Məhkəmə qərarları › İş №2-1(103)-2165/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2165/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2165/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı “icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi və bununla əlaqədar vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı icra sənədinin itirilərək 23 il ərzində icra edilməməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi, bununla əlaqədar ona vurulmuş 55859.42 məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı qətnaməsi ilə Azərbaycan Dəmiryolu İdarəsindən 68556000 manat (13711,20 AZN) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.1999cu ildə qanuni qüvvəyə minmiş və icrası üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, həmin məbləğ icra şöbəsinin təqsirindən 1999-cu ildən ödənilməmiş qalmış, yalnız 2023-cü ildə ödənilmişdir. Belə ki, müraciəti əsasında Bakl Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı icra sənədinin dublikatı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş, şöbənin icra məmuru Azər Heydərov tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakl Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi 23 il ərzində icra edilməmişdir. 2023-cü ilin 14 aprel tarixində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qanuni qüvvəyə minmiş qətnamə ilə tutulmalı pul məbləğinin indeksasiya edilərək 55859.42 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qətnaməsi 23 il ərzində icra olunmamış qalmışdır. Dövlət Statistika Komitəsinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, 2022-ci ilədək istehlak indeksi 1999-cu ilə nisbətən 407,4 faiz təşkil edir. Bu da məhkəmə qətnaməsi icra edilmədiyi müddət üçün inflyasiya məbləği 55859.42 manat təşkil edir. Hesab edir ki, həmin məbləğ ödənilmədiyi təqdirdə qətnamə icra olunmuş hesab olunmamalıdır. Nə qədər ki, aradakı fərq məbləğ ona ödənilməyib, bu iş üzrə icraata xitam verilə bilməzdi. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)-166/2023 saylı qərardadı ilə onun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Dəmiryolu İdarəsindən 13711.20 manat alınıb ona ödənilməsi barədə 26 noyabr 1999cu il tarixli qətnaməsinin qanunla müəyyən edilmiş müddətdən 23 il keçdikdən sonra 2023-cü ildə icra edilməsinə görə həmin pul məbləğinin indeksasiya edilib "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən məhkəmə qətnaməsini icra etmədiyi müddət üçün inflyasiya məbləği 55859.42 məbləğində pulun alınıb ona ödənilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardadda göstərilir ki, icranın gecikdirilməsi cavabdeh təşkilatın təqsirindən deyil, icra sənədi Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən itirilməsinə görə olmuşdur. Məhkəmə bildirmişdir ki, borcun indeksasiyası icra məmuru tərəfindən edilməlidir. Qətnamənin icra şöbəsi tərəfindən icra edilmədiyi müddət üçün kompensasiya tələbi əsaslıdır. Belə ki, məhkəmənin ona pul ödənişi barədə icra sənədi itirilmiş və 23 ildən sonra icra edilmişdir. Həmin müddətdə xeyli inflyasiya olmuşdur və o, zərər çəkmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 1999-cu il tarixli 2(006)-1079/1999 saylı icra sənədinin 23 il ərzində icra edilməməsi ilə əlaqədar ona vurulmuş 55859.42 məbləğində maddi ziyanın ödənilməsini xahiş edir. Lakin iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə müraciət etməsinə dair hər hansı sübut (poçt qəbzi və s.) təqdim etməmiş və məhkəmə iclasında verdiyi izahat ilə də bunu təsdiq etmişdir. Beləliklə, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmçinin məhkəmə kollegiyası iddiaçıya iddianın qeyri-mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun istisna edilmədiyini izah edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar