Məhkəmə qərarları › İş №2-1(103)-2164/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2164/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2164/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2783/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i.v.26) ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan 2002-ci ilin yanvar ayından 2009-cu ilin dekabr ayınadək olan müddətin əmək stajı kimi tanınması və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə İddiaçı ordudan tərxis olunduqdan sonra, 1982-ci ilin noyabr ayında işləmək üçün "xxxx" Elm-İstehsalat Birliyinin əsas zavodu olan “Bakı Məişət Kondisionerləri” zavoduna müraciət etmiş, 1983-cü ilin iyun ayının 23-də kurs keçərək zavoda qaz qaynaqçısı kimi işə qəbul olunmuş, 1985-ci ilin ortalarında işini lehimləyici peşəsi ilə əvəz etmişlər. Lehimləyici peşəsində çalışanlar lehimlə mikrosxem yığırlar. O isə qaz ilə müxtəlif əlvan metalları bir-birinə qaynaq edib yapışdırır. Bu zaman istifadə olunan müxtəlif qələvi turşuların və qaynaq zamanı istifadə olunan maye, toz, qaz şəklində olan flyus, metalların aşılanmasında istifadə olunan tetroxloretilen, paraxloretilen, xrom kimi insan həyatı üçün son dərəcə təhlükəli olan bir şəraitdə işləmişdir. Əmlak Komitəsi özəlləşdirmə adı ilə zavodu öz nəzarətinə keçirəndən sonra zavod kollektivinin böyük əksəriyyəti ərizə yazıb işdən çıxmış, ona da təklif etmişlər ki, öz hesabına müddətsiz məzuniyyət haqqında ərizə yazsın. Bu təklifin hüquqi tərəfindən xəbərsiz olduğu üçün məzuniyyətdə olduğu müddətin də onun üçün staj kimi yazılacağını düşünmüşdür. Cavabdeh orqan iddiaçının 10 iyun 2021-ci il tarixli müraciətinə ünvanladığı cavab məktbunda bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlər, o cümlədən, fərdi hesabında tələb olunan pensiya kapitalı yoxdur. Eyni zamanda, birinci instanssiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında da cavabdeh iddianı qəbul etməmiş, rədd olumasını birinci instansiya məhkəməsindən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlarda onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 5 ay 5 gün), güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 28 gün) təşkil edir.Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18450,98 manat təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2783/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunma tələbinin təmin olunmasına dair, əks halda, onun hesabında olan məbləğin özünə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyri-dəqiqliklərlə çıxarılmışdır. Belə ki, 3-cü səhifəsinin 5-ci abzasında onun peşə təhsilini axşam növbəsində aldığı qeyd olunmuş, halbuki, 75 N-li Şəhər Texniki peşə məktəbində gündüz təhsili almışdır. Həmin səhifənin 8-ci abzasında isə əmək kitabçasında qərəzli formada göstərildiyi kimi, xx.xx.1985-ci il tarixində onun faktiki işi görməklə 4-cü dərəcəli lehimləyici peşəsinə dəyişdirildiyi, yəni mikrosxem yığan kimi göstərilmişdir. Halbuki, qeyd olunan tarixdən sonra da əvvəlki kimi qaynaqçı peşəsində işləmişdir. Gördüyü iş əlvan metalların qaynağı olub. Ona göndərilən nüsxənin 1-ci səhifəsinin 2-ci abzasında qeyd edilən yanlışlıq haqqında özləri də yazıb. Təqdim olunan arayışda tələb olunan iş stajı yetərli olduğu halda, ona qaz qaynaqçısı peşəsi üzrə güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verir. Başqa bir halda isə əmək kitabçasına deyil, zavod tərəfində verilən arayışa istinad edirlər. Belə ki, əmək kitabçasındakı xx.xx.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdirqekydini 7-ci səhifənin 6-cı abzasında özlərinə sərf edən şəkildə dəyərləndirmişlər. Onu da qeyd edir ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu ilə qədər olan dövr zavod rəhbəriyi ilə əldə etdiyi razılığa əsasə zavod əmək haqqını ödəmək qabiliyyətində olmadığı üçün ona təklif olundu ki, müddətsiz , öz hesabına məzuniyyətə çıxmaq haqqında ərizə yazaraq, ailəni dolandırmaq üçün başqa yerdə işləyib. O, bu anlaşmanın hüquqi tərəfindən xəbərsiz olduğu üçün məzuniyyət müddətinin də onun üçün staj kimi qeyd olunacağını zənn etmişdir. Qərarın 2-ci səhifəsinn 4-cü abzasında onun fərdi hesabında pensiya təminatı üçün fərdi hesabında, cəmi, 18450, 98 manat təşkil etdiyinin göstərilməsinə gəldikdə, cavabdehin saxta arqumentləridir. İşlədiyi müddətdə təyin olunan bütün vergi dərəcələrini ödəyib. Hesabda nə qədər pul olması vətəndaşdan asılı deyil. Belə çıxır ki, indi o, DSMFnin hesabına 22.950 manat pul keçirməlidir. Odur ki, məhkəmədən xahiş edir ki, haqlı tələbi təmin olunsun. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı Ü.Hüseynova iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında hesab etmişdir ki, 57 yaşından iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan 25 il ümumi və 12 il 6 ay güzəştli stajı olmadığından cavabdehin imtinası əsaslı olmuş, qanunla qorunan hüquqi mənafelərini pozmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən əsasən hərbi xidmət dövrü, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarında olan hərbi biletinin (Noxx.xx.1980, H3 4414061), və 75 N-li Şəhər Texniki-peşə məktəbin tərəfindən verilmiş attestatın (No991, 28 iyul 1978) və diplomun (xx.xx.1983. No B 668275), eləcə də, əmək kitabçasının (xx.xx.1978, ИТ-İ 0429493) - surətlərinə əsasən müəyyən olunur ki, xx.xx.2006-cı il tarixinədək onun əmək fəaliyyəti üzrə aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1977-xx.xx.1977: 75 N-li Texniki-Peşə məktəbində satıcı kursunda əyani təhsil - 02 ay 16 gün: xx.xx.1977- xx.xx.1980: Lenin Rayon Qarışıq Mallar mağazasında satıcı - 2 il 10 ay 29 gün; xx.xx.1983-xx.xx.1983: 75 N-li Texniki-Peşə məktəbində elektrik və qaz qaynaqçısı kursunda əyani təhsil - 6 ay 16 gün; xx.xx.1980-xx.xx.1982: hərbi xidmət - 2 il; xx.xx.1983-xx.xx.1985:Bakı Məişət Kondisionerləri X2 sexində 3 dərəcəli qaz qaynaqçısı – 1 il 7 ay 3gün; xx.xx.1985–ci il tarixdə həmin sexdə faktiki gördüyü iş üzrə lehimləyici peşəsinə keçirilmişdir. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 17 nömrəli və xx.xx.2022-ci il tarixli, 8 nömrəli arayışlarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2002-xx.xx.2009-cu ilə kimi öz hesabına məzuniyyətdə olmuş, 1994-2001-ci illərə üzrə isə onun 1997-ci ildə bir ay, 1998-ci ildə bir ay 1999-cu ildə 6 ay, 2000-ci ildə tam olaraq, 2001-ci ildə 6 ay əmək haqqı mövcud olmamışdır ki, belə olan halda onun işləmədiyi həmin müddətlər çıxılmaqla hesablama aparıldıqda, onun xx.xx.1985-xx.xx.2002–ci ilə qədər (1985-1993 tam götürülməklə) lehimləyici kimi faktiki işlədiyi müddət - 14 il 08 ay 3 gün; Beləliklə də qeyd olunan iş stajı ümumiləşdirildikdə, iddiaçının 2006-cı ilə qədər faktiki iş stajı - 21 il 11 ay 7 gün təşkil etdiyi müəyyən olunur. Eyni zamanda "xxxx" ASC-nin qeyd olunan xx.xx.2017-ci il tarixli 17 nömrəli arayışına (i.v.46) əsasən həmçinin müəyyən olunur ki, iddiaçının həmin zavodda qaz qaynaqçısı işlədiyi dövr (1 il 7 ay 3gün) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci “Ümumi peşələr” bölməsinin “qaz qaynaqçısı” peşəsi, lazımi əmək stajı topladıqda, güzəştli təqaüdə çıxmaq hüququ verir. Qeyd olunmalıdır ki, arayışda adıçıkilən “qaz qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 No-li Siyahısında XXXİİİ Ümümi peşələr bölməsində 23200000—11620 kodunda (qaz qaynaqçıları) təsbit olunmuşdur. Beləliklə də işin tədqiq olunan sübutlarla müəyyən olunan halların qanunvericiliyə müvafiq qəiymətləndirilmə aparıldıqda müəyyən edilir ki, xx.xx.2006-cı il tarixinə qədər iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində tələb olunan azı 25 il ümumi, güzəştli pensiya hüququ verən azı 12 il 6 ay xüsusi stajı toplanmır. Belə olan halda, deməli, onun 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ da yaranmır. Hətta ona “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə müvafiq olaraq 60 yaşından belə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün də faktiki şərtlər mövcud deyil. Belə ki, Qanun qeyd olunan normasına əsasən 60 yaşından güzəştli şərtlərlə pensiya təyinatının aparılması üçün iddiaçının yenə də azı 25 il ümumi, 12 il 6 ay xüsusi və minimum pensiya təminatına imkan verən fərdi hesabında pensiya kapitalı mövcud olmalıdır. Həmin şərtlər isə iddiaçı tərəfindən ödənilmir. Birincisi, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.1921-ci il tarixinə də azı 25 il ümumi stajı toplanmır. Çünki, qeyd edildiyi kimi, o, "xxxx" ASC-də işlədiyi vaxt xx.xx.2002xx.xx.2009-cu ilədək öz hesabına məzuniyyətdə olmuş, bundan sonra isə əmək kitabçasına əsasən əmək fəaliyyəti üzrə aşağıdakı kimi olmuşdur: xx.xx.2014 - xx.xx.2014: “X5” MMC-də fəhlə - 2 ay 16 gün; xx.xx.2016 - xx.xx.2016: "xxxx" ASC-nin X3” MMC-də fəhlə - 9 ay 2 gün (Başqa əmək fəaliyyəti müəyyən olunmur.) Qeyd olunan 11 ay 18 günü (2 ay 16 gün+9ay 2 gün) də iddiaçının yuxarıda qeyd olunan 21 il 11 ay 7 gün ümumi iş stajı ilə topladığqa onun cəmi, 22 il 10 ay 25 gün yəni, yenə də 25 ildən az iş ümumi iş stajı mövcud olur. Belə olan halda, onun heç xüsusi staja və müvafiq pensiya kapitalına malik olmasının araşdırılmasına heç zərurət də qalmır, hərçənd ki, iş materiallarına əsasən bu şərtlərin də ödənildiyi müəyyən olunmur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiyanın qərarı ilə iddianın rədd edilməsini işdə olan sübutlara və qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, yekunda iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdeh hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarda yanlışlıqlara yol verildiyini, cavabdeh və məhkəmə tərəfindən əsassız olaraq onun iş stajına düzgün qiymət verilmədiyini vurğulamaqla, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən ilə razılaşmır. Onun apellyasiya şikayətində, şikayəti təmin olunmadığı halda, fərdi hesabındakı qeyd alınmış mövcud pensiya kapitalının geri qaytarılmasını tələb etməsinə gəldikdlə isə məhkəmə kollegiyası bununla bağlı bildirir ki, “Əmək pensiyaları haqqında” qanunvericiliyi ilə belə bir qayda nəzərdə tutulmamışdır. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiaysı yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2783/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2783/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar