Məhkəmə qərarları › İş №2-1(103)-2165/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2165/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2165/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X13, üçüncü şəxs “Gəmitəmirçisi” bağçılıqyoldaşlıq cəmiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti) “dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-2699/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ona ayrılmış ümümi sahəsi 0.05 ha olan Z-3 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhər X16 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci tarixli, 16/358 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. O, həmin bağçılığın üzvüdür. Bağçılıq yoldaşlıq idarə heyətinin 05 aprel 1993-cü il tarixli protokolundan görünür ki, X14 bağçılıq yoldaşlığı üzvlüyündən öz ərizəsinə əsasən çıxmış və onun bağçılıq yoldaşlığına üzvlüklə bağlı müraciəti təmin edilmişdir. İddiaçı ümümi sahəsi 0.05 ha olan Z-3 saylı bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün o cavabdeh orqan DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsi 21 Fevral 2021 tarixli **********08 saylı və 24 avqust 2021 il tarixli **********86 saylı məktubları ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda ona bildirilmişdir ki, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələr, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Halbuki bütün sənədlər qaydasındadır və lazımi qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********40 №li xx.xx.2021-ci il tarixli iddia ilə bağlı yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçisi" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/21 saylı, xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bununla bağlı İddiaçı **********08 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-2699/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin xx.xx.1993-cü il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən və ümumi sahəsi 0,05 ha olan İddiaçı ayrılmış Z-3 bağ torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş “Qeyri-Kommersiya Hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında” Şəhadətnamənin surətindən müəyyən olunur ki, “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti 02 noyabr 2017-ci il tarixdə 1117-QK7- 0052 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş “X1 Reyestrindən Çıxarış”ın surətindən müəyyən olunur ki, “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin fəaliyyət ərazisi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y; fəaliyyət predmeti və məqsədi isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın ərazisində üzvlərə ayrılan torpaq sahələrində bağçılığın inkişafını təmin etməkdən ibarətdir, qanuni təmsilçi X7r. “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən BY-68A №-li xx.xx.2021-ci il tarixli çıxarışla verilmiş “Gəmi Təmirçisi” bağçılıq yoldaşlığının idarə heyətinin xx.xx.1993cü il tarixli protokolundan çıxarışından müəyyən olunur ki, Bağçılıq Yoldaşlığının üzvü X5 bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması barədə ərizəsinə və İddiaçı “Gəmitəmirçisi” BY-na üzv qəbul edilməsi məsələsinə baxılaraq aşağıdakılar qərara alınmışdır; X5 ərizəsinə əsasən “Gəmitəmirçisi” BY-nin üzvlüyündən çıxarılsın və bağ sahəsinin üzərində olan bütün hüquqları etibarsız hesab edilsin. İddiaçı ərizəsinə əsasən “Bağçılıq Yoldaşlığına üzv qəbul edilsin və Z-3 (0,05 ha) saylı bağ sahəsi onun istifadəsinə verilsin. “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”nın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Həsənov X8yoldaşlıq Cəmiyyətinə üzv qəbul olmuş və ona Hövsan qəsəbəsində sahəsi 0,05 ha olan Z-3 saylı bağ torpaq sahəsi ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının sağ tərəf bağ sahələrinin situasiya planının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Gəmitəmirçisi” BYC-nin sahəsində yerlşən Z-3 saylı bağ sahəsinin istifadəçisidir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən Z-3 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəyə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı İdarəyə daxil olmuş Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadından xx.xx.2019-cu il tarixdə şikayət verilmişdir və qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı barədə məlumat yoxdur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********86 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan bağ massivi ünvanında yerləşən Z-3 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciətinə təkrar baxılmışdır. Qeyd edilən məsələ ilə bağlı müraciətinə xx.xx.2021-ci il tarixli **********08 nömrəli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan irad aradan qaldırılmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7723/2018 saylı və xx.xx.2021-ci il tarixli 2(004)-7723/2018 saylı məktubları ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7723/2018 saylı qərardadı ilə, şikayətin qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7723/2018 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə aşağıdakı kimi izah verilməsi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən “Gəmi təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi qət edildiyindən, həmin hissədə qətnamənin icrası ilə bağlı Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərinin qəbul edilməsi zamanı bütün dövlət qurumları (orqanları) və eləcə də, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yalnız Dövlət qeydiyyatından keçən “Gəmi təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənmiş sənədlərin etibarlı sayılaraq qəbul edilməsi başa düşülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-(103)-6288/2021 saylı qətnaməsi ilə, “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin sədri X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini və X15 üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh X10 qarşı “xx.xx.2010-cu il tarixli protokolun ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X2 apellyasiya şikayətinə əsasən işə baxılaraq, maraqlarına toxunan şəxs X2 apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********41 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 0,05 hektar torpaq sahəsi olan Z-3 saylı bağ sahəsinin ayrılmasına dair sənəd, həmçinin xx.xx.1993-cü il tarixli protokol arxiv qovluğunda aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan siyahının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********41 saylı məktubu ilə təqdim olunmuş b\y birliyinə aid siyahıda X5 adı 93-cü sırada qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadının məhkəmə araşdırması zamanı qeyd olunan iş üzrə mübahisənin qanuni əsaslarla iddiaçıya ayrılmış bağ torpaq sahəsinin qeydiyyata alınmasına heç bir aidiyyatı yoxdur. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmasa da, cavabdeh orqan tərəfindən təqdim olunmuş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəlki sahibi olan və daha sonra həmin torpaq sahəsinin iddiaçıya ayrılması ilə əlaqədar bağçılıq yoldaşlıq təsərrüfatının üzvülüyündən çıxarılmış X5 adının qeyd olunduğu müəyyən olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddiaya etirazın dəlilləri ilə üst-üstə düşür. Bundan başqa, apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, “Gəmi Təmirçisi” bağçılıq yoldaşlığının idarə heyətinin xx.xx.1988-ci il tarixli protokolundan çıxarışla X11 ərizəsinə əsasən “Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və O-15 (0.05 ha) saylı bağ sahəsi onun istifadəsinə verilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən sahəsi 0.05 ha olan “Gəmitəmirçisi” b/y-nın O-15 saylı bağ sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Gəmi Təmirçisi” bağçılıq yoldaşlığının idarə heyətinin xx.xx.1990-cı il tarixli protokolundan çıxarışla X17 ərizəsinə əsasən “Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və Z-01 (0.05 ha) saylı bağ sahəsi onun istifadəsinə verilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən shəsi 0.05 ha olan “Gəmitəmirçisi” b/y-nın Z-01 saylı bağ sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümümi sahəsi 0.05 ha olan Z-3 saylı torpaq sahəsinə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-2699/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar