Məhkəmə qərarları › İş №2-1(103)-2163/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2163/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2163/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “daşınmaz əmlak barədə təsərrüfatbaşı uçot kitabından çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6953/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak barədə təsərrüfatbaşı uçot kitabından çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixli Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə iddiaçının vəfat etmiş atasına – X5 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum X4 adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bundan sonra müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 11321/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1086/2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11321/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1691/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1086/2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1691/2023 saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istinad etdiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X3 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarında qeyd edilən torpaq sahəsinin mərhum atasının mülkiyyətinə, sahibliyinə, istifadəsinə, icarəsinə verilməsi və ya ona ayrılması barədə hər hansı xüsusat qeyd edilməmiş, sadəcə olaraq, torpaq sahəsinin mərhumun adına ayrılmasına razılıq verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsinə dair cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, mərhum X4 mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın ona məxsus olması barədə müvafiq arayışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (müqavilə və digər əsaslar), habelə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi əsassızdır. Bundan sonra iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət edərək 1 yanvar 2001-ci il tarixinədək qəsəbə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına aparılmış uçotun sənədlərindən çıxarışın verilməsini xahiş etdi. Müraciətinə xx.xx.2024-cü il tarixli, 5-18- 10/2-0624/2024 saylı məktubla cavab olaraq bildirilmişdir ki, nümayəndəliyində saxlanılan fərdi qeydiyyat vərəqəsində X4 ünvan 1 ünvanında qeydiyyatda olduğu barədə qeyd mövcuddur. Nümayəndəliyində həmin ünvanlı torpaq sahəsi və fərdi yaşayış evinə aid başqa məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.3-cü bəndində qeyd olunan kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1.6-cı bəndinə əsasən ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə aid edilmişdir. Bildirir ki, torpaq sahəsi ayrıldıqdan sonra həmin torpaq sahəsində 2001-ci ilə qədər fərdi yaşayış evi inşa edilmiş və hal hazırda həmin evdə yaşayırıq. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hüquqi marağı həmin təsərrüfatbaşı uçot kitabından çıxarışı əldə edərək qeyd olunan daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından ibarətdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6953/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - cavabdeh xx.xx.2024-cü il tarixli, 5-18-10/2-0624/2024 saylı məktubla iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, nümayəndəlikdə saxlanılan fərdi qeydiyyat vərəqəsində X4 ünvan 1 ünvanında qeydiyyatda olduğu barədə qeyd mövcuddur. Nümayəndəlikdə həmin ünvanlı torpaq sahəsi və fərdi yaşayış evinə aid başqa məlumat yoxdur. - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X3 Rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Birgə İclasının xx.xx.1999-cu il tarixli qərarına əsasən X2 İİ-də yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı mərhum atasına torpaq sahəsinin ayrılmasına razılıq verilməsinə dair qərar əsasında daşınmaz əmlak barədə təsərrüfatbaşı uçot kitabından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; Qanunvericilik normalarının tələbindən də görünür ki, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən – təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş sənəddir. İddiaçı isə hazırda ona mövcud qanunvericiliklə tənzimlənməyən, sözügedən qanun qüvvəyə minənədək tərtib edilməsi nəzərdə tutulan sənədin verilməsini xahiş edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6953/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar