Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2161/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Həşim Rəşad Əlisahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DövlətTibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştriak edə bilməyəcəyini və iclasa onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əyani müayinədən keçmiş, adına Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0280003AAFMA nömrəli Forma 88 tibbi göndərişi sistemə yerləşdirilmiş və onun əlilliyinin səbəb əlaqəsi xx.xx.2021-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla dəyişdirilərək 5 il müddətinə xx.xx.2026-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmiş, bu barədə iddiaçının elektron kabinetində müvafiq qeyd aparılmışdır. İddiaçının mövqeyinə görə cavabdeh sonradan qeyd edilən əlillik qiymətləndirilməsini elektron sistemdən silmiş və onun əlillik müddətini xx.xx.2021-ci il tarixi qeyd etməklə diaqnozunu dəyişdirmişdir. Bununla əlaqədar iddiaçı cavabdehə müraciətlər etmiş, onun xx.xx.2021-ci il tarixdə müraciətinə Agentlik tərəfindən cavab verilməmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə yazılı cavab verilməsi və cavab məktubunun poçt vasitəsilə ünvanına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, iddaçının xx.xx.2021-ci ildə cavabdehə daxil olmuş xx.xx.2021-ci il tarixli teleqramında xx.xx.2021-ci il tarixdə əyani müayinə olunduğunu, xx.xx.2021-ci ildə Forma 88 tibbi göndərişin elektron sistemə daxil edildiyini, ona 2026-cı ilədək 5 illik əlillik təyin edildiyini, TSEK-in komissiyasının hərəkətlərindən narazı qaldığını bildirərək, əlilliyinin sistemdə bərpa edilməsini xahiş etmişdir. Agentliyin müraciətə cavab olaraq elektron sənəd dövriyyəsi vasitəsilə tərtib etdiyi iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsindən daxil olmuş müraciətinizə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilir ki, X1 X2 və səbəb əlaqəsi barədə xx.xx.2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən hal-hazırda siz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə xx.xx.2016-cı ildən beş il müddətinə ikinci dərəcə əlillik statusuna maliksiniz. Növbəti müayinə tarixi - xx.xx.2021-ci il. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabientinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar siz göndərişin (forma-088) tərtibi məqsədilə qeydiyyatda olduğunuz dövlət tibb müəssisəsinə müraciət etməlisiniz. Elektron sənəd dövriyyəsi məlumatlarından görünür ki, İddiaçı ünvanlanmış **********6 nömrəli cavab məktubu xx.xx.2021-ci il tarixdə imzalanmış, ünvan 1 ünvanına göndərilmiş və müraciətin icra statusu tam icra olunub şəklində qeyd edilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: -3.0.11-ci maddəsinə əsasən yazılı müraciət - kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciətdir. -3.0.12-ci maddəsinə əsasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir. -6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. -6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. -7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. -7.4-cü maddəsinə görə vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. -7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. “İnzibati icraat haqqqında” Qanunun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla dəyişdirilərək 5 il müddətinə xx.xx.2026-cı il tarixədək ikinci dərəcə əlillik təyin edildiyi, lakin Agentliyin əlillik alt sistemində ona təyin edilmiş əlilliyin müddəti və diaqnozunun dəyişdirilməsi ilə bağlı hərəkətlərindən etdiyi çoxsaylı müraciətlərinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********5 nömrəli cavab məktubu ünvanlamışdır. Hazırkı halda cavabdehin mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli teleqram formasında etdiyi müraciət əlillik müddətinin əlillik alt sistemində bərpa edilməsi barədə olub, məzmunu iddiaçının əvvəlki müraciətlərində olan məzmun ilə eynidir. Başqa sözlə, mübahisələndirilən xx.xx.2021-ci il tarixli müraciətdə əvvəlki müraciətlərdən fərqli olan, məsələnin həllinə təsir edə bilən yeni məlumat yoxdur. Hazırkı iş üzrə cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən və izahatından iddiaçının eyni məzmunlu müraciətlərinə cavab verildiyi müəyyən olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd) Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərinin pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz.Digər tərəfdən, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh orqana etdiyi müraciətin məzmunu bilavasitə ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır ki, bu məsələ iddiaçı barəsində cavabdehin üzərinə əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulması ilə təmin oluna bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2021ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- (112)- 8104/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, göründüyü kimi iddiaçı hüquqi marağına uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi məsələsini digər inzibati iş üzrə mübahisələndirmişdir. Hazırkı iş üzrə iddiaçının etdiyi müraciət mahiyyət etibarı ilə əlillik dərəcəsinin təyinatı ilə bağlı olduğundan və mübahisələndirilən xx.xx.2021-ci il tarixli müraciətə cavab verilməsi məsələsi iddiaçının hüquqi marağına xidmət etməməklə hazırkı halda öz aktuallığını itirdiyindən və nəticə etibarı ilə hüquqi marağı məhkəmənin icraatında olmuş 2-1(112)-8104/2021 saylı inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2161/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2161/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver