Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2164/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2023 nömrəli 17 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytında yerləşdirilmiş minirnum aylıq əmək haqlarının müəyyən illər üzrə artım statistikasına əsaslanaraq: 2007-2022 ci illər üçün əldən çıxmış faydalar qismində 25.000 (iyirmi beş min) manat maddi, mənəvi təzminat qismində isə 20.000 (iyirmi min) manat olmaqla, cəmi 45.000 (qırx beş min) manat vəsaitin ona dəymiş maddi və mənəvi təzminat qismində ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2023 nömrəli 17 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Ukrayna dövlətinin Dnepropetrovsk Milli universitetinə qəbul olunmuş və 2004-cü ildə bu universiteti bitirmişdir. Təhsil zamanı o, Ukraynada olmuş, buna xarici pasportundakı viza ştamları sübutdur. Təhsilini bitirmək haqqında ona Ukrayna bakalavr diplomu təqdim olunmuşdur. Diplomda aşağdakılar qeyd olunmuşdur: Bu diplom (№ 002853) verilir X4 ondan ötrü ki, o, 1999-cu X6 Universitetinə daxil olmuş və 2004-ci ildə həmin universiteti hüquq ali peşə istiqaməti üzrə bitirmişdir (Əyani). İddiaçı universitetə qəbul olduğu 1999-cu ildə universitetin adı Dnepropetrovsk dövlət universiteti idi. 2000-2001-ci illlərdə Ukrayna hökumətinin müvafiq qurumlarının qərarı ilə universitet Dnepropetrovsk Milli Universiteti adlandırıldı və bu günə kimi də Dnepropöetrovsk Milli Universiteti adlandırılır. Dövlət İmtahan Komissiyasının 29 iyun 2004-cü il tarixli qərarı ilə iddiaçıya Hüquq ixtisası üzrə Bakalavr dərəcəsi verilmişdir. Bu diplom yuxarıda qeyd edilən ixtisasla əlaqədar istənilən növ peşə fəaliyyətini həyata keçirməyə imkan verir. Sözü gedən diplomun özündə, həmçinin onun leqalizasiyasını təsdiq edən ştamp mövcuddur. X8 İşlər Nazirliyi tərəfindən 18 Oktyabr 2004-cü ildə leqalizasya olunmuşdur. Bundan başqa, Təhsil Nazirliyinə təhsil aldığı müddət ərzində keçdiyi fənlərdən və imtahanların qiymət cədvəlindən çıxarışı təqdim etmişdir. Cədvəldə tədris olunmuş fənlərin həcmi və alınmış yekun qiymətlər əks olunur. Yuxarıda göstərilən sənədləri təqdim edərək, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etdi. Təhsil nazirliyi tərəfindən ona ilk dəfə xx.xx.2007-ci il tarixli (H-2512/03-24) imtina məktubu təqdim olunmuşdu. Məktubda aşağıdakılar onun nəzərinə çatdırılmışdı: Məlumat üçün bildiririk ki, Sizin sənədləriniz Nazirlər Kabinetinin xx.xx.2005-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş "xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən ediməsi nostrifikasiya qaydaları"na uyğun gəlmədiyi daimi komissiya tərəfindən müəyyən olunmuş və Sizə müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı qərarının 2.5-ci bəndinə əsasən Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda , imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilməlidir. Təhsil Nazirliyinə etdiyi çox saylı müraciətlərə baxmayaraq, ona daima eyni məzmunlu cavablar verilmiş, heç bir konkret səbəb göstərilmədən onun müraciətləri rədd edilmişdir. Lakin xx.xx.2014-cü il H-5841/0324 nömrəli məktubu ilə müraciətini cavablandıran Təhsil Nazirliyi bildirmişdir ki, təhsil aldığı universitetin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (5 il) iddiaçının buna riayət etmədiyi müəyyən edilmişdir. Lakin iddiaçı bu cavabla qətiyyən razı deyil, cünki iddiaçı təhsilini əyani formada almış və lazım olan müddətə ciddi riayyət etmişdir. Bunu iddiaçının pasportundakı ştamplar və digər dəlillər sübut edir. Lakin Təhsil Nazirliyinin iddiasına görə iddiaçı təhsil müddətində Ukraynada yox, Londonda olmuşdur. Bununla əlaqədar Təhsil Nazirliyi Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin adından məhkəməyə saxta (möhürsüz və imzasız) sənədlər təqdim etmişdir. İddiaçı heç vaxt Londonda, ümumiyyətlə Avropada olmamışdır. Təhsil Nazirliyinə və Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etdiyi sənədlərdən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından imtinaya səbəb olan əsaslardan sənədlərdə heç biri yoxdur. Belə olan vəziyyətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ya Təhsildə X1 şəhadətnamənin verilməsindən imtina etməsi mövcud qaydalara və qanunvericiliyə ziddir. İddiaçıya ilk dəfə 2007-ci ildə imtina məktubu təqdim edildikdə məhkəməyə müraciət etdi. Lakin Nərimanov rayon məhkəməsi işə mahiyyəti üzrə baxmadan iddia müddətinin buraxılmasnı bəhanə edərək xx.xx.2008-ci ildə N9 2(005)-2046/2008 saylı qətnamə çıxardı. İddiaçının məhkəməyə təqdim etdiyi faktların heç birinə əhəmiyyət verilmədi. Qətnamədə belə yazılıb: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı ali təhsil haqqında diplomun tanınması barədə iddiası iddia müddətinin buraxılması ilə əlaqədar rədd edilsin. Bu hadisə ona çox pis etdi və o zaman apellyasiya şkayəti verməkdən imtina etdi. Çünki o zamn məhkəmələr üzərində məmurların güclü təsiri olduğunu anlamışdı. Lakn son illər Cənab Prezidentin yürütdüyü qətiyyətli və uğurlu daxili və xarici siyasətin nəticəsində bu kimi hallar aradan qaldırılmışdır. Beləliklə, qüvvəyə minən məlum məhkəmə aktının nəticəsində iddiaçı sonrakı illərdə məhkəməyə müraciət edə bilmədi. Daha doğrusu məhkəməyə müraciət etsə də eyni iş üzrə məhkəməyə təkrar müraciət etmək hüququnun olmaması səbəbi ilə işə mahiyyəti üzrə baxılmamışdır. Sonuncu dəfə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib diplomunun yeni APOSTİL olunması faktını və digər sübutları təqdim etməyinə baxmaraq, ona xx.xx.2022-ci ildə (ünvana çatdırılma xx.xx.2022) H-398/03-TKTA nömrəli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçıya bu barədə 2007-ci ildə ətraflı cavab verilib. Təbii ki, bu cavab onu qətiyyən qane edə bilməz. Xarici diplomların tanınması səlahiyyətərinin Təhsil Nazirliyindən alınaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinə verilməsi və ən başlıcası xx.xx.2020-ci ildə diplomumun APOSTİL olunması yeni situasiya yaratmışdır ki, bu da qanunvericiliyə əsasən onun işinə məhkəmədə yenidən və mahiyyəti üzrə baxılmasına şərait yaratmışdır. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixində diplomun ölkə ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi məqsədi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi, iş icraata götürüldü və 2-1(112)-6299/2022 nömrəli məhkəmə aktı qəbul edildi. Məhkəmə aktında qarşı tərəfin diplomu tanımamasına dair səbəbləri, faktları və sübutları 3 (üç) ay müddətinə məhkəməyə təqdim etmək tələb olunur. Bu müddət ərzində qarşı tərəf məhkəməyə heç bir fakt və sübut təqdim edə bilmədiyi üçün Təhsil Nazirliyi (TKTA) onun diplomunu ölkə ərazisində tanımağa və müvafiq şəhadətnamənin verilməsinə məcbur oldu. Bundan sonra iddiaçı xx.xx.2022-ci ildə maddi və mənəvi təzminatla bağlı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etdi və iş icraata götürüldü. Məhkəməyə bildirdi ki, Təhsil Nazirliyi (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) heç bir araşdırma aparmadan diplomunu tanımamış və 17 il onun peşə fəaliyyəti ilə məşqul olmağının qarşını almış, bütün faydaların əldən çıxmasına vəsilə olmuş və uzun illər ona psixoloji sarsıntı yaşatmışdır. Sonda diplomunu tanımaqla öz səhvlərini etiraf etmiş oldular ki, bu da iddiaçıya maddi və mənəvi təzminat tələb etmək hüququ əmələ gətirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, əldən çıxmış faydalar qismində 25.000 (iyirmi beş min) manat maddi, mənəvi təzminat qismində isə 20.000 (iyirmi min) manat olmaqla, cəmi 45.000 (qırx beş min) manat vəsaitin Təhsildə Keyfiyyət Təminatı Agentliyindən iddiaçıya dəymiş maddi və mənəvi təzminat qismində ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, əldən çıxmış faydalar qismində 25.000 (iyirmi beş min) manat maddi, mənəvi təzminat qismində isə 20.000 (iyirmi min) manat olmaqla, cəmi 45.000 (qırx beş min) manat vəsaitin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyindən iddiaçıya dəymiş maddi və mənəvi təzminat qismində ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ünvanlanmış məktubdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytında yerləşdirilmiş minimum aylıq əmək haqlarının müəyyən illər üzrə artım statistikasına əsaslanaraq: 2007-2022-ci illər üçün əldən çıxmış faydalar qismində 25.000 (iyirmi beş min) manat maddi, mənəvi təzminat qismində isə 20.000 (iyirmi min) manat olmaqla, cəmi 45.000 (qırx beş min) manat vəsaitin ona dəymiş maddi və mənəvi təzminat qismində ödənilməsi xahiş etmişdir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2-1(112)-6299/2022 nömrəli qərardadının icrası məqsədilə İddiaçı Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, Dİ №002853 saylı diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. İş materiallarında olan T 027503 nömrəli şəhadətnamənin və İ 026874 nömrəli şəhadatnamənin surətlərindən görünür ki, İddiaçı adına xx.xx.2004-cü ildə Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş Dİ № 002853 saylı diplom Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, iddiaçı diplomunun tanınması üçün müraciət etsə də, sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”na uyğun gəlmədiyi üçün müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət etsə də, işinə mahiyyəti üzrə faktiki olaraq baxılmamış, iddiaçı isə mümkün hüquqi müdafiə vasitələrini tükəndirməmişdir. Bundan başqa, iddiaçı əvvəllər etdiyi müraciətinə diploma apostil şəhadətnaməsini əlavə etməmişdir. İddiaçının diploma əlavə edilmiş 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın tələbinə uyğun Apostille şəhadətnaməsi xx.xx.2020-ci il tarixlidir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 2.1-ci bəndinin 3-cü hissəsinə əsasən ali təhsil haqqında sənəd və ya ona əlavənin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiqi bir qayda olaraq Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki Səfirliyində (Konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu bildirsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2023 nömrəli 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2164/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2164/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver