Məhkəmə qərarları › İş №2-1(103)-2164/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2164/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2164/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) X3, Cavadehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus Ю 006890 № li diplomun surətinə əsasən 1973-cü ildən 4.07.1977-ci ilə qədər Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Sovet Ticarəti texnikumunda “ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” ixtisası üzrə təhsil almışdır (təhsil müddətinin başlanğıcının sentyabr ayı üzrə hesablamaya əsasən 3 il, 10 ay, 4 gün). İddiaçıya məxsus ИТ-İ ******* № li əmək kitabçasına əsasən o: 1.08.1977-cİ idlən xx.xx.1980-ci ilə qədər Oktyabr rayon qida ticarəti müəssisəsində işləmişdir ( 3 il, 3 ay, 24 gün); 4.12.1980-cİ ildən - 2.12.1996-ci ilə qədər Kirov rayon Qarışıq ticarət müəssisəsində işləmişdir (15 il, 11 ay, 29 gün). İddiaçı xx.xx.2004-cü ildən vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2007ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən 7.11.2017-ci ilədək, 8.11.2017-ci ildə 6.11.2022-ci ilədək fəaliyyəti dayandırılmış, hazırda da vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “…Təqdim etdiyiniz əmək kitabçasının, hərbi biletinizin və təhsil haqqında diplomunuzun surətinlərinə əsasən sığorta stajınız (1.09.1973-cü il tarixindən 1.07.1977-ci il tarixinədək təhsil aldığınız və hərbi xidmətində olduğunuz illər nəzərə alınmaqla 24 il 5 ay təşkil edir. Həmçinin 1.01.2006-cı il tarixindən 1.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İİ. Tərəflərin əsaslandırması

2. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan tərəfindən dövlət büdcəsinə vergi və məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Bu halı iddia ərizəsinə əlavə etdiyi məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzləri də sübut edir. İddia ərizəsinə əlavə edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X6 üzrə Baş İdarə tərəfindən verilmiş **********988700 saylı xx.xx.2020-cı il tarixli cavabından da göründüyü kimi, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 1.04.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək olan hesabat dövrləri üçün tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannnamələri üzrə dövriyyə məbləği 13552 manat təşkil etmişdir. Eyni zamanda qeyd edilən dövr üzrə məcburi dövlət sosial sığorta haqları da ödənilmişdir. Göründüyü kimi 1.01.2006-cı il tarixədək və bu tarixdən sonra sığorta kapitalına məcburi dövlət sosial sığorta haqqları hesabına mədaxil olmuşdur. Hesab edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir və bu hal nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməlidir.

3. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun tərəfindən 1.7.2004-cü il tarixdən xx.xx.2007-ci İl tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələr üzrə dövriyyə məbləği 13552 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı iddia etdiyi qeyd olunan dövrlərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyini qeyd etsə də, həmin məbləğlər onun şəxsi hesab vərəqəsində əks olunmamışdır. Bundan başqa 1.01.2006-cı il tarixdən ödənilən məcburi dövlət sosial sığorta haqlarının altsistemdə qeydə alındığı nəzərə alınsa, iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia etdiyi 1.01.2006-xx.xx.2007ci il tarixlərdə onun fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilməsi qərara alınmışdır.

5. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırmışdır ki, işmateriallarından da göründüyü kimi, sübut qismində İddiaçı Əlsəgəroğlunun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübut edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarə tərəfindən verilmiş **********988700 saylı xx.xx.2020-ci il tarixli cavabı təqdim edilmişdir. Həmin cavaba əsasən, İddiaçı Əlsəgər oğluxx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi ödəyicisi olmuşdur. Məntiqli olaraq müvafiq dövrləri əhatə edən vergi bəyannamələri üzrə vergi ödənişləri ödənildiyi kimi, məcburi dövlət sosialsığorta haqqı da ödənilmişdir.Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi vergi ödəyicisi kimi fəaliyyətə başladığı xx.xx.2004-cü ildən əvvəlki dövrlər üzrə ödənişlərin təyinatı da iş materiallarında müəyyən edilmir. İddiaçının həmin dövrlərdə vergi ödəyicisi kimi uçota alınması və əmək faəliyyəti ilə məşğul olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Qeyd edilən halla bağlı bildirirlər ki, iş materiallarına sübut qismində İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübut edən 2003-cü, 2004-cü illərin müvafiq 1-ci, 2-ci, 3-cü, 4-cü rüblərinin vergi bəyannnamələri əlavə edilmişdir. Qeyd edilən vergi bəyannamələrində İddiaçı Bakıxanov qəsəbəsi ərazisində Ticarət Mərkəzində (Yarmarkada) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Beləki, İddiaçı ilə “Azərbiznes” firmasının başdirektoru arasında xx.xx.2003-cü il tarixində icarə müqaviləsi bağlanmış və İddiaçı Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsi ərazisində yerləşən ticarət obyektini icarəyə götürmüş və fərdisahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

7. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: İşin faktiki hallarına görə, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 1973-cü ildən 4.07.1977-ci ilə qədər Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Sovet Ticarəti texnikimunda “ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” ixtisası üzrə təhsil almış, 1.08.1977-cı idlən - xx.xx.1980-ci ilə qədər Oktyabr rayon qida ticarəti müəssisəsində, 4.12.1980-ci ildən - 2.12.1996-ci ilə qədər Kirov rayon Qarışıq ticarət müəssisəsində işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 25 il ümumi stajının olmaması əsası ilə iddiaçının müraicətini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən stajı 24 il 5 aydır. İddiaçı bununla razılaşmır və hesab edir ki, fərdi sahibkar kimi vergi ödəyicisi qismində fəaliyyət göstərdiyi dövrlər də nəzərə alınmalı və ona hüququnun yarandığı vaxtdan yaşa görə pensiya təyin edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla onun hüququ 64,6 yaşdan, yəni xx.xx.2020-ci ildə yaranır. İddiaçının təhsil dövrü də nəzərə alınmaqla (hərbi xidmət dövrü təhsil dövrü ilə üstüstə düşür) əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla stajı 23 il, 1 ay, 27 gün təşkil edir. İddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halla bağlı, yəni onun vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta haqqı ödədiyi dövrlərin də nəzərə alınması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddia ərizəsinə əlavə edilmiş qəbzlərin surətindən müəyyən edilir ki, iddiaçı: 2003-cü il üzrə - aprel, iyul, sentyabr, oktyabr, noyabr və dekabr aylarında (6 ay); 2004-cü il üzrə - may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarında (8 ay); 2005-ci il üzrə fevral, aprel, may, iyun aylarında (4 ay), ümumilikdə 18 ay MDSS ödənişləri etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, bu dövrlər də nəzərə alınsa belə, iddiaçının stajı 25 ildən az (24 il, 7 ay, 27 gün) təşkil edir. Digər tərəfdən iddiaçı 2003-cü il üzrə MDSS qəbzləri təqdim etsə də, iddia ərizəzinə əlavə edilmiş və məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş məktublardan müəyyən edilir ki, uçot baza məlumatlarına əsasən iddiaçı xx.xx.2004-cü ildən vergi ödəyicisi kimi qeydiyyata alınmış və xx.xx.2007-ci il tarixə qədər fəaliyyət göstərmişdir. İddiaçının təqdim etdiyi vergi ödəyicisi kimi fəaliyyətə başladığı xx.xx.2004-cü ildən əvvəlki dövrlər üzrə ödənişlərin təyinatı da iş materiallarında müəyyən edilmir. İddiaçının həmin dövrlərdə vergi ödəyicisi kimi uçota alınması və əmək faəliyyəti ilə məşğul olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq DSMF-in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının Nazirliyin Mərkəzləşdirimiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi dövrlər üzrə 1.01.2006cı il tarixdən sonra MDSS ödənişləri qeydə alınmamış, həmçinin iddiaçı həmin dövrlər üzrə də MDSS ödənişləri barədə qəbzlər də təqdim edə bilməmişdir. 1.01.2006-cı ildən əvvəlki dövrlər üzrə təqdim edilmiş MDSS ödəniş dövrləri də nəzərə alınarsa belə iddiaçının 25 il ümumi stajı tamam olmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir.

10. Məhkəmə Kollegiyası iddia ərizəsinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

11. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, işmateriallarından da göründüyü kimi, sübut qismində İddiaçı Əlsəgər oğlunun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübut edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarə tərəfindən verilmiş **********988700 saylı xx.xx.2020- ci il tarixli cavabı təqdim edilmişdir. Həmin cavaba əsasən, İddiaçı Əlsəgər oğlu xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi ödəyicisi olmuşdur. Məntiqli olaraq müvafiq dövrləri əhatə edən vergi bəyannamələri üzrə vergi ödənişləri ödənildiyi kimi, məcburi dövlət sosialsığorta haqqı da ödənilmişdir.

12. Həmçinin, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi vergi ödəyicisi kimi fəaliyyətə başladığı xx.xx.2004-cü ildən əvvəlki dövrlər üzrə ödənişlərin təyinatı da iş materiallarında müəyyən edilmir. İddiaçının həmin dövrlərdə vergi ödəyicisi kimi uçotaalınması və əmək faəliyyəti ilə məşğul olmasına dair işmateriallarında hər hansı bir sübut yoxdur. Qeyd edilən halla bağlı bildirirlər ki, işmateriallarına sübut qismində İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübut edən 2003-cü, 2004-cü illərin müvafiq 1-ci, 2-ci, 3-cü,4-cü rüblərinin vergi bəyannnamələri əlavə edilmişdir. Qeyd edilən vergi bəyannamələrində İddiaçı Bakıxanov qəsəbəsi ərazisində Ticarət Mərkəzində ( Yarmarkada) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Beləki, İddiaçı ilə “Azərbiznes” firmasının başdirektoru arasında xx.xx.2003-cü il tarixində icarə müqaviləsi bağlanmış və İddiaçı Sabunçu rayonu Bakıxanov qəsəbəsi, BünyaUadə küçəsi ərazisindəyerləşən ticarət obyektini icarəyə götürmüş və fərdisahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

13. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2003-cü il tarixli icarə müqaviləsini və 2003-cü il üzrə MDSS qəbzləri təqdim etsə də, iddia ərizəzinə əlavə edilmiş və məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş məktublardan müəyyən edilir ki, uçot baza məlumatlarına əsasən iddiaçı xx.xx.2004-cü ildən vergi ödəyicisi kimi qeydiyyata alınmış və xx.xx.2007-ci il tarixə qədər fəaliyyət göstərmişdir.

14. İddiaçının təqdim etdiyi vergi ödəyicisi kimi fəaliyyətə başladığı xx.xx.2004-cü ildən əvvəlki dövrlər üzrə ödənişlərin təyinatı da iş materiallarında müəyyən edilmir. İddiaçının həmin dövrlərdə vergi ödəyicisi kimi uçota alınması və əmək faəliyyəti ilə məşğul olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur.

15. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

16. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya şikayətində qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

17. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7207/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar