Məhkəmə qərarları › İş №2-1(103)-2162/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2162/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2162/2025 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-*-****-*/**** nömrəli cavab məktubunun qanunsuz hesab edilməsi, cavabdehə ona məxsus daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq hərəkətlərin yerinə yetirilməsi vəzifəsinin həvalə edilməsi, mülkiyyətinə aid olan Ləhiş (Ləhic) bağlar massivindəki 1200 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçının mülkiyyətinə aid olan Ləhiş (Ləhic) bağlar massivindəki 975 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ləhiş (Ləhic) bağlar massivində yerləşən və iddiaçıya aid olan 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Cavabdeh müraciət etmişdir. Lakin Reyestrin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli *-**-*-**/*-*-****-*/**** nömrəli cavab məktubunda torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmaması və cizgi sənədlərinin təqdim edilməməsi əsas gətirilərək müraciətinə imtina cavabı verilmişdir. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmamışdır. Bu qərar qanunsuz və əsassızdır. Bundan əlavə, Bələdiyyələrlə Iş Baş Idarəsinə etdiyi sorğuya cavab olaraq, ##.##.2024cü il tarixli məktubda ona bildirildi ki, Maştağa bələdiyyəsindən təqdim edilmiş məlumatlara görə, 1200 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə ##.##.2007-ci il tarixli icarə müqaviləsinə əsas olan bələdiyyənin ** saylı qərarı müvafiq qaydada Milli Arxiv Idarəsinə təhvil verilib. Həmçinin, bu məsələ ilə bağlı Reyestrə etdiyi ##.##.2024-cü il tarixli ikinci müraciətə isə ümumiyyətlə cavab vemədi. Artıq vahid məhkəmə təcrübəsi olmuş eyni məzmunlu məhkəmə işlərində, cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddialar əsasən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbi ilə bağlı olmuşdur. Ali Məhkəmənin Plenum qərarlarında göstərilmişdir ki, cavabdeh tərəfindən edilən imtinalar qanunsuz hesab olunub və cavabdehin vəzifəsi bu sənədləri təmin etməkdən ibarət olmalıdır (Iş № *-1(102)-296/2024 ##.##.2024 tarixli, Iş № *-1(102)- 155/2024 ##.##.2024 tarixli, Iş № *-1(102)-1552/2023 ##.##.2023 tarixli və Iş № *- 1(102)-1970/2020 ##.##.2020 tarixli). Göstərilən son işlərdə və xeyli sayda digər işlərdə məhkəmə təcrübəsi vurğulayır ki, bağın icarəyə verilməsi haqqında müqavilənin arxivdə saxlanılmaması və bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlməməsi hallarına görə iddiaçı məsuliyyət daşımır. Bu, iddiaçının iradəsindən asılı olmayan hallardır və cavabdehin vəzifəsi həmin uyğunsuzluqlar qanunvericiliyə uyğun şəkildə aradan qaldıraraq hüquqların qeydiyyatını təmin etməkdir. Ali Məhkəmənin inzibati kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli iş üzrə qərarında qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışla plan-ölçü sənədlərinin verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədlər, iş materiallarında təsdiqləndiyi kimi, qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Bu sənədlər inzibati orqan tərəfindən geri çağırılmadığı, ləğv edilmədiyi və ya dəyişdirilmədiyi halda hüquqi qüvvəsini saxlayır və həmin sənədlər müvafiq inzibati orqanların hərəkətlərini məcburən müəyyən edir. Beləliklə, cavabdeh orqanın iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və çıxarış verilməsinə davamlı şəkildə imtina etməsi, "Inzibati Icraat Haqqında" Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə ziddir. Inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Inzibati orqanların vətəndaşların hüquqi etibarını sarsıdan bu cür hərəkətləri qanuna uyğun deyildir və bu yanaşma icra hakimiyyətinin vahidliyi prinsipini pozur. Buna görə də, cavabdeh tərəfindən hüquqların qeydiyyata alınması və müvafiq sənədlərin verilməsi təmin edilməlidir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim olunmuş ##.##.2007-ci il tarixli İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə bağlanılmış icarə müqaviləsində istinad edilən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2007-ci il tarixli, ** saylı qərarı və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bağçılıqyoldaşlıqlar üçün ayrılmış ərazinin hüdudları daxilində olmaqla Ləhiş bağ massivinin ərazisində yerləşir. Torpaq sahəsinin faktiki ölçüsü 975 kv.metr təşkil edir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “...torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün həmin torpaq sahəsinin təsdiqlənmiş cizgisinin təqdim edilməsi zəruridir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. 24.Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz. 25.Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı torpaq sahəsinə dair yerləşmə cizgisini təqdim etdiyi təqdirdə mülkiyyət hüququnun qeydə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, torpaq sahəsi iddiaçıya 50 il müddətinə icarəyə verilmişdir.” Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün mülkiyyət hüququnun qeydə alınmasının mümkün olmadığını əsas gətirilmişdir. Lakin cizginin funksional məqsədi torpaq sahəsinin yerini müəyyən etməkdir və bu məqsədə işdə mövcud olan digər sübutlarla nail olunmuşdur. Cavabdeh özü ##.##.2025-ci il tarixində məhkəməyə müayinə aktı təqdim etmiş və həmin sənəddə torpaq sahəsinin faktiki yerləşmə yeri xəritədə açıq şəkildə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu sübutu nəzərə almadan, sadəcə yerləşmə cizgisinin yoxluğunu əsas gətirərək iddianı rədd edilmişdir. Halbuki, birinci instansiya məhkəməsi torpaq sahəsinin yerini dəqiqləşdirmək üçün müstəqil ekspertiza təyin edə bilərdi, lakin bu prosessual imkanlardan istifadə edilməmişdir. Bundan əlavə, DIN-in ##.##.2016-cı il tarixli sənədi iddiaçının torpaq sahəsinə faktiki sahiblik etdiyini sübut edir və həmin sənəddə göstərilən məlumatlar cavabdehin təqdim etdiyi müayinə aktındakı əlamətlərlə üst-üstə düşür. Bu isə torpaq sahəsinin yerinin məlum olduğunu təsdiqləyir. Birinci instansiya məhkəməsi bu sübutu araşdırmadan, sadəcə formal əsaslara istinad edərək iddianı rədd etmişdir. Beləliklə, məhkəmə iş üçün əhəmiyyətli olan faktları sübut etməmiş, təqdim edilmiş dəlillərə hüquqi qiymət verməmiş və iddiaçının mülkiyyət hüququnu qorumaq üçün zəruri prosessual hərəkətləri yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Iddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin üzərinə, Maştağa bələdiyyəsinin ** saylı qərarı və ##.##.2007-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya verilmiş, Ləhiş (Ləhic) bağlar massivində yerləşən torpaq sahəsinin faktiki mövcud olan 970 kv.m hissəsi üzrə plan-ölçü sənədlərinin hazırlanması və iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk olaraq aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində cavabdehə qarşı irəli sürdüyü tələbdə Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2007-ci il tarixli ** nömrəli qərarına və ona əsasən bağlanmış icarə müqaviləsinə istinad edərək torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyatı alınmasını xahiş etsə də, apellyasiya baxışı zamanı tələbində dəqiqləşdirmə aparmış və sözügedən sənədlər əsasında icarə hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həm mülkiyyət hüquqlarının qeydiyyatı üçün hüquqmüəyyənedici sənədin, həm də torpaq sahəsinin yerləşmə cizgisinin mövcud olmamasına istinad edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası iş üzrə iddia tələbində edilmiş dəyişdirməyə uyğun ətraflı araşdırma apararaq hesab edir ki, mahiyyət etibarilə iddia uğursuz olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından görünür ki: - Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2007-ci il tarixli Torpaq icarə müqaviləsinə əsasən Maştağa bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı əsasında İddiaçı 1200 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Icarə müqaviləsi ##.##.2007-##.##.2057-ci il tarixədək müddətə bağlanır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 975 kv.m təşkil edir. Ərazidə 2 mərtəbəli yararsız fərdi yaşayış evi və həyət tikililəri var. - Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Mərkəzinin ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Maştağa bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək mövqeyini aşağıdakı kimi əsaslandırır. Işin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2007-ci il tarixli Torpağın icarə müqaviləsinə əsasən Maştağa bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı əsasında İddiaçı 50 il müddətinə 1200 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında , etirazında o hallara istinad etmişdir ki: - torpaq sahəsinə dair təqdim olunmuş ##.##.2007-ci il tarixli İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə bağlanılmış icarə müqaviləsində istinad edilən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2007-ci il tarixli, ** saylı qərarı və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. - elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bağçılıq-yoldaşlıqlar üçün ayrılmış ərazinin hüdudları daxilində olmaqla Ləhiş bağ massivinin ərazisində yerləşir. Birinci imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq diqqətə çatdırır ki, torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün həmin torpaq sahəsinin təsdiqlənmiş cizgisinin təqdim edilməsi zəruridir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz. Digər imtina əsasına gəldikdə isə apellyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd etdiyi dəlillərə uyğun olaraq ətraflı araşdırma aparılması üçün Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və ayrılan zaman və hazırda Bakı şəhəri Sabunçu rayon Maştağa bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olan əraziyə (BŞIH sərəncamı ilə Sabunçu rayon Maştağa Bələdiyyəsinə ayrılmış sahəyə) aid olub-olmamasının, eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında bələdiyyə sənədi əsasında qeydiyyatdan keçmiş sahələrin olubolmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə əlavə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş **/**** nömrəli ## ###### 2026-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur: Qərardadın birinci və üçüncü sualları üzrə: Naturada təqdim edilən torpaq sahəsinə baxış zamanı aparılan ölçü işləri nəticəsində sözügedən torpaq sahəsinin faktiki sahəsi 970 kv.m təşkil etməklə, faktiki döngə nöqtələrinin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: X Y

1. 411034.847 4492563.714

2. 411074.881 4492576.923

3. 411082.446 4492541.268

4. 411042.627 4492541.268

Naturada təqdim edilən (mübahisə predmeti olan) torpaq sahəsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsin 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı olduğu müəyyən olunmuşdur. Lakin, mübahisə predmeti olan torpaq sahəsinə dair iş materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasənda İddiaçı icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ayrıc aktı mövcud olmadığından həmçinin, ##.##.2025-ci il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (Maştağa Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinə dair xəritə məlumatları) Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyət növünün və Bakı şəhəri Sabunçu rayon Maştağa bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qərardadın ikinci və dördüncü sualları üzrə: Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından mübahisə predmti olan torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin və sözügedən torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçibkeçməməsinin həmçinin, torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında bələdiyyə sənədi əsasında qeydiyyatdan keçmiş sahələrin olub-olmamasının müəyyən edilməsi üzrə tədqiq aparılması mümkün olmamışdır. Qeyd olunan suallar barəsində Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh müvafiq Ərazi idarəsinə sorğu göndərilməklə məlumat əldə edilə bilər. Qərardadın beşinci sualı üzrə: Mərkəzdə bağçılıq-yoldaşlıq üçün ayrılmış torpaq sahələrinə dair xəritə məlumatları mövcud olmadığından sözügedən torpaq sahəsinin hər hansı bağçılıq-yoldaşlıq üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsi üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göründüyü kimi, ekspert tərəfindən də araşdırma aparılması mümkün olmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərək mütəxəssis rəyi tərtib olunmuş və məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən *-**-*-**/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubla məhkəməyə təqdim olunan mütəxəssis rəyində qeyd olunmuşdur: “Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.0979 ha təşkil edir. Torpaq sahəsi üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur.

X Y

1. 411034.847 4492563.714

2. 411074.881 4492576.923

3. 411082.446 4492555.606

4. 411042.627 4492541.268

Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahə bağçılıq-yoldaşlıqlar üçün ayrılmış ərazinin hüdudları daxilində olmaqla Ləhiş bağ massivinin ərazisində yerləşir. Sahəcəki tikilin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Sahənin yaxınlığında qeydiyyatdan keçmiş ************ reyestr nömrəli sahə mövcuddur.” Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanan *** nömrəli ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının Sabunçu rayonu, Maştağa bələdiyyəsinə yurisdiksiyasına 241,38 hektar torpaq sahəsinin ayrılmasına dair *** saylı, ##.##.2000-ci il tarixli sərəncamı olsada həmin torpaq sahəsinin sərəncama əlavə edilmiş xəritəsi Maştağa bələdiyyəsinə təqdim edilməmişdir. Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanan *** nömrəli ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Sabunçu rayonu, Maştağa bələdiyyəsinin inzibati ərazisində yerləşir. Maştağa bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarına əsasən vətəndaş İddiaçı Ləhic bağ massivində yerləşən 1200 m2 torpaq sahəsi 50 (əlli) il müddətinə icarəyə ayrılmış və tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinə uyğun olaraq illik icarə haqqı 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən qonşuluqda olan torpaq sahələrinə dair çıxarışlar təqdim olunmuşdur. Məhkəmə tərəfindən bu istiqamətdə də araşdırmalar aparılmış və cavabdeh inzibati orqana Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, **** saylı bağa dair X3 (qeydiyyat nömrəsi-1123064912, qeydiyyat tarixi-##.##.2023), Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bül-Bül adına OIMM b/y-nın ** saylı bağa dair X4 (qeydiyyat nömrəsi-1117052298, qeydiyyat tarixi-##.##.2017), Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, şimal-qərb hissəsində yerləşən torpaq sahəsinə dair X2 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi-##.##.2021) çıxarışların verilməsinə əsas olan bütün inzibati icraat materiallarının; Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin ** saylı, ## #### 2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu “Ləhic” bağ massivində 1200 kv.m olmaqla bağçılıq üçün iddiaçı İddiaçı icarəyə verilmiş torpaq sahəsinin ətrafında, 300 metr radiusunda yerləşən torpaq sahələrinə Bələdiyyə qərarı əsasında çıxarışların verilib-verilməməsi barədə, əgər verilmişdirsə bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin (arxiv qovluğunun, çıxarışın), ortofotogörüntünün məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-**/*- *****/**** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin bələdiyyənin mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq ************ reyestr nömrəli daşınmaz əmlaka dair sənədlərin təsdiq edilmiş surətləri və ortofoto görüntü məhkəməyə təqdim olunmuşdur. Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-**/*- *****/**** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən qeyd olunan ərazi Ləhiş bağ massivinə aid olmaqla dövlət təyinatlı torpaqlardır. Sorğunun icrası ilə əlaqədar olaraq vahid elektron kadastr məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin ətrafında yerləşən qonşu ************, 005013048896 və ************ reyestr nömrəli daşınmaz əmlakların ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərin, 1123064912, 1117052298 və********** qeydiyyat nömrəli çıxarışların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti və ortofo görüntü məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyd olunan ərazinin qonşuluğunda bağlar massivi kimi müvafiq bağçılıq -yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş, həmçinin X8 və Istismarı birliyi ilə bağlanmış hüquqmüəyyəedici sənədlərə əsasən mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdir. Beləliklə, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin bələdiyyənin qərarı əsasında ayrılması və bununla da iddia olunan ərazinin bələdiyyənin mülkiyyətində olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar