Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2165/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106 ş nömrəli bağ torpaq sahəsinin 0,0175 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşdüyünə görə ona 30.000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsi 01 iyun 2005-ci il tarixdə 35014 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmişdir. Hazırda həmin bağ sahəsi onun mülkiyyətindədir. Həmin bağ torpaq sahəsinin 0,0175 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşmüşdür. 1 saylı Ərazi İdarəsi bağı mülkiyyətinə verərkən torpaq sahəsinin 1 sotunun hazırkı bazar qiymətini 10000 manat dəyərində qiymətləndirmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bu tip işlərdə alan orqan qismində Agentlik tərəfindən avtomobil yolunun tikintisi ilə bağlı işlər həyata keçirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq alınmanın təsiri altına düşən torpağın kimə məxsusluğunu müəyyən etmək məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə və ya onun aidiyyəti qurumuna müraciət edilir. Komitənin müvafiq qurumunda olan göstəricilər əsasında və baza məlumatlarında torpağın mövcud mülkiyyətçisi və ya sahibi barədə məlumatlar müəyyən edilməklə alan orqana məlumat verilir. Həmin məlumatlar əsasında alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiyanın ödənişi alan orqan tərəfindən həyata keçirilir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Agentliyə ünvanladığı müvafiq məktubunda qeyd olunmuşdur ki, iddiaçının adına daşınmaz əmlak aşkar edilməmiş və həmçinin, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus daşınmaz əmlakın tikinti sahəsinə düşməsi təsdiq olunmamışdır. İş materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçının kompensasiya tələbinə görə istinad etdiyi Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi keçmiş X1 və İstismarı Birliyinə aid əraziyə aidiyyəti yoxdur və iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsi dövlət torpağıdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması qərara alınmışdır. İddiaçının iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsinin planı və təsviri hazırlanmamış, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməmiş və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. İddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmiş, ona məxsusluğu və ya hər hansı hüquqi bağlılığı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməmiş, beləliklə, iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcüd deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə tam sübuta yetirilir ki, mübahisələndirilən torpaq sahəsi X1 və İstismarı Birliyinin 35014 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərarı ilə tam sübuta yetirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı 0,12 ha olan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəylə tam sübuta yetirilir ki, onun istifadəsinə verilən sahəsi 0,12 ha olan 1106ş saylı bağ sahəsinin 175 kv.m hissəsinin faktiki 32,0 kv.m hissəsi yola və yolun səki hissəsinə düşür. Qalan 143,0 kv.m. hissəsindən isə yolun işıqlandırılması üçün quraşdırılmış elektrik dirəklərinə gedən yeraltı elektrik xətləri keçir. İş materialları ilə tam sübuta yetirilir ki, məhkəmə qərarı ilə 0,12 ha bağ torpaq sahəsinə çıxarış verilməsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsə də, cavabdeh həmin torpaq sahəsindən yol çəkərkən torpağın 175 kv.m. hissəsi yol və səkiyə eyni zamanda yolun işıqlandırılması üçün elektrik dirəkləri quraşdırdığına görə, yəni cavabdehin təqsirindən 175 kv.m. sahəsinə çıxarış verməkdən imtina etmişdir. Yuxarıda göstərilən halları qanunda göstərilən tələb üzrə düzgün qiymətləndirmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Məhkəmənin təsdiq etdiyi maddi hüquq normaları məhkəmənin gəldiyi nəticənin əksini tələb edir. İstifadəsində olan və məhkəmə qərarına əsasən mülkiyyətinə verilən 175 kv.m torpaq sahəsindən məhrum olmağına baxmayaraq, məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, işin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı, 0,1025 ha bağ sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən Novxanı-Pirşağı-Sahil yolu avotomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində mübahisəli ərazidən yol çəkilmişdir. İddiaçı iddia edir ki, mülkiyyətində olan torpaq sahəsinin 0,0175 ha hissəsi yolun altına düşdüyündən həmin hissəyə görə cavabdeh ona 30000 manat kompensasiya ödəməlidir. Cavabdeh isə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənəd təqdim etməməsinə, təqdim edilən bağların icarə müqaviləsinin müddətinin bitməsinə istinad edərək iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi mülkiyyət hüququna dair sənədə əsasən onun mülkiyyətində deyildir. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1925/2018 saylı, 11 may 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyinin 35014 saylı, 01 iyun 2005-ci il tarixli müqaviləsinə əsasən ayrılmış Novxanı bağlar sahəsində ölçüsü 0,12 ha torpaq sahəsi olan, 1106ş saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla, torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 05 iyul 2024-cü il tarixli məktubla cavab verilərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1925/2018 nömrəli, 11 may 2018-ci il tarixli qərarının icrası ilə bağlı bütün inzibati icraat materialların surətləri təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, İddiaçı adına qeydə alınmalı olan Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyinin 35014 saylı, 01 iyun 2005-ci il tarixli müqaviləsinə əsasən ayrılmış Novxanı bağlar sahəsində ölçüsü 0,12 ha 1106ş saylı bağ sahəsinin 175,0 m2 hissəsi yeni çəkilən yola düşdüyündən sahə faktiki olaraq 1025,0 m2 təşkil edir. Bu səbəbdən də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1106ş saylı bağın sahəsi 1025,0 m2 olaraq, İddiaçı adına qeydə alınmaqla buna dair reyestrdən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, torpaq sahəsinin ümumi sahəsinin 0,0175 ha təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,0175 ha olan 1106ş nömrəli bağ torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17500,00 (0,0175x10000 man) manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona kompensasiya ödənilməsindən ibarətdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsaslarını müəyyən edir ki, onlardan biri də, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyinin yaranmasıdır. Həmin Məcəllənin 81-ci maddəsi isə torpaqdan istifadəyə və icarəyə xitam verildikdə, torpaqda aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəçiyə və icarəçiyə ödəmək öhdəliyini müəyyən etmişdir. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının hüququna müdaxilə onun qanuni istifadəsində olan torpaq sahəsinin alınması qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Əmlakın bazar qiyməti müəyyən edilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,0175 ha olan 1106ş nömrəli bağ torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17500,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, 17500 (on yeddi min beş yüz) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, İddiaçı 17500 (on yeddi min beş yüz) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi» barədə iddia tələbi qismən təmin edilsin. İddiaçı 17500 (on yeddi min beş yüz) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2165/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2165/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver