyd olunur ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hər iki stajının tamlığı 01.01.2006-cı ilədək yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 01.01.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüququ əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və qəbul etmir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 04.10.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 3 il əvvəlki dövr üzrə, yəni 02.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4176/2021 saylı 21 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar