Məhkəmə qərarları › İş №2-1(103)-2163/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2163/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2163/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1373/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1373/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq hərbi geyim və əşya əmlakı ilə təmin edilmədiyinə görə pul əvəzi kompensasiya ödənilməli idi. Belə ki, qeyd edilənlər həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli, 641 nömrəli Qərarı ilə təsdiq olunmuşdur. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları özlərinin də qeyd etdiyi kimi sonrakı dövrlərə şamil olunur. Həmin qərar isə xərcliyin indeksi və əlavə ödənişlərlə bağlı olmuşdur. Yəni, həmin vaxtadək ”Hərbi qulluqçuların statusu haqqında” AR Qanunu və Nazirlər Kabinetinin qərarı və digər qərarlar qüvvədə olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-292/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1139/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək iş baxılması üçün yenidən həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh tərəfin nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək və apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən müəyyən olunur ki, iddiaçı 02.05.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 1999-2006-cı illər üçün paltar pulunun ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan 27.05.2019-cu il tarixli, R/922/9/Y1013 saylı imtina məktubu onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlaklarının normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli, 80 nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli, 80 nömrəli Qərarın 1-6 normalarına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırılmış və həmin müddətdən sonrakı illər üçün şamil edilmişdir. Bu səbəbdən qeyd etdiyi 1999-2005ci illər üzrə ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının hesablanması mümkün deyil. Digər illər üçün nəzərdə tutulmuş hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək təminat normalarına əsasən ödənilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq 12.12.2018-ci il tarixdə 432 manat 80 qəpik məbləğ ödənilmişdir. Hərbi qulluqçu tərxis olunarkən son hesab zamanı əşya geyim təminat vərəqəsi ilə tanış olmalı və hər hansı anlaşılmazlıq olduqda aidiyyəti üzrə hərbi hissə rəhbərliyinə müraciət etməlidir. Əlavə olaraq tərxis olunduğu hərbi hissəyə yaxınlaşaraq müraciət etməklə əşya geyim təminat vərəqəsi və əşya geyim təminat normaları ilə tanış ola bilər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 20.07.1999-cu il tarixdən 04.12.2017-ci il tarixədək X3 xidmət etmişdir və hazırda o, 1999-2006-cı illər üzrə ona ödənilməyən əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsini tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 24 avqust 2019-cu il tarixli, 10/802 saylı məktubundan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrün hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası 12 dekabr 2018-ci il tarixdə Beynəlxalq Bankda adına açılmış ******************** nömrəli hesaba köçürülmüşdür. Həmin məktuba əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, 12 dekabr 2018-ci il tarixdə ******************** nömrəli hesaba 432,80 manat məbləğində köçürülmə aparılmışdır. Məhkəməninin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N saylı hərbi hissə tərəfindən verilmiş N iyun 2020-ci il tarixli, 1752 saylı cavabından görünür ki, hərbi hissənin sabiq qulluqçusu mayor İddiaçı N saylı hərbi hissədə 14.02.2003-27.10.2009-cu illərdə xidmət etmiş, daha sonra xidmət yeri DSX-nın N saylı hərbi hissəsinə dəyişdirilmiş və ona hərbi hissədə sonra xidmət dövrünədək hansı əşya-geyim əmlakı və ya əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası ödənilməsi barədə əşya-geyim attestatı verilmişdir. Sorğunun cavablandırılması üçün əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləri, o cümlədən əşya-geyim bölməsi üzrə armatur kartları sorğulanarkən, həmin sənədlərin N saylı hərbi hissədə 2003-2006-cı illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti təftiş olunduğundan və hərbi hissənin ekspert-yoxlama komissiyası tərəfindən sənədli materialların saxlama müddətinə uyğun olaraq əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləri, o cümlədən əşya-geyim bölməsi üzrə armatur kartları müvafiq aktlar əsasında yandırılaraq məhv edilmişdir. Kassasiya instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, “apelyasiya instansiya məhkəməsi qərarını ləğv edərkən mübahisəli məsələnin (paltar pulunun ödənilməsi) qanunvericilikdə 2005-ci ildən sonra hansı formada tənzimləndiyini müəyyən etsədə, iddiaçının xidmət etdiyi dövrdə, yəni 1999-cu ildən hansı formada tənzimləndiyini araşdırılmamışdır”. Kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 25 dekabr 1991-ci il tarixdən qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli,641 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin sülh dövrü üçün əşyalar, tibbi və təsərrüfat əmlakı, sanitar-gigiyena vasitələri və xüsusi geyimlə təminat normaları təsdiq edilmişdir. Qeyd edilən Qərarın 2-ci bəndinə əsasən təsdiq olunmuş sülh dövrü üçün əşya təchizatı normaları, Dövlət Sərhəd Xidməti istisna olmaqla, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Mülki Müdafiə Qərargahının və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsinin hərbi birləşmələrinin hissələrinə şamil edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin sülh dövrü üçün əşyalar, tibbi və təsərrüfat əmlakı, sanitar-gigiyena vasitələri və xüsusi geyimlə təminat normaları "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli, 641 nömrəli Qərarı ilə nizama salınmışdır ki, həmin Qaydalarda da Dövlət Sərhəd Xidməti nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi dövrə "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli, 641 nömrəli Qərarına istinad etməklə iddia tələbi təmin oluna bilməz. Bundan əlavə məhkəmə kollegiyasının iclasındakı izahatında iddiaçı səhra geyim forması ilə xidmət dövründə pulsuz təmin edildiyini, digər hərbi formanı isə öz şəxsi vəsaiti ilə əldə etdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. İşin yuxarıda qeyd edilən hallarını və qanunvericilik normalarını məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mübahisələndirilən dövrdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin sülh dövrü üçün əşyalar, tibbi və təsərrüfat əmlakı, sanitar-gigiyena vasitələri və xüsusi geyimlə təminatı dövlət tərəfindən təmin edildiyindən AR Nazirlər Kabinetinin həmin dövrdə qüvvədə olan X4 Xidməti nəzərdə tutulmamış, lakin sonradan "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nın təsdiq edilməsi haqqında” Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli, 80 nömrəli qərarı ilə "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları" təsdiq edilmişdir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına hərbi xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydası isə 04 noyabr 2005-ci il tarixdə təsdiq edilmişdir. Həmin Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın 1-6 nömrəli normaları (bundan sonra normalar) ilə təchiz olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general və admirallarına, zabitlərinə, gizirlərinə, miçmanlarına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (bundan sonra DSX hərbi qulluqçuları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli,80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”na uyğun olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Həmin Qaydaların 6-cı bəndinə əsasən cari ildə geyilmə müddəti başa çatmış hərbi geyim və əşya əmlakının bu Qaydanın 1-ci bəndində göstərilmiş normalara uyğun olaraq yeni hərbi geyim və əşya əmlakı ilə əvəz olunması tarixinə hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanının müvafiq əmrinə əsasən həmin ilin dördüncü rübü ərzində ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu 25 dekabr 1991-ci il-ci il tarixdə qanuni qüvvəsini alsa da, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliklə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli, 80 nömrəli Qərarı əsasında qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına hərbi xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydası ilə müəyyən edilmişdir. Həmin Qaydalar 04 noyabr 2005-ci il tarixdə təsdiq edilərək, 11 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. Qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş qayda üzrə iddiaçıya həmin dövrdən sonrakı digər illər üzrə əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiya 2015-ci ilədək ona ödənilmiş, bu səbəbdən də həmin dövrlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq 12.12.2018-ci il tarixdə 432,80 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda iddiaçının həmin dövrdən əvvəlki dövrlər üzrə ona hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi barədə tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1373/2020 saylı, 03 sentyabr 2020-ci il 2020ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan, təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar