Məhkəmə qərarları › İş №2-1(103)-2162/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2162/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2162/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsi tərəfindən 12 avqust 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akt əsasında, 30 avqust 2007-ci il tarixli, 44 saylı qərar ilə X6 mülkiyyətinə verilmiş Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınılmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv.metrlik torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X9 Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsi tərəfindən 12 avqust 2007-ci il tarixli “Torpaqların alqısatqısına dair” Akt əsasında, 30 avqust 2007-ci il tarixli, 44 saylı qərar ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv.metr torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hazırda Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin 44 saylı qərarı əsasında verilmiş 1500 kv.m (15 sot) torpaq sahəsində yaşayış evi inşa edilmişdir və sözügedən evdə iddiaçı ailəsi ilə birlikdə yaşayır və bütün kommunal ödənişləri ödəyir. X1 xx.xx.2021-ci il tarixində vaxtsız vəfat etmişdir. Bakı şəhəri 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3623 saylı məktubuna əsasən İddiaçı həyat yoldaşı X1nın varisi kimi tanınmışdır. xx.xx.2020-ci il tarixində, o vaxt hələ X1 həyatda ikən, eləcə də onun vəfatından sonra 12 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 1786 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün X1ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 0.15 hektar torpaq sahəsinə dair çıxarış verilməsi məsələsinə baxılması haqqında” müraciəti ilə birlikdə xx.xx.2022-ci il tarixli məktubla cavabdehə ərizə ilə müraciət edilərək, onlardan faktiki mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv.m (15 sot) torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərmələri xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin bağlar massivində yerləşdiyi və təqdim edilmiş torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK-i tərəfindən təsdiq olunmadığı, eləcə də təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilmədiyi üçün sahəni dəqiqləşdirməyin mümkün olmadığı və ərazinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı bildirilmişdir. Lakin eyni zamanda bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını qeyd etmişlər. Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsi tərəfindən 12 avqust 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akt əsasında 30 avqust 2007-ci il tarixli, 44 saylı qərar ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv.metr (15 sot) torpaq sahəsinin X6 mülkiyyətinə verilməsi tam qanuni əsaslarla olmuşdur, alqı-satqı vaxtı torpağın alınması üçün müəyyən edilmiş 4080 manat məbləğin ödənilməsi 30 avqust 2007-ci il tarixli 834993 saylı “kassa mədaxil orderinin qəbzi” ilə təsdiq olunur. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-413/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv.metrlik torpaq sahəsinin mərhum X8 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv.metrlik torpaq sahəsinin mərhum X8 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, qərarına əsasən iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1500 kv metrlik torpaq sahəsinin mərhum X8 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Torpaq sahəsi bağlar massivində yerləşir və elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktı daxilində yerləşməklə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olmuşdur (daha sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı əsasında qeyd olunan ərazi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır). Torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.15 ha, faktiki ölçüsü isə 0.131 ha-dır. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyi üçün sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatına əsasən ərazinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin dəqiq yerləşməsi müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı tam araşdırma aparılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Sabunçu rayonu, Bilqəh qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmiakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı xx.xx.2020-ci il tarixli məktubla ətraflı cavab verilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi bağlar massivində yerləşir və tərəfinizdən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş Dövlət Torpaq və Xərtəçəkmə tərəfindən təsdiq olunmamışdır. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyi üçün sahəni dəqiqləşdirmək mümkün olmamış və ərazi bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 44 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində 1500 kv.m torpaq sahəsinin Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 3 ünvanında yaşayan X7 mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Bilgəh bələdiyyəsinin 30 avqust 2007-ci il tarixli, 44 nömrəli qərarına əsasən X8 Bilgəh bələdiyyəsinin ərazisində 1500 kv.m torpaq sahəsi satılmışdır, X12 tərəfindən Bilgəh Bələdiyyəsinin hesabına 4080 manat haqq ödənilmişdir. İş materiallarında olan kassa mədaxil qəbzinin təsdiq edilmiş surətindən görünür ki, X12 tərəfindən torpaq alqı-satqısı üçün xx.xx.2007-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin hesabına 4080,00 manat ödənilmişdir. İş materiallarında olan torpaq sahəsinin sxeminin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 44 nömrəli qərarı ilə X7 mülkiyyətinə verilmiş 1500 kv.m torpaq sahəsinin sxemi tərtib edilərək təsdiq edilmişdir. İş materiallarında olan ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Bakı şəhər 12 saylı notariat ofisinə X13 tərəfindən müraciət daxil olmuş və o, vərəsə kimi tanınmışdır. Qanunvericiliyin tələbinə əsasən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə dair çıxarış verilməsi məsələsinə baxılması xahiş olunur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 220121 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.131 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 (iki) mərtəbəli, yarım/zirzəmili yaşayış evi və həyət tikililəri mövcuddur. Qeyd olunan torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları (x,y) əlavə olundu. X-416802.788, 416764.803, 416758.800, 416792.652, 416794.413, 416795.651, 416798.620, Y-4492417.848, 4492410.711, 4492444.913, 4492452.066, 4492442.282, 4492442.520, 4492439.670. Göstərilən 0.131 ha torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1600 sayı ilə başlayan bağların ərazisidir. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin və digər fiziki şəxsin müraciətləri olmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazidə hər hansı bir sahənin qeydiyyata alınıb-alınmaması və ərazidə yerləşən tikilinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3395 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az), Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 44 saylı qərarı ilə, X8 verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən faktiki olaraq sahəsi 0.131 ha təşkil edən torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməklə, Bilgəh bələdiyyəsinin mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 44 saylı qərarı ilə, X8 verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0.131 ha təşkil edən torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğunu və elektron bazada digər fiziki şəxslərin adına qeydiyyatdan keçmədiyini nəzərə alaraq, həmin torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar ümumi istifadədə olan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır. Həmçinin hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Qanunvericilikdə göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin (küçələr, meydanlar, yerli əhəmiyyətli və təsərrüfatdaxili yollar, parklar, meşə-parklar, sututarlar, stadionlar, idman meydançaları və qəbiristanlıqların altındakı torpaqlar və s.) torpaqları aiddir. 44 saylı qərar əsasında X8 ayrılmış torpaq sahəsi (sonradan da bu torpaq sahəsinə varis olmuş X7 həyat yoldaşı İddiaçı) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, eləcə də Azərbaycan Respublikasının Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna əsasən Bilgəh Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarı. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 30 avqust 2007-ci il tarixli, 44 nömrəli qərarına əsasən X8 əvəzi ödənilməklə, alqı-satqı yolu ilə 1500 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktla isə həmin qərara əsasən X8 Bilgəh bələdiyyəsinin ərazisində 1500 kv.m torpaq sahəsi satılmışdır və bununla əlaqədar X12 tərəfindən ödəniş də edilmişdir. Həmin qərara torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi də əlavə edilmişdir. ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar iddiaçı X13 vərəsə kimi tanınmışdır. Qanunvericiliyin tələbinə əsasən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə dair çıxarış verilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Göründüyü kimi, mərhum X12 torpaq sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. X12 vəfat edənə qədər qanuni əsaslarla mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun X8 məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan bələdiyyə qərarı və onunla əlaqədar olan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş, ondan təyinatına uyğun istifadə etməyə başlamış və bu, hazırda da davam edir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla həmin qərarın, Torpaqların alqı-satqısına dair aktın, torpağın sxeminin, kassa mədaxil qəbzinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Torpaqların alqı-satqısına dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən təsdiq edilməməsi isə iddiaçının səlahiyyətlərinə aid deyil, iddiaçı buna görə cavabdehlik daşımır, bu, iddiaçının iradəsindən asılı olan hal deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığını bildirsə də, cavabdeh orqan bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunan qərar əsasında X8 ayrılmış torpaq sahəsinin Bilgəh Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinə aid olduğu bildirilmişdir. Eyni zamanda hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 44 saylı qərarı ilə X8 verilmiş torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməklə, Bilgəh bələdiyyəsinin mülkiyyətindədir. O da qeyd edilməlidir ki, həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 30 avqust 2007-ci il tarixli, 44 nömrəli qərarına əsasən X8 ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də iddiaçının qanuni istifadəsindədir. Müvafiq torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluq olsa belə, bu, iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bundan başqa, nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın məsuliyyət sferasına aiddir. Bununla bağlı cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə, o cümlədən həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Eyni zamanda torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Göründüyü kimi, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-413/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar