Məhkəmə qərarları › İş №2-1(103)-2164/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2164/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2164/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) X3, Cavabdehin nümayəndəsi Nümayəndə, 3-cü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və "xxxx" MMC) “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2025 saylı 18 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxx 1959-cu il təvəllüdlüdür. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən cəmi sığorta stajı 12 il 1 ay 18 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim etdiyiniz Bakı şəhər Səbail Rayon Məhkəməsinin 23,11.2023-cü il tarixli Qətnaməsinə əsasən sığortaedən "xxxx" MMC tərəfindən xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatların təqdim edilməsi və müvafiq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sığortaedənə həvalə edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində sığortaedənin 2006-2011-ci illər üçün təqdim edilmiş hesabat məlumatlarına baxış keçirən zaman “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanların hesablan barədə məlumatlar”ın (Forma B3) təqdim edildiyi və sözügedən hesabatlarda sizə dair məlumatların (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) əks olunmadığı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, sığortaedən tərəfindən 2006-2011-ci illər üçün sizin xeyrinizə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunmasını müəyyənləşdirilməsi və həmin fərdi şəxsi hesablarda azaldılma aparılaraq müvafiq məbləğlərin iddiaçının fərdi şəxsi hesabına bərkidilməsini məqsədilə, səhv nəticəsində fərdi şəxsi hesabına artıq məcburi dövlət sosial sığorta haqqı ödənilmiş əməkdaşlar və həmin əməkdaşların xeyrinə ayrı- ayrılıqda hansı məbləğdə artıq məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə məlumatlar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra məhkəmə qərarının icrası mümkün olacaqdır. Həmçinin bildiririk ki, müraciətinizə əlavə etdiyiniz ödəniş qəbzində əks olunan məcburi dövlət sosial sığortası üzrə məbləğin Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xəzinə hesab kitabına daxil olması barədə MEİS-in “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində məlumat əks olunmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə proaktiv qaydada xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixindən - 62 yaşından əmək pensiyası təyin edilməsi və həmin tarixdən bugünədək ödənilən yaşa görə müavinət məbləği ilə təyin ediləcək pensiya məbləği arasında yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və "xxxx" MMC-nin üçüncü şəxslər qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1959-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. 2021-ci ildə pensiya yaşının çatması ilə əlaqədar əmək pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, müraciətinə cavab olaraq bildirilmişdir ki, sığorta stajı 12 il 2 ay 18 gün olduğu üçün həmçinin də xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona əmək pensiyası təyin olunmasından imtina edilmiş və xx.xx.2021-ci il tarixindən ona proaktiv formada yaşa görə sosial müavinət təyin olunmuşdur. Qeyd olunan məktubdan sonra məlum olmuşdur ki, onun xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək əmək müqaviləsi ilə işlədiyi (bununla bağlı Müəssisə tərəfindən əmək kitabçasında müvafiq qeydlər aparılmış və möhürlə təsdiq edilmişdir) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi dövlət sosial sığorta haqları hesablanmamış və DSMF-yə ödənilməmişdir. Bundan sonra iddia ərizəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Səbail rayon Məhkəməsinə müraciət edərək, “xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş (qətnamə əlavə edilir), həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya göndərilmişdir. Daha sonra isə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi icra edilərək onun xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi hesaba ödənilmişdir. Göstərilənlərdən məlum olur ki, xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasının səbəbi ondan asılı olmamışdır və artıq həmin dövr ərzində işlədiyi xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər olan müddətə görə məcburi dövlət sosial sığorta haqqı məhkəmə qərarına əsasən işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Bundan sonra təkrarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin inzibati orqan iddiaçının müraciətinin icrasından yenə də imtina etmiş və müraciətinə xx.xx.2024-cü il tarixli məktubu ilə əsassız imtina cavabı vermişdir. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilmişdir. 62 yaşı da xx.xx.2021-ci il tarixində tamam olmuşdur. xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyindən həmin dövrə görə işəgötürən tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanaraq ödənilməli idi. Lakin işəgötürən öz öhdəliklərini yerinə yetirməmiş, buna nəzarət etməli olan inzibati orqan (DSMF) da öz vəzifələrini lazımınca yerinə yetirməyərək işəgötürənin yol verdiyi qanunsuzluqları aşkar etməmişdir. İddiaçı bundan yalnız pensiya təyin edilməsi üçün müraciət edəndən sonra məlumatlı olmuş və məhkəməyə müraciət edərək həmin dövrə görə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının məcburi qaydada ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya göndərilmişdir. Daha sonra isə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi icra edilərək onun xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi hesaba ödənilmişdir. Göstərilənlərdən məlum olur ki, Səbail ravon Məhkəməsinin qevd olunan qətnaməsi icra edildikdən sonra artıq fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2018ci il tarixə qədər olan dövrə görə qeydə alınmış pensiya kapitalı yaranır. Belə olan halda isə qanunvericiliyin tələblərinə əsasən onun xx.xx.2006-cı il tarixədək olan sığorta stajı 25 il kimi nəzərə alınmalı və əmək pensiyası təyin edilməlidir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasının səbəbi ondan asılı olmamışdır və işəgötürənin yol verdiyi qanunsuzluqlar ziyanına şərh oluna bilməz. Odur ki, hazırda inzibat orqanın əmək pensiyası təyin etməkdən imtina etməsi qanunsuz olmuşdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3- 17-1/2-Ə-215066/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının sosial sığorta stajı 12 il 1 ay 18 gün təşkil edir. Sözügedən məktuba əsasən, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlər iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqqları aşkarlanmadığından mübahisələndirilmişdir. İddiaçı bununla bağlı müəssisəyə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, əmək müqaviləsi əsasında işlədiyi müvafiq dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişinin Fonda ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)- 1919/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının Fonda ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində sığortaedənin 2006-2011-ci illər üçün təqdim edilmiş hesabat məlumatlarına baxış keçirən zaman “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanların hesabları barədə məlumatlar”ın (Forma B3) təqdim edildiyi və sözügedən hesabatlarda iddiaçıya dair məlumatların (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) əks olunmadığı müəyyən edilmişdir. Sığortaedən tərəfindən 2006-2011-ci illər üçün iddiaçının xeyrinə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunmasını müəyyənləşdirilməsi və həmin fərdi şəxsi hesablarda azaldılma aparılaraq müvafiq məbləğlərin iddiaçının fərdi şəxsi hesabına bərkidilməsi məqsədilə, səhv nəticəsində fərdi şəxsi hesabına artıq məcburi dövlət sosial sığorta haqqı ödənilmiş əməkdaşlar və həmin əməkdaşların xeyrinə ayrı-ayrılıqda hansı məbləğdə artıq məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə məlumatlar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının müraciətinə əlavə etdiyi ödəniş qəbzində əks olunan məcburi dövlət sosial sığortası üzrə məbləğin Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xəzinə hesabına daxil olması barədə MEİS-in “Sığorta" (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində məlumat əks olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.6-cı bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqları Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1 və 4,1.3-cü bəndlərinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı əmək kitabçasına, xx.xx.2006-cı ildən sonrakı dövr üzrə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti əmək pensiyası təyin edilərkən sığorta stajı kimi nəzərə alınır. Qeyd olunanlardan aydın olduğu kimi, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2025 saylı 18 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən, 62 yaşından əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-154645 nömrəli məktuba əsasən iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hansı sığortaolunan(lar)ın adına işləndiyi haqqında məlumat və yoxlanılmasına zərurət yaranan sənədlər (imza və möhürlə təsdiq edilmiş iddiaçının və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının səhvən adına işlənilmiş digər sığortaolunan(lar)ın 2006-2011-ci illər üzrə dəqiqləşdirilmiş məlumatları, həmin dövrlər üzrə əmək haqqı cədvəlləri, həmçinin əmək kitabçalarının notarial təsdiq edilmiş surətləri, əmək müqavilələrinin, işə qəbul olunma və işdən azad edilmə əmrlərinin, məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri, əmək haqqı aldıqları bank hesabından həmin dövrlərə dair çıxarışlar, iddiaçının məlumatlarının səhvən adına işlənilmiş digər sığortaolunan(lar)ın 2006-2011-ci illərdə həmin sığortaedəndə əmək fəaliyyətinin olubolmamasına dair arayış, hər hansı sənəd olmadığı halda isə səbəbi qeyd olunmaqla) tam və düzgün şəkildə müşayiətedici məktuba əlavə olunmaqla sığortaedən tərəfindən Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edildiyi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli e-2(009)- 1919/2023 nömrəli qətnaməsinə əsasən sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənildikdən sonra müraciətə baxılacağı qeyd edilmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb edilsə də, iddiaçı barədə tələb olunan məlumatları vaxtında və dürüst təqdim etmək vəzifəsi olmasına baxmayaraq işdə iştiraklarını təmin etməmiş, tələb olunan məlumatları təqdim etməmiş və mübahisənin müsbət həlli üçün heç bir təşəbbüs göstərməmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixli məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaq iş üzrə 3-cü şəxs "xxxx" MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişinin olduğu poçt zərfi “işləmir” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qızı) X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu almışdır. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2021-ci il tarixdən, 62 yaşından əmək pensiya təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövdə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqlarının aşkarlanmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçı xx xxx 1959-cu il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 62 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının iş stajı 25 ildən azdır. Ona görə də hazırki işdə iddiaçının tələbinin təmin olunması üçün onun 62 yaşının tamam olduğu tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) “Sosial sığorta haqqında” Qanunun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 11-ci maddəsinə əsasən sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. 4.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)- 1919/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının Fonda ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qətnamə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilərək iddiaçının xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun göndərdiyi hesaba ödənilmişdir. Belə ki, işdə olan qəbzin surətinə əsasən 1051 AZN (köçürüləcək məbləğ 1049,73 AZN, komissiya məbləği 1,05 AZN) AZ36CTRE******************** nömrəli hesaba ödənilmişdir. Apelyasiya baxışı zamanı sözügedən qətnamənin icrası ilə bağlı icraat məlumatlarının məhkəməyə təqdim olunması barədə Səbail rayon İcra və probasiya şöbəsinə sorğu verilmiş və həmin məlumatlar aidiyyatı orqan tərəfindən məhkəməyə göndərilmişdir. Həmin məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X8 xx.xx.2024-ci il tarixdə icraatına daxil olmuş Bakı Şəhər Səbail Rayon Məhkəməsinin e- 2(OO9)-1919/2O23-O2O nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini nəzərdən keçirərək İddiaçı 01.08 2005-ci il tarixindən xx.xx.2011-cı il tarixinə qədər işlədiyi dövrə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi və həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan 07 mart 2024-cü il tarixli 12039/24-16-15 saylı məktubu ilə icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinə göstərilən dövrə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün müvafiq bank rekvizitlərinin göndərilməsi xahiş olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün bank rekvizitləri icra şöbəsinə göndərilmişdir. B1. Benefisiar alan müştəri Kodu: 210005, VÖEN:**********, MH:AZ41NABZ0136**********3944, S.W.İ.F.T BİK CTREAZ22, B2 alan müştəri Adı: Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı H/H AZ36CTRE********************, VÖEN:**********. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmə qərarının icrası ilə bağlı DSMF-nun müvafiq icra şöbəsinə təqdim etdiyi məlumatlar əsasında ödənilməli olan 1051 AZN (köçürüləcək məbləğ 1049,73 AZN, komissiya məbləği 1,05 AZN) məktubda göstərilən məhz AZ36CTRE******************** nömrəli hesaba köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesablarında əks olunmamışdır. Yəni, məcburi dövlət sosial sığorta haqları hesablanılıb, ödənilib, lakin sığortaolunan haqqında məlumatlar (Forma B3) təqdim olunmadığından iddiaçının əmək pensiyası tam hesablanıb ödənilməmişdir. Lakın sonradan sığortaedən "xxxx" MMC tərəfindən 1049,73 AZN Dövlət Sosial Müdafiə Fondunun özünün göstərdiyi bank hesabına köçürüldüyü üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün yaranmış maneə aradan qaldırılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməsi, habelə məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) göndərilməsinə nəzarət iddiaçının deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsidir. Belə ki, "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilənə qədər (1 yanvar 2019cu il tarixədək) məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirdi. Odur ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövdə iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqlarının aşkarlanmaması iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Bu baxımdan iddiaçıya 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2025 saylı 18 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2944/2025 saylı 18 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar